10 Sentyabr 2022 13:45
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldı. Bu müddətdə Azərbaycana məxsus bütün tarixi, dini, mədəni abidələr Ermənisatn tərəfindən barbarcasına dağıdıldı, məhv edildi, özününküləşdirildi. Tarixi Azərbaycan ərazilərində olan abidələrin mahiyyətini dəyişmək üçün bir sıra cəhdlər edildi. İslam dəyərlərinə böyük zərbə vuruldu. Məscidlər, minarələr, dini ibadət ocaqları məhv edildi, mündarlandı, tövlə kimi istifadə olundu. Qədim alban irsinə aid olan xristian abidələri belə erməni vandalizminin qurbanı oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionunun işğal və buradakı bütün məscidlərin donuz və inək tövlələrinə çevrilməsinə UNESCO etinasız qalıb: “1990-cı illərin əvvəllərindən başlayaraq erməni silahlı qüvvələri işğal edilən Azərbaycan ərazilərində 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saraylar və muzeyləri məhv edib. Eyni zamanda 40 mindən çox muzey eksponatını qanunsuz olaraq talan edilib, mənimsənilib, qənimət kimi satılıb. Çox təəssüf ki, dünya xalqlarına məxsus olan mədəni irsin qorunmasına birbaşa maraqlı olan UNESCO tərəfindən bu hadisələrə adekvat reaksiya verilməyib”.

Millət vəkili hesab edir ki, Avropa Parlamentinin və UNESCO-nun əsassız olaraq Azərbaycanı azad etdiyi öz ərazilərində xristian abidələrinin taleyi üçün “narahatlıq” ifadə etməsi ikili standartlardan qaynaqlanan bir yanaşmadır: “Çoxmədəniyyətli və tolerant ölkə olan Azərbaycan öz ərazisində yerləşən bütün mədəni və dini abidələri qoruyur. Müsəlman, yəhudi və xristian abidələrinin qorunmasını təmin edilir. Misal üçün Qəbələ rayonunun Nic kəndində Müqəddəs Mariya alban kilsəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilməsi bunun bariz sübutudur”.

Sevinc Hüseynova 2007-ci ildə “Azərbaycana qarşı müharibə mədəni irsə hücumdur” adlı kitabın hazırlanıb UNESCO-ya təqdim edilməsindən bəhs edib: “Bu kitabda Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı göstərilib. Abidələrin erməniləşdirilməsi və alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi haqında bu kitabda geniş məlumat yer alıb. Amma çox təəsüf ki, UNESCO buna da reaksiya verməyib. UNESCO 44-günlük müharibədə Azərbaycanın qələbəsindən sonra regiona faktaraşdırıcı missiya göndərməyib. Dini və mədəni abidələr onların mənsubiyyətindən asılı olmayaraq qorunmalı olduğu halda UNESCO və bəzi siyasi dairələr açıq-aşkar ayrı-seçkilik nümayiş etdirir. Əslində isə UNESCO bu və ya digər dövlətlərin və dairələrin təsir alətinə çevrilməli deyil. Bu hal təşkilatın imicinə və müstəqilliyinə ciddi zərbə vurur. Çünki mədəni irsin qorunması bəşəriyyətin universal borcudur. Bundan da kimlərsə, siyasi məqsədlər üçün istifadə etməli deyil. Sözsüz ki, bu siyasi riyakarlığın və ikili standartların parlaq nümunəsidir. Görünür. Azərbaycanın qələbəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıq bir çoxlarını narahat edir və onlar bu reallıqla barışmaq istəmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər