9 Sentyabr 2022 17:05
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi partiyaların fəallığının artırılması və sağlam rəqabət mühitinin formalaşması üçün geniş imkanlar yaratmaqla yanaşı, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunduğunun növbəti təzahürüdür. Yeni qanun layihəsinin hazırlanması Azərbaycanda demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır. Şübhəsiz ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ölkəmizdə siyasi dialoqun təşviq olunmasına və konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsinə təkan verəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, artıq parlamentdə təmsil olunan bütün siyasi partiyalar yeni qanunun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət ünvanlayıb:

“Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət edib. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə göndərib. Həmçinin, qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında yerləşdirilib. Bu isə Ali qanunverici orqanın bu mütərəqqi qanunun qəbul olunması prosesində şəffaflığın təmin olunmasına, bütün siyasi partiyaların və cəmiyyətin fəal üzvlərinin prosesdə rahat iştirakını təmin etməyə çalışdığının əyani göstəricisidir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunmasına ehtiyacın zərurətdən yaranır. Bu gün ölkədə bütün istiqamətlər üzrə ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir. Azərbaycan Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparılır. Ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görülür. Eləcə də həyata keçirilən müxtəlif xarakterli dövlət proqramları cəmiyyətin bütün üzvlərini əhatə edir. Ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb. Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir. “Siyasi partiyalar haqqında” mövcud Qanunu 1992-ci il 3 iyun tarixində, 30 il bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də uyğun gəlmir və yeni dövrün yeni çağırışları ilə səsləşmir. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması olduqca labüddür”.

Tamam Cəfərova hesab edir ki, qanunun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə geniş istinad olunub:

“Layihənin hazırlanması zamanı 20-dən artıq ölkənin təcrübəsi, o cümlədən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, nəzərdən keçirilib. Bu faktın özü yeni qanunun beynəlxaq standartlara cavab verəcəyinin göstəricisidir. Eynio zamanda bütün siyasi partiyalara təkliflərini vermək üçün şərait yaradılıb. Milli Məclisin saytında yerləşdirilən layihə ilkin versiyadır. Qanunun ictimai müzakirəsi də keçiriləcək, Milli Məclisdə üç oxunuşda müzakirəyə çıxarılacaq. Şübhəsiz ki, yeni qanun layihəsi xüsusilə siyasi partiyalar arasında ciddi müzakirə olunur. 6 fəsil, 30 maddədən ibarət olan yeni qanun layihəsində dəyişikliklərin olması da gözlənilən və təbii bir prosesdir. Yeni qanun layihəsinin hazırlanması ölkədə insanların siyasi fəaliyyət azadlığı, plüralizm, dövlət, partiyalar və vətəndaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində atılmış mütərəqqi addımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər