Hazırda bölgədə mövcud olan gərgin vəziyyət fonunda ABŞ və Fransanın davranışları, öz maraqları müstəvisində sərgilədikləri mövqe heç bir məntiqlə uzlaşmır. Demokratiya, insan hüquqları məsələsində iddialı mövqe sərgiləyən hər iki dövlətin ən azı son 30 ildə bu dəyərlərdən nə qədər uzaq olduğunun şahidi olmuşuq. 30 ilə yaxın Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünü pozdu. 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur edildi. Amma bu dövlətlər işğalçının mövqeyini müdafiə edib və Azərbaycanın pozulan hüquqlarına, mülki insanların amansızcasına öldürülməsinə səssiz qalıblar. 1992-ci ilin fevralında Xocalıda erməni qaniçənlərinin törətmiş olduğu Əsrin faciəsinə, soyqırımına bu günə qədər ABŞ və Fransadan hər hansı münasibət bildirilməyib.
Bunu Teleqraf.com-a ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və vermiş olduğu bəyanatlara münasibət bildirən millət vəkili Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən və bölgədə separatizmə, işğala son qoymasından sonra ABŞ və Fransanın bu faktdan narahatlıq keçirdiyi açıq aşkar özünü büruzə verir:
“Bu mənada Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı sonrası baş verən toqquşmanı gündəliyə gətirməsini və erməni təxribatına növbəti dəfə göz yumulmasını xüsusilə qeyd etmək olar. Bu faktdan sonra Azərbaycan ABŞ və Fransaya inana və etibar edə bilməz. Ona görə də hal-hazırda Fransa və ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel gündəliyini dəstəkləməlidir”.
Millət vəkili hesab edir ki, Fransa və ABŞ Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə imkan vermir:
“Avropa İttifaqının Prezidenti Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşmalar var. Hər iki dövlət Aİ-nin bu regionda vasitəçilik missiyasına mümkün qədər kölgə salmağa çalışır. Onlar eyni zamanda artıq ölü bir quruma çevrilərək tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunu da yenidən canlandırmağa cəhdlər edirlər. Digər tərəfdən isə Ermənistana əsassız ümidlər verirlər. Məhz 31 avqustda Brüssel görüşündə real nəticələrin əldə olunmaması bu “siyasətin” nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina edir və təxribatlara əl atır”.