Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini, səslənən bəyanatların mahiyyətini indiki həssas dönəm üçün necə şərh etmək olar?
- N.Pelosinin Ermənistana indiki həssas dönəmdə səfəri böyük bir təxribat idi. Bu cür yanaşmalar sülh prosesini getdikcə daha da uzaqlaşdırır. Ona görə də N.Pelosinin Ermənistana səfəri Azərbaycan-ABŞ münasibətlərinə də ciddi təsir göstərib. Bu təbii ki, erməni lobbisinin təsiri altında baş tutdu. Hətta Pelosinin səfərində ermənipərəst konqresmenlər deyil, məhz erməni konqresmenlər iştirak edib. Bu da o deməkdir ki, onlar erməni lobbisinin nümayəndlərini İrəvana gətirib. Amma ümumilikdə N.Pelosi erməni diasporasının səsləri üçün bu addımları atdı. Bu ilin noyabrında ABŞ Konqresinə seçkilər olacaq. Burada da Demokratların vəziyyəti çox ağırdır. Ona görə də belə bir dəstək üçün məhz təxribatçı addımlar atırlar. Biz artıq bunun bir neçə dəfə şahidi olmuşuq.
- Fransada prezidentliyə namizəd Valeri Pekresin də məhz seçki öncəsi Ermənistana, hətta qanunsuz olaraq Xankəndiyə səfəri olmuşdu. Nəticələri də hər kəsə bəllidir. N.Pelosinin də eyni aqibətlə qarşılaşması mümkündürmü?
- Bəli, Fransa prezidentliyinə namizəd Valeri Pekres də Ermənistana daha sonra isə qanunsuz olaraq Xankəndiyə gəlmişdi. O məhz Fransadakı seçki öncəsi absurd bəyanatlar verdi. Amma nəticədə seçkiləri də uduzdu və özü üçün daha böyük problemlər yaratdı. V. Pekres seçki öncəsi vermiş olduğu absurd vədlərin indi bəlasını çəkir. Bununla bağlı yığdığı vəsaitlərə görə məhkəmlərdən qurtula bilmir. Çünki o vədləri yerinə yetirmədiyinə görə topladığı vəsaitləri geri qaytarmalıdır. Eyni aqibəti N.Pelosi və onun komandası da yaşayacaq. Ola bilsin ki, Konqresə olan seçkilərdə N.Pelosi təkbaşına hansısa regionda üstünlük qazansın. Amma bu yığılmış və yığılacaq pulları sərf edə bilməcək. Erməni xalqını aldada-aldada yığılan bu pullarla heç nə etmək olmayacaq. Təəccüblüdür ki, ermənilərin özləri də buna hazırdırlar.
- Sizcə, Ermənistan üçün bu səfərin xeyrindən daha çox ziyan nə oldu?
- Burada faciə odur ki, bir tərəfdən N.Pelosi və bunun fonunda Kremllə olan münasibətlər, Avropa ilə əlaqələr, digər yandan isə İranın ətəyindən yapışmaları ermənilər üçün əlavə problemlər yaradacaq. İndiki vəziyyətdə ermənilərin kiminlə, hansı iqtiqamətdə inkişaf etmək niyyətlərini də başa düşmək olmur. Sadəcə olaraq indi Ermənistanın faciəsi daha böyükdür. Siz təsəvvür edin ki, Rusiyanı Ukrayna müharibəsində yeganə dəstəkləyən İrəvan indi Pelosini Ukrayna bayraqları ilə qarşılayır. Onlar indi özləri də başa düşmürlər ki, kimi aldadırlar? Bu əslində erməni xalqının faciəsidir. N.Pelosi və Konqresin erməni üzvləri kimi təxribatçıların əlində oyuncaq olan erməni xalqı reallıqdan çox uzaq düşüb. Nəticələr də sözsüz ki, onlar üçün çox pis olacaq. Sadəcə olaraq biz bu cür ikili standartlardan xəbərdarıq.
- ABŞ dövlət katibi Entoni Blinkenin Pelosinin məlum səfərindən dərhal sonra Prezident İlham Əliyevə zəng etməsi və ötən gün Nyu Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşü nəyə hesablanıb?
- Əslində amerikaların özləri də başa düşür ki, kim-kimdir. ABŞ Dövlət Departamenti N.Pelosi kimi təxribatçılardan daha məhsuliyyətlidir. Ona görə də səbirli olmaq lazımdır. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq qanun çərçivəsində hərəkət edir. Ölkəmiz özünü müdafiə edir və şəhidlərimiz var. Amma bütün bunların fonunda kim Azərbaycana hücum edəcəksə, cavabını da alacaq.
- Necə düşünürsünüz ABŞ-ın Qafqaz siyasətinə Pelosinin göz yaşları prizmasından baxmaq nə dərəcədə məntiqlidir?
- Nensi kimi siyasətçilərin göz yaşlarına, artistliyinə əsla inanmaq olmaz. Onun göz yaşlarının arxasında erməni diasporasının pulları dayanır.
- Azərbaycanın Fransada, Livanda və Gürcüstanda olan səfirliklərinə terrorçu, təxribatçı erməni qruplaşmalarının hücumları qeydə alındı. Bunları necə qiymətləndirirsiniz?
- Parisdə olduğum zaman bu məsəllərin canlı şahidi oldum. Bu onu göstərir ki, beynəlxalq qanunlardan danışanlar təəssüflər olsun ki, buna riayət etmir. Əslində Azərbaycan səfirliklərinə bu cür hücumlar özbaşına təşkil edilə bilməz. Sözsüz ki, biz heç kəsi, heç nədə ittiham etmirik. Amma görünən mənzərə ona dələlət edir ki, heç bir dövlət strukturu, polis, təhlükəsizliyə cavabdeh olan qurumlar bu prosesə qarşı deyildi. Ona görə də faktiki olaraq Azərbaycan səfirliyi azğınlaşmış ermənilərlə üz-üzə qalmışdı. Bu baxımdan məsələlərlə bağlı ciddi düşünmək lazımdır. Təhlükəsizliyə cavabdeh olan qurumların Azərbaycan səfirliyinə vandalların hücumu vaxtı yoxa çıxması suallar yaradır. Bu o deməkdir ki, bunlar daha çox düşünülmüş məsələlərdir. Azərbaycan Xarici İşlər nazirliyi bununla bağlı bəyanat verib. Biz də hər bir beynəlxalq tədbirdə qanundan danışan ölkələrin öz ərazisində qanunları qoruya bilmədiyi haqqında məsələləri qaldırmalıyıq. Çünki bu faktlar Vyana, Cenevrə Konvensiyalarına, beynəlxalq davranış qaydalarına ziddir. Bu bir daha onu göstərir ki, Azərbaycana qarşı düşünülmüş, planlaşdırılmış təxribatlar planı işə salınıb.