19 Sentyabr 2022 14:14
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və burada vermiş olduğu absurd mesajlar heç bir məntiqə əsaslanmır. Hazırda regionda hökm sürən gərginlik fonunda bu cür açıqlamaların verilməsi heç də arzuolunan hal deyil. Hər zaman bölgədə özünün maraqlarını təmin etməyə çalışan ABŞ-ın indiki şəraitdə ortaya qoymuş olduğu mövqe qəbuledilməzdir. Bu mənada N. Pelosinin öz siyasi ambisiyaları naminə Ermənistanda səfərdə olarkən Azərbaycan əleyhinə səsləndirdiyi “bəyanatlar” qətiyyətlə pislənilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, N.Pelosinin lobbi maraqlarına xidmət edən fəaliyyəti qəti yolverilməzdir:

“Atılan addımlar, verilən bəyanatlar sadəcə olaraq regionda gərginlik yaratmaq üçün edilir. Bu cür mövqe sözsüz ki, ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflədir. Çünki 30 il Ermənistan tərəfindən əraziləri işğala məruz qalan Azərbaycan olub. Amma ABŞ başda olmaqla dünyanın aparıcı dövlətləri bu məsələ ilə bağlı konkret mövqe ortaya qoymayıb. 1992-ci ildə Xocalıda dinc azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin amansızlığı və vəhşiliyinin nəticəsi olaraq soyqırımına məruz qalıb. Çox təəssüflər olsun ki, dünyada özünü insan hüquq və azadlıqların təminatçısı kimi qələmə verməyə çalışan ABŞ bu məsələyə də münasibət bildirməyib. Məhz Ermənistanın işğal siyasətinin nəticəsi olaraq 20 faiz əraziləri təcavüzə uğrayan Azərbaycanın 30 il bir milyon vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olub. Bu fakta da indi haqlı-haqzsız axtaranlar seyrici mövqe sərgiləyib”.

Deputat bir müddət öncə Nensi Pelosinin Çinə provokativ və qızışdırıcı səfəri və həmin regionda vəziyyətin gərginləşdirilməsinə də diqqət çəkib:

“Bu səfər sözsüz ki, ABŞ-ın Cənubi Qafqaz regionunda itirilmiş nüfuzunu yanlış addımlar və gündəliklə bərpa etmək cəhdidir. Eyni zamanda burada başlıca məqsədin ölü qurum olaraq tarixin arxivinə göndərilmiş Minsk qrupunu dirçəltmək kimi absurd təşəbbüslər də var. Burada həmçinin N.Pelosinin səfərində ənənəvi ermənipərəst siyasəti də açıq görünməkdədir. Ermənistan üzərindən regionda müdaxilə etmək, ölü Minsk qrupunu bərpa etmək cəhdləri uğursuz strategiyadır. N.Pelosinin Ermənistan səfərində və onun sərgilədiyi davranışlarda səlibçi təfəkkürü də açıq şəkildə görünməkdə idi”.

Aqil Məmmədov bütün bunların fonunda Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirməsini də vurğulayıb:

“Bu mənada ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə verdiyi böyük əhəmiyyət daha çox diqqəti çəkir. Azərbaycanın təşkilata üzv ölkələrlə ikitərəfli münasibətləri bu mənada mühüm yer tutur. Sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizə beynəlxalq miqyasda verilən yüksək qiymətin göstəricisi idi. Sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirilib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub. Prezident İlham Əliyev sammitdə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişafından bəhs edib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Ölkəmizin həmçinin 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılmalıdır. Sammitdə dövlət başçısı tərəfindən cari ilin 12 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyi qeyd edilib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər