9 Sentyabr 2022 21:14
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ilk növbədə qanunsuz olaraq bizim ərazimizə daxil olub. Biz də onu ölkə ərazisinə daxil olan terrorçu kimi qiymətləndirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları Vardanyanın ölkə ərazisinə qanunsuz daxil olduğunu rəsmiləşdirib, onun “qırmızı bülletenlə” axtarılmasını təmin etməlidir. Eyni zamanda onun Ermənistanda hansı niyyəti olduğu bizi qətiyyən maraqlandırmır. Konkret fakt odur ki, o,Azərbaycan ərazisinə qanunsuz olaraq daxil olaraq təxribatçı, separatçı, terrorçu fəaliyyətlə məşğul olur.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Partiya sədrinə görə, məsələyə elə məhz bu çərçivədə başlamaq lazımdır: “Onun bizim ərazimizdə görəcəyi “işlərlə” bağlı təhlili sonraya qalsın. Kiminsə Qarabağda hansısa layihə həyata keçirməsi qeyri-mümkündür. Qarabağda layihəni ancaq Azərbaycan dövləti həyata keçirə bilər. Dövlətimizin iradəsindən kənarda kiminsə layihə həyata keçirməsi yolverilməzdir. Ona görə də, bu məsələdə konkret mövqe ortaya qoyulacaq. Bu məsələnin üzərinə daha sərt şəkildə gediləcək”.

Millət vəkili hesab edir ki, Vardanyanın burada diqqəti çəkmək məqsədi ilə atdığı addımlara ciddi nəzarət etmək lazımdır: “O, Qarabağda yaşayan erməni deyil. Vardanyan Qarabağa sadəcə olaraq təxribatçı fəaliyyətlə məşğul olmaq istəyən bir terrorçudur. İlk növbədə onun bu cür tanınması həyata keçirilməlidir. Daha sonra onun adının beynəlxalq terrorçu kimi qırmızı bülletenə salaraq beynəlxalq axtarışı təşkil edilməlidir. Məhz bundan sonra bu terrorçu-təxribatçı ərazimizdə qanunsuz hərəkətlərinə görə məhv edilməlidir. Bunun başqa bir adı yoxdur. O, necə elan edib Qarabağa gələ bilər? Bəs belə olan halda biz hara baxmalıyıq? Kimsə yerindən duran sabah gəlib deyəcək ki, “mən Qarabağda layihə həyata keçirmək istəyirəm”. Ona sual vermək lazımdır ki, ki, sən kimsən? Onun Azərbaycanın sərhədlərini necə keçdiyini aydınlaşdırmaq lazımdır. Bunu biz sorğu-sual etməliyk. Çünki bu, bizim özümüzdən asılı olan məsələdir. Əksinə buna adi məsələ kimi yanaşmaq olmaz. Rusiyadan sabah yenə kimsə gələcək ki, “mən vətəndaşlıqdan çıxıb Qarabağda “iş” görmək istəyirəm”. Belə bir halın baş verməsi mümkün deyil”.

Fazil Mustafanın fikrincə, bu məsələdə bizim addımımız önəmlidir: “Biz də bu addımı təcili atmalıyıq. Çünki sabah ABŞ-dan da bir milyarder işini-gücü atıb deyəcək ki, “gedirəm Qarabağda layihə həyata keçirməyə ...” Bunun ənənəyə çevrilməməsi üçün Vardanyanın fiziki olaraq məhv edilməsi vacibdir. Onun terrorçu kimi məhv edilməsi üçün əlimizdə kifayət qədər əsas var. Problemin yeganə çıxış yolu məhz budur. Qarabağ ermənisi kateqoriyasında olmayan istənilən adamın ərazimizdə qanunsuz hərəkətlərinə sərt cavab verməsək bu “hallar” çoxalacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər