15 Sentyabr 2022 11:00
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Son günlərdə Ermənistanın Azərbaycana qarşı təxribatları intensiv xarakter alıb. Atdığı addımlar baha başa gəlsə də, düşmən dayanmaq bilmir. Sizcə, vəziyyəti bu yerə gətirən əsas səbəblər nələrdir?

- Əslində, vəziyyətin bu yerə gəlib çatacağını Ermənistanın son davranışları və Rusiyanın verdiyi bəzi açıqlamalar özündə ehtiva edirdi. Brüsseldəki son görüşdən sonra vəziyyətin gərginləşdiyini gördük. “Rus sülhməramlıları”nın müvəqqəti yerləşdikləri ərazilərdə müəyyən gərginlik oldu, sərhədin müxtəlif istiqamətlərində təxribatlar törədildi. Bütün bunlar göstərir ki, Brüssel prosesində hansısa bir anlaşmanın olması ehtimalını Moskva həzm etmək istəmir. Çünki Brüsseldə iki məsələ ilə bağlı qərar verilmişdi. Birincisi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya qurulmalıydı. İkincisi, sülh müqaviləsinin hazırlanması ilə bağlı komissiya işə başlamalıydı.

Ermənistan rəsmilərinin Moskva səfərləri və Paşinyanın Vladivostokda Putinlə görüşündən sonra bu təxribatların baş verməsi bir daha onu deməyə əsas verir ki, iki ölkə arasında, ümumən Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələr var. Fikrimcə, bu qüvvələrin başında da Kreml dayanır. Çünki Cənubi Qafqazda davamlı sülh Rusiyanın bölgədəki təsir rıçaqlarını önəmli dərəcədə azalda bilər.

Başqa bir məsələ budur ki, bu, qlobal bir oyunun tərkib hissəsidir. Azərbaycanla Avropa Birliyi arasında böyük qaz sazişinin imzalanması mərasimi oldu. Azərbaycanın qaz kəmərləri gələcəkdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Söhbət təkcə Azərbaycanın təbii resurslarından getmir. Söhbət bəzi qonşu ölkələrin gələcəkdə bu xətlərə qoşulması perspektivlərindən də gedir. Təbii ki, bu da Avropa və Rusiya arasında davam edən enerji müharibəsində Moskvanı qıcıqlandıran amillərdən biridir.

Rusiya Ermənistan və Azərbaycan arasında müharibə ehtimalının qaldığını dünyaya göstərməklə, bu enerji xətlərinin təhlükədə olduğu mesajını da vermək istəyir. Ermənistanla sərhəddəki Tovuz rayonundan keçən bu xətlər bir atış məsafəsindədir. Bir sözlə, sərhəddə baş verənlər bir təxribat olmaqla yanaşı, həm də ondan xəbər verir ki, Ermənistanda qərarverməz mexanizm yekdil deyil. Müxtəlif maraq qrupları var, Rusiyadan əmr alanlar mövcuddur, daxildəki revanşist qüvvələrə simpatiyası olan hərbçilər var. Ermənistan ordusunun generallarının böyük əksəriyyəti “Qarabağ klanı”ndandır. Yaxud bu klana yaxın insanlardan ibarətdir.

- Ermənistan sülh masasından qaçır, bu azmış kimi təxribatçı addımlar da atır. Son gəlişmələrdən sonra hesab etmək olarmı ki, sülh müqaviləsinin imzalanması yönündə Brüsselin vasitəçiliyi ilə əldə edilmiş nəticələr sıfırlandı?

- Məncə, sıfırlama haqda danışmaq tezdir. Son gəlişmələrlə bağlı Şarl Mişelin də açıqlaması oldu ki, şəxsi nümayəndəsini Bakı və İrəvana göndərir. Yəqin ki, danışıqların yenidən bərpası və ya hansısa formada davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə ediləcək.

Noyabr görüşü də hələlik təxirə salınmayıb. Noyabda Brüsseldə yenidən Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında görüş nəzərdə tutulub.

- Təxribatçı tərəfin Ermənistan olmasına baxmayaraq, ABŞ-ın aşkar şəkildə təcavüzkarı dəstəkləməsi də diqqətdən yayınmır. Bundan əvvəl Ermənistan müdafiə naziri Suren Papikyanı bir həftə Vaşinqtonda saxlayan Ağ Ev nəyə nail olmaq istəyir?

- Zənnimcə, bu yöndə diaqnoz qoymaq hələ tezdir. Dünyada gedən proseslərə baxmaq lazımdır: ABŞ harada Rusiya varsa, onu oradan sıxışdırmaq istəyir. Cənubi Qafqazda da Rusiyanın ən güclü olduğu ölkə Ermənistandır. Ermənistanda hərbi bazaları var, iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır, kommunikasiya və enerji xətləri və sərhədləri onun əlindədir.

Yeri gəlmişkən, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. 44 günlük müharibədə onları dəstəkləmədi deyə, Ermənistanda Rusiyaya qarşı olan böyük bir kütlə də var. ABŞ erməni cəmiyyətinin bu münasibətindən istifadə edərək, Ermənistanı daha da yaxın çəkmək üçün müəyyən addımları atmağı düşünür.

Açıqlamaların ritorikası, dil və üslubu sülh quruculuğunun davam etdirilməsinə və atəşkəsin davamlı olmasına idi. Amma Ermənistandan yanaymış kimi görünən açıqlamaların da əsas səbəbi İrəvanı daha da yaxına çəkmək, yaxud Rusiyanın altından çəkib çıxarmaq səyləri ilə bağlıdır. Çünki Azərbaycanla Qərb və ya ABŞ arasında hansısa fikir ayrılığı yoxdur. Bir çox məsələlərdə fikirlər üst-üstə düşür. Eyni zamanda, Azərbaycanla Qərb bir çox böyük layihələrdə birgə addımlar atır.

Deməzdim ki, Rusiyanın Azərbaycana təsirləri yoxdur, amma Ermənistanla müqayisədə kifayət qədər azdır. Buna görə də, Amerikanın açıqlamalarını Ermənistanı daha da yaxına çəkmək cəhdləri kimi də qiymətləndirmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər