13 Sentyabr 2022 09:55
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Ukrayna ordusu Xarkov vilayətini geri aldı, üstəgəl, digər istiqamətlərdə əks-hücum əməliyyatlarını davam etdirdiyi bildirilir. Bu gəlişmədən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Kiyevi danışıqlar masasına çağırdı. Kiyev isə dialoqdan imtina etdiyini açıqladı və döyüş meydanını göstərdi. Bu gəlişmə haqda fikriniz necədir: Rusiya məğlub olurmu?

- Xarkovda baş verən hadisələr Rusiya ordusu üçün gözlənilməz oldu. Təxminən 44 gün əvvəl Ukrayna rəhbərliyi, o cümlədən, Prezident Zelenski müəyyən etməyə başlamışdı ki, Ukrayna ordusu Xerson vilayətində - Cənubda əks-hücuma keçməyə başlayacaq. Buna görə də Rusiya ordusunun onlarla bölməsi və taktiki qrupları bu istiqamətdə yerləşdirilmişdi. Burada çox ciddi istehkamlar qurulmuşdu. Xarkovda da rusların gücləndirilmiş istehkamları vardı. Burada da Rusiyanın destant qüvvələri, Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları və s. vardı. Amma buradakı müdafiə istehkamları bircə eşalondan ibarətdi. İkinci eşalonda isə kimsə yox idi. Xersonda əməliyyat başlayan kimi Rusiyanın hərbi komandanı çox ciddi strateji səhvə yol verdi, Xarkovdakı qüvvələri çıxararaq bura gətirdi. Xarkovda qalan qüvvələrin əksəriyyəti isə yeni çağırışlardan ibarətdi, ömürlərində ilk dəfə idi ki, silah tuturdular. Həmçinin Donetsk və Luqanskdakı separatçı rejimin “səfərbərlik” adıyla küçələrdən tutub gətirdiyi, eyni zamanda, Rusiyadakı islah-əmək müssisələri və həbsxanalarda olan, döyüşəcəkləri təqdirdə məhbusluqları silinəcəyi vəd edilmiş adamlardı. Onlar ən yaxşı halda komendat xidmətində və ya blok-postlarda xidmətə yararlı ola biləcək şəxslər idi.

Ukrayna ordusu da həmin istiqamətdə ən hazırlıqlı qüvvələrini toplamışdı. Məhz bu səbəbdən rus ordusu Xarkovu sürətlə tərk edərək, Şimali Donetsk çayının sağ sahilində möhkəmlənə bildi. Daha doğrusu, ora qaçdılar. Beləliklə, Ukrayna ordusu rusların 123 gün ərzində çox ağır döyüşlərlə işğal etdikləri 8043 kvadrat kilometr ərazini cəmi beş günə azad etdi. İndi cəbhə xətti Şimalda Rusiyanın Belqorod vilayəti ilə sərhədə, Cənubda isə Lisiçansk və Severdonetsk şəhərlərinə qədər çatıb. Bu, Ukrayna ordusunun əks-hücumunun ilk fazasıdır.

Rusiyanın yenidən hücuma keçəcəyi iddia olunur. Bu, boş söhbətdir. Rus ordusunun əks-hücuma keçməsi üçün yaxşı hazırlanmış qüvvələri yox dərəcəsindədir. İkincisi, əks-hücum təşkil etmək üçün logistika və anbarlar lazımdır. Ukrayna isə həmin logistika və anbarları uzaqmənzilli sistemlərlə məhv edir. Rus ordusu son gəlişmələrdən sonra “Qisas” adlı əməliyyat keçirdi. Bu da mülki obyektlərin və istilik elektrik stansiyalarının sıradan çıxarılması ilə bağlıydı. Amma bu da nəticə vermədi. Rus ordusunun müharibənin ilk günlərində Ukraynanın ən böyük neftayırma zavodlarını vurmağa cəhd edərək, Ukrayna qüvvələrini yanacaqsız qoymaq səyləri də baş tutmamışdı. Ukrayna ordusunun hərbi texnikası hələ də işləyir və hərəkətdədir. Üstəgəl, Ukrayna “Lend Liz” vasitəsilə itkilərini çox asanlıqla və vaxtında kompensasiya edir.

- Bundan sonra nə baş verə bilər?

- Təbii ki, Ukraynanın Baş Qərargahının planlarından xəbərsizəm. Amma düşünürəm ki, Ukrayna ordusu Luqansk və Donetskdə əks-hücuma keçərsə, ciddi məğlubiyyətə uğrayacaq. Çünki Rusiya artıq orada eşalonlaşmış müdafiə xətlərinə malikdir. Amma çox güman ki, Xerson, Mariupol və Melitopol istiqamətlərində əks-hücum davam edəcək.

Danışıqlara gəldikdə, burada Rusiyanın bir məqsədi var: dialoq masasına əyləşərək, 2014-cü ildən bu ilin fevralın 24-dək davam etmiş status-kvonu qoruyub-saxlamaq, Donetsk və Luqanskdakı separatçı rejimlərin Kiyev tərəfindən qismən də olsa tanınmasına olsa nail olmaq, bu minvalla Qərb tərəfindən tətbiq edilən sanksiyaların ən ağır və mütəşəkkillərindən qurtulmaq və hərbi sənaye kompleksində istehsalı qismən də olsa bərpa etmək. ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın hərbi sənaye kompleksi iflic vəziyyətindədir. Qanadlı raketlərdən tutmuş, adi mərmilərə qədər ciddi çatışmazlıq var. Vəziyyət o yerə çatıb ki, özünü “dünyanın ikinci ordusu” adlandıran Rusiya Silahlı Qüvvələri gizli danışıqlarla İrandan PUA-lar, İordaniya və Hindistandan radioelektron mübarizə və radiolokasiya vasitələri, həmçinin tank əleyhinə sistemlər, Şimali Koreyadan isə müxtəlif çaplı mərmilər almaq məcburiyyətində qalıb. Bu, rus ordusu üçün çox biabırçı və rəzil bir durumdur.

Bir sözlə, bundan sonra Rusiyanın genişmiqyaslı müharibə aparmaq imkanları yoxdur. Fikir verin ki, fevralın 24-də müharibə başlayanda Rusiyanın təbliğat vasitələri “Ukraynanı iki günə alacaqlarını” deyirdilərsə, indi isə Ukrayna ordusunun çox güclü olduğunu və müharibənin çox geniş miqyasda davam edəcəyini bildirirlər. Yəni ritorika tam dəyişib.

Başqa bir məsələ isə budur ki, tərəflərdən heç biri qəti və sürətli hücuma keçmək imkanında deyil. Nə Rusiya, nə də Ukraynanın buna gücü var. Bundan sonra lokal – “yaralayıcı” əks-hücumlar olacaq, müəyyən yaşayış məntəqələri uğrunda döyüşlər gedəcək. Lavrovun təklifi də məhz bununla bağlıdır ki, Rusiyanın artıq əvvəlki kimi total, bütün cəbhə boyu hücuma keçmək imkanları yoxdur.

- Bəs Rusiya Ukraynanı məğlub edərsə və ya özü uduzarsa, nə baş verə bilər?

- Hesab edirəm ki, indi Ukraynada bütün postsovet məkanının geosiyasi taleyi həll olunur. Əgər Rusiya Ukraynanı məğlub edərsə, postsovet məkanında “Rus dünyası” adlanan ideyanın reallaşmasına başlanılacaq. Rusiyanın məqsədi SSRİ-ni bərpa etmək yox, maksimal dərəcə postsovet ölkələrinə öz “təsir orbiti”nə çəkməkdir.

Əgər rus ordusu Ukraynada məğlub olarsa, bu, postsovet məkanında Rusiyaya qarşı mərkəzdənqaçma prosesinin güclənməsinə və federasiyadan hansısa formada asılı olan forpostların ondan qopmalarına səbəb olacaq.

- Bəs rus ordusunun Ukraynadakı məğlubiyyəti bu müharibəyə əmr verən Vladimir Putinə nə vəd edir? Artıq ukraynalı ekspertlər son gəlişmələrdən sonra onun hakimiyyətdən uzaqlaşdırılmasını müzakirə edirlər.

- Təbii ki, məğlubiyyət heç vaxt heç kimə yaxşı nəsə vəd etmir. Putinin isə Rusiyadakı mövqeləri çox güclüdür. Məğlubiyyət olacağı təqdirdə isə onun hakimiyyətinə ciddi təhlükə görmürəm. Ukrayna ekspertlərinin bəziləri çox vətənpərvərdir, orada adekvat ekspertlər də var. Amma “Moskvanı alacağıq”, “Qiyam olacaq”, “Putin devriləcək” kimi ehtimallar inandırıcı gəlmir.

Putin hakimiyyəti öz vətəndaşlarının beyinlərinə yeridib ki, bu müharibə rus ordusu və hakimiyyətinə qarşı yox, Rusiya xalqına qarşıdır. Bu, çox yaramaz bir təbliğat şüarıdır. Həm Ukraynanın hakimiyyət dairələri, həm mediası, həm sosial şəbəkə seqmenti, həm də Qərb analitikləri əllərindən gələni edirlər ki, Putinin hakimiyyəti möhkəmlənsin. Çünki ukraynalılar sosial şəbəkələrdə Rusiyanın “qaniçən”, “işğalçı”, “donuz” adlandırırlar, bildirirlər ki, Rusiyanın şəhərləri bombalanacaq, bu, rus dünyası və Putinə qarşı bir savaşdır. Yəni ağına-bozuna baxmadan bütün rusiyalıları “işğalçı” adlandırmaq, onların hamısına vizaların verilməsini dayandırmaq üçün Avropa Birliyinə çağırış etmək, həmçinin Qərbdən “Rusiyanın parçalanması”na dair verilən mesajlar, təbii ki, Putinin hakimiyyətinin güclənməsinə və rus cəmiyyətinin onun ətrafında birləşməsinə çox ciddi təkan verir. Yəni qaş düzəltmək əvəzinə göz çıxarırlar.

- Sülh müqaviləsinin aktiv şəkildə gündəmdə müzakirə olunduğu vaxtda Ermənistan sərhəddə Azərbaycana qarşı təxribatlarını artırıb. Bəs bu təxribatların sifarişçisi kim və arxasındakı niyyət nə ola bilər?

- Bu təxribatların sifarişçisi və ssenari müəllifi bilavasitə Baş nazir Nikol Paşinyandır. Burada Rusiya, İndoneziya, Papua və Yeni Qvineya izlərini axtarıb, istədiyimiz qədər nəzəriyyət qura bilərik. Amma belə deyil. Bunun arxasında birbaşa Paşinyanın özü dayanır. Çünki Paşinyan həm erməni cəmiyyətində, həm Ermənistan daxilində, həm də erməni diasporunda “davacan”, yəni “xəyanətkar” kimi tanınır. Həmin çevrələrdə onun “Rusiya-Türkiyə Azərbaycan tandeminə uduzmuş” və “Bakıyla Ankaranın dediyini edən xəyanətkar” obrazı var. Paşinyan bu obrazı dağıtmaq və hakimiyyətini daha da möhkəmləndirmək üçün Ermənistan ordusunun var və Azərbaycan Silahlı Qüvvələrinə “adekvat cavab vermək iqtidarı”nda olduğunu göstərməyə çalışır. Məhz buna görə mövqelərimiz mütəmadi olaraq atəşə tutulur. Məhz buna görə Paşinyan ermənilərə mesaj verir ki, “mən sizin dediyiniz kimi deyiləm, “Bakı ilə danışıqlara getsəm də sizin mövqeyinizi qoruyuram” və s.

Populizm, məsələn, sosial şəbəkələrdə olarsa, bu, fərdlərin fikirlərinin izharıdır, amma populizmə dövlətin başında duran şəxs yol verirsə, bu, artıq revanşizm və aqressiyaya cəhddir. Təbii ki, Azərbaycan ordusu buna adekvat cavab verir, verib və bundan sonra cavablarını daha fərqli edəcək. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov keçirdiyi əməliyyat müşavirəsində də məhz bu sözləri dedi.

- Bu günlərdə ABŞ-Ermənistan təmaslarının sıxlaşması da diqqətdən yayınmır. Ermənistan müdafiə naziri Suren Papikyan bir həftəyə yaxın Vaşinqtonda oldu, müxtəlif səviyyələrdə görüşlər keçirdi. Sizcə, İrəvan və Vaşinqton nə planlaşdırır?

- Onlar heç vaxt bir-birindən uzaqlaşmayıblar, həmişə yaxın olublar. Söhbət Amerikanın bəzi ştatlarında yaşayan ermənilərin ciddi diaspor formalaşdırmasından, ABŞ Konqresi və Senatında ermənipərəst və ermənilərin pulları ilə “ermənidən artıq erməni olan” konqresmen və senatorlardan, yaxud Nümayəndələr Palatasının “erməni korpusu”ndan getmir. Söhbət ondan gedir ki, ABŞ nəyin bahasına olur-olsun, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa və idarə etməyə çalışırlar. Yəni buyuruq qulu və marionet etməyə. Buna görə də ABŞ çalışır ki, Ermənistan Azərbaycan qarşısında ifrat zəif duruma düşməsin. Çünki zəif Ermənistan Amerikanın maraqlarına cavab vermir.

ABŞ Ermənistan vasitəsilə həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm də İrana qarşı təsir etməyə çalışır. Buna görə də ABŞ müxtəlif otaqlardan, kabinetlərdən, hətta paltardəyişmə otaqlarından bəyanatlar verir ki, “Minsk qrupu” bərpa olunmalıdır. ABŞ bilir ki, bu kimi bəyanatlar Azərbaycanı qıcıqlandırır. ABŞ onu da bilir ki, Papikyan, yaxud “digər yan”ın Vaşinqtona səfəri Rusiyanı qıcıqlandıracaq. ABŞ onu da bildirir ki, bölgədə sülhməramlı prosesə yönəlmiş addım Türkiyənin də maraqlarına ziddir. Yəni Vaşinqton bütün bunları qəsdən, bilərəkdən edir. Bundan sonra da çalışacaq ki, Ermənistan vasitəsilə bölgədə stabilliyin qorunması istiqamətində məhz o aparıcı rol oynasın və yeri gələndə müxtəlif vasitələrlə bölgə dövlətlərinə təzyiq etsin.


Müəllif: Mənsur Rəğbətoğlu