22 Sentyabr 2022 14:58
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün tarixi və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. İşğalçı Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmağa məcbur olub. Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe ilə bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid yaradan amil aradan qaldırılıb. Sözsüz ki, bundan sonra bu regionda sülhü pozmağa çalışan bütün qüvvələrə qarşı Azərbaycanın güclü iradəsinə əsaslanan sarsılmaz mövqeyi var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Millət vəkili Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan bayrağını qaldırmasının tarixi hadisə olduğunu bildirib:

“Sözsüz ki, Laçının uzun illər erməni işğalında qalması bizim üçün çox ağrılı idi. 1992-ci ilin mayında Laçın şəhərinin xəyanət yolu ilə düşmən əlinə keçməsi, şəhərin yandırılması Azərbaycan tarixinin ən acı səhifələrindən biri hesab edilir. Vətən müharibəsindəki tarixi qələbədən sonra Laçın kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsi sayəsində mümkün olub. Bu, tarixi hadisədir”.

Deputat qeyd edib ki, Laçın şəhəri də digər işğaldan azad edilən yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalıb:

“Ermənistan burada da qanunsuz məskunlaşma aparıb. Azərbaycanlılara məxsus tarixi-mədəni irsin talanmasını, oğurlamasını, mənimsənilməsi həyata keçirib. İşğalçı mahiyyətindən əl çəkməyən erməni tərəfi Laçını tərk edərkən də əraziləri minalayıb".

Aqil Məmmədov 30 il ərazində ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçın şəhərinin və digər Azərbaycan torpaqlarının erməniləşdirilməsinə göz yumduğunu söyləyib:

“Ona görə də bu gün Azərbaycan cəmiyyətində Minsk qrupu kimi təşkilatların heç bir nüfuzu, hörməti qalmayıb. II Qarabağ müharibəsindən sonra isə bu təşkilat birdəfəlik tarixin arxivinə göndərilib”.

Millət vəkili hesab edir ki, son təxribatlar fonunda Ermənistanın hələ də sülh istəmədiyi açıq görünür:

“Ermənistanda olan revanşist fikirlər müstəvisində bu ölkənin delimitasiya prosesindən mümkün qədər yayındığını da hər kəs görür. Əslində isə bu prosesin uzanması Ermənistan üçün növbəti faciələrə yol açacaq. Ona görə də erməni tərəfi qısa zamanda Azərbaycanla normal müstəvidə sülh prosesinə qayıtmalı, Zəngəzur dəhlizinin açılması istiqamətində ortada olan siyasi mövqeni düzgün qiymətləndirməlidir. Son təxribatlardan aldığı cavab da Ermənistana nəhayət ki, dərs olmalıdır. Bunun əksinə olacaq bütün hallar Ermənistan üçün daha ziyanlı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər