17 Sentyabr 2022 09:05
1 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elşən Manafov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana gələcək. Bölgədə vəziyyətin gərgin olduğu vaxtda amerikalı spikerin İrəvanda nə işi ola bilər?

- Yəqin ki, Ermənistanla Azərbaycan arasındakı son gəlişmələr barədə Paşinyanın özündən eşitmək üçün İrəvana gəlir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanı təxribata çəkmək istəyən Ermənistan bu yöndəki son addımlarını da Qərbdən aldığı təlimat əsasında atmışdı. Çünki bölgədəki mövcud geosiyasi reallıq Qərbin maraqlarına uyğun gəlmir. Dəfələrlə demişik ki, bu geosiyasi reallıqla iki il əvvəl Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra yaranıb. Bu reallıq da ABŞ-ı, Fransanı və Avropa Birliyində təmsil olunan bəzi dövlətləri qane etmir. Azərbaycan dövlət başçısı İlham Əliyevin timsalında bəyan edir ki, Ermənistanla müzakirələrdə Qarabağ müzakirə obyekti ola bilməz, bu, ölkəmizin daxili işidir. Eyni zamanda, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqının etimadını doğrultmayan ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsinə heç bir ehtiyac yoxdur və Azərbaycan bundan sonra Qarabağ məsələsinin müzakirə edilməsinə ciddi ehtiyac duymur.

Buna baxmayaraq, ABŞ dövlət katibi Blinken Minsk qrupuna yeni həmsədr təyin edib. Həmin şəxs – Filip Riker Ermənistan tərəfindən qəbul olunur. Bunun ardınca – son təxribatlardan əvvəl Ermənistan müdafiə naziri Papikyan Penslivaniya və Pentaqonda məxfi görüşlər keçirir, beş gün orada ABŞ Müdafiə Nazirliyinin rəsmiləri ilə danışıqlar aparır. Maraqlıdır ki, Rikerin İrəvandakı, Papikyanın isə Pentaqondakı görüşlərindən sonra Ermənistan Azərbaycana qarşı bu addımları atır. Ermənistan bu addımları ilə Rusiyanı Ukraynadan sonra postsovet məkanının başqa bir bölgəsində - Cənubi Qafqazda ABŞ-la üz-üzə qoymaq istəyir.

Paşinyanın Bayden administrasiyasına bağlılığı artıq şübhə doğurmur. Bu adam vaxtilə Baydenə yaxın olan milyarder Corc Sorosun maliyyə dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlib. Məqsəd də Ermənistanı Rusiyadan qoparmaq və ya bu ölkədəki təsir dairəsini daraltmaqdır. Paşinyan hələ müxalifətdə olarkən deyirdi ki, Ermənistan KTMT-dən çıxmalıdır, Avrasiya Birliyində qalmağa heç bir ehtiyac yoxdur. Təbii ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın ölkəsinə ciddi təsir və təzyiq imkanlarının olduğunu nəzərə alaraq, bu addımları ata bilmədi.

Bütün hallarda son gərginliyin səbəbi Ermənistan və ona Qərbdən havadarlıq edən bəlli dairələrdir. Eyni zamanda, Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə qatılmasından imtina etməsi onun burada Azərbaycan, Rusiya, Türkiyə və KTMT-yə üzv digər dövlətlərin liderləri ilə üz-üzə gəlməkdən ehtiyat etməsindən irəli gəlirdi. İstisna etmirəm ki, bu sifariş də ona Qərbdən gəlib. Onu da istisna etmirəm ki, Qərb Rusiyanın Mərkəzi Asiyada da belə bir qarşıdurmaya çəkmək istəyəcək. Hesab edirəm ki, son zamanlarda Qırğızıstan və Tacikistan arasında yaşanan gərginlik və Əfqanıstandan Tacikistana artan silahlı müdaxilələr də Rusiyanın bu regiondakı təsir dairəsini zəiflətmək və ya daraltmaq istəyindən irəli gəlir.

- Hesab etmək olarmı ki, Pelosinin səfəri Bakıya, yoxsa Moskvaya ünvanlanmış mesajdır? Moskvaya ünvanlanıbsa, İrəvana hansı cavab verilə, yaxud ABŞ-ın Ermənistanı Rusiyadan qoparmaq cəhdləri nə ilə nəticələnə bilər?

- Pelosi Konqresdə şou, dünya miqyasında isə çaxnaşma yarada bilən siyasətçi kimi tanınır. Xatırlayırsınızsa, vaxtilə Konqresdə məhz onun təşəbbüsü ilə Donald Trampın impiçment edilməsi məsələsi gündəmə gəlmişdi. Bu mənada, Pelosinin Çinin haqlı narazılıqlarına baxmayaraq, Tayvana səfər etməsi və Asiyada gərginliyi artırmaq istəyi ABŞ-ın geosiyasətini istiqamətləndirən “Dərin dövlətçilik” və “Qızıl milyard” nəzəriyyələrinin əsas müəlliflərinin sifarişlərindən irəli gəlmişdi. Yəni Pelosi elə ciddi fiqur deyil ki, ABŞ-ın adından Çin kimi nəhəng bir dövlətə qarşı addım atsın. Hər halda Çinin qətiyyətli addımları bəlli dairələri daha da irəli getməkdən çəkindirdi.

Pelosinin İrəvana səfəri də həmin qlobal maliyyə dairələrinin Rusiyaya ismarışı kimi qəbul olunmalıdır. 2014-cü ildən bəri Qərbdən Rusiyaya qarşı 11 mindən çox sanksiya tətbiq olunub. Amma bu sanksiyalar həmin dairələrin gözlədiyi effekti vermir. Düşünürəm ki, verməyəcək də. Bəlkə də bu dairələr Rusiyanı yeni sınaqlara çəkməyə və ya müəyyən şərtlər daxilində onunla razılığa gəlməyə çalışırlar.

Digər yandan, ABŞ-ın əməkdaşlarının sayına görə dünyada ən böyük dördüncü səfirliyi İrəvandadır. Bu, MDB məkanında ən böyük ABŞ səfirliyidir. Bu, ABŞ-ın Ermənistana və onun Cənubi Qafqazdakı yerinə nə qədər önəm verdiyini göstərir. Gürcüstandan sonra Ermənistanda “məxməri inqilab”ın planlaşdırılması və bu prosesi Azərbaycan və Mərkəzi Asiyaya transfer etmək hələ illər əvvəl Bjezinski və Kissincerin cızdığı məlum layihələrdə öz əksini tapmışdı. ABŞ-ın xarici siyasətini müəyyən edən qlobal maliyyə dairələri bu istiqamətdə irəliləyirlər.

- Azərbaycana qarşı son təxribatlardan sonra İrəvanda Nikol Paşinyana qarşı etirazlar səngimək bilmir. Müxaliflər hər gün “İstefa” şüarları ilə küçələrə çıxırlar. İrəvandakı bu gərginliyin böyüməsi və daxili qarşıdurma riskinə çevrilməsi ehtimalı varmı?

- Əvvəla, nəzərə almaq lazımdır ki, Paşinyan Qərbin təmsilçisidir. Buna görə də onunla Kreml arasında bir məsafə var. Bu adam ilk gündən Rusiyanın Ermənistanla bağlı maraqlarına cavab vermir. Vaxtilə Qərb tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış indiki siyasi müxalifət isə Rusiya ilə bağlıdır. İstisna deyil ki, Ermənistanın Azərbaycana qarşı son təxribatlarında növbəti dəfə bu ölkədə şok effekti yaradıb. İki il sonra yenidən gələn məğlubiyyət Ermənistandakı bu şok effektinin miqyasını genişləndirir.

Əgər Ermənistan müxalifəti ona maliyyə və siyasi dəstək verə biləcək bəlli dairələrin sifarişi və istiqaməti ilə narazı elektoratın önəmli hissəsini Paşinyana qarşı qaldıra bilsə, o zaman İrəvanda hakimiyyət dəyişikliyi görə bilərik. Paşinyan vaxtilə bunu Sorosun pulları ilə etmişdi. Amma indiki halda Ermənistanda hakimiyyətin sivil və dinc yolla dəyişəcəyini demək tezdir. Çünki parlamentdə qüvvələr nisbəti böyük ölçüdə Paşinyan və onun tərəfdarlarının xeyrinədir. Amma onu da nəzərə alaq ki, Paşinyanın özü hakimiyyətə gələndə parlamentdə qüvvələr nisbəti indiki müxalifətin və ya o zamankı iqtidarın (Serj Sərkisyan rejimi – red.) xeyrinə idi. Bu mənada, həmin qüvvələr bəlli dairələrdən siyasi və maliyyə dəstəyi alsalar, Paşinyana qarşı lazım olan qədər narazı elektoratı küçələrə çıxara bilərlər. Amma bunun indi mümkün ola biləcəyini düşünmürəm.

İndiki məqamda erməni xalqı ayağa qalxacağı təqdirdə güc strukturları onun üzərinə getməyəcək. Çünki bu qurumların rəhbərlərinin də özlərinin layihələri və perspektiv planları var. Bütün hallarda indiki halda başlayan daxili qarşıdurma Paşinyanın xeyrinə bitəcək.

Paşinyanın ən böyük səhvi bundan əvvəl Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş 5 prinsip ətrafında manevr etmək istəyidir. Bu da Paşinyanı hakimiyyətə gətirən qlobal maliyyə dairələrinin istəklərindən irəli gəlir. Paşinyan müstəqil siyasətçi deyil. İlk baxışda İlham Əliyevin irəli sürdüyü məlum 5 şərtlə razı olsa da, Zəngəzur dəhlizinin açılması və digər məsələlərlə bağlı sözdə bir, əməldə başqa addımlar atması Paşinyanın bugünkü faciəsinin əsas səbəblərindəndir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər