Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq, cəbhədəki məsələlərə belə düşmən mövqeyindən yanaşmaq ancaq xəyanətkarların işidir. Biz bu cür yanaşmaları 1990-cı illərin əvvələrində gördük və acı nəticələrini də xalqımız 30 il öz həyatında yaşadı. Görünür, yenə də Azərbaycanın güclənməsi, özünün təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməsi kimlərisə açıq şəkildə narahat edir.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədrinə görə, anti-milli qüvvələrin əsas narahatlığı Azərbaycanın güclənməsi fonunda Ermənistanın zəifləməsidir: “Artıq Ermənistanın forpost dövlət kimi aktuallığı üzə çıxır. Son hadisələr zamanı bir daha aşkar oldu ki, Ermənistan müstəqil dövlət deyil. Bu gün Ermənistan cəmiyyətində olan hadisələri analiz etsək, burada bir neçə qütbə bölünmüş qüvvələri aydın görmək olur. Erməni cəmiyyətində revanşistlər, qərbpərəstlər, ruspərəstlər və digər qruplaşmaların açıq mübarizəsi gedir. Sözsüz ki, düşmən dövlətin belə bir vəziyyətə salınmasında Azərbaycanın tarixi qələbələrinin çox böyük əhəmiyyəti var. Buna sevinmək əvəzinə Əli Kərimlilər, Cəmil Həsənlilər, Altay Göyüşovlar, Gültəkin Hacıbəylilər, Sevinc Osmanqızılar, Qənimət Zahid kimilərinin narahatlığı başa düşülmür. Onlara sual vermək lazımdır ki, sizin narahatlığınız nə ilə bağlıdır? Bu adamlar Azərbaycan vətəndaşıdır, bu qədər xəyanətkar mövqe tutmaq, murdarlıq etmək nəyə lazımdır? Adam öz dövlətinə qarşı niyə düşmən olmalıdır ki?..”
Ziyafət Əsgərov xatırladıb ki, Ermənistan bütün dünyanın gözü qarşısında 2020-ci il 10 noyabrda kapitulyasiya aktına imza atdı: “Amma neyləmək olar ki, dələduz bir dövlət olan Ermənistanın sözünə, imzasına heç bir etibar yoxdur. Bizim nə qədər ki, Ermənistan kimi məkrli qonşumuz varsa, hər zaman müharibəyə, təxribatlara da adekvat olmalıyıq. Sentyabrın 12-dən başlanan erməni təxribatı bir daha göstərdi ki, Azərbaycan Ordusu hər zaman düşmənə cavab verməyə hazırdır və "Dəmir yumruq" yerindədir”.
Millət vəkilinin fikrincə, müxalifətin radikal qanadının Azərbaycan, millət, xalq əleyhinə olan yanaşması qəbul edilən deyil: “Hakimiyyətə müxalif olmaq qəbahət deyil. Amma müxalifət dövlətə, xalqa satqınlıq etməməlidir. Erməni pulu ilə Ermənistanı müdafiə etmək heç bir məntiqə uyğun gəlmir. Bu adamlar öz “çıxışları” ilə ermənilərdən daha çox irəli gediblər”.