Prezident İlham Əliyevin Laçın şəhərində bayrağımızı qaldırması mühüm tarixi hadisə idi. 30 il erməni işğalında qalan Laçın şəhərinə onun əsl sahibləri qayıdıb. Sözsüz ki, uzun on illiklər Laçın və digər ərazilərimizin erməni işğalında qalması bizim üçün çox ağrılı idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Ordumuzun 44 gündə Ermənistana vurduğu zərbə nəticəsində tarixi ədalət bərpa edilib. Üçrəngli bayrağımız azad olunan ərazilərdə dalğalanır. Bu, bizim üçün qürurverici bir məsələdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, 1992-ci ilin mayında Laçın şəhərinin xəyanət yolu ilə düşmən əlinə keçməsi, şəhərin yandırılması xalqımız üçün tarixi ən ağrılı səhifələrindən biri hesab edilir:
“Bu gün biz qalib xalq kimi Laçındayıq. Tezliklə burada 30 il ərzində erməni vandalizminin və barbarlığının izləri silinəcək. Laçınlılar öz ata-baba yurdlarında əbədi olaraq sülh və təhlükəsiz şəraitdə yaşayacaqlar. Buna güclü Azərbaycan dövləti tam təminat verir”.
Millət vəkilinə görə, Ermənistan öz vəziyyətini düzgün qiymətləndirib Azərbaycanın sülh məqsədi ilə uzatdığı əli geri çevirməməlidir:
“Qısa zamanda sülh müqaviləsi üzrə işlərin başlanılması bölgə üçün yeni bir reallıq vəd edir. Kommunikasiyaların açılması və bu regionda böyük iqtisadi-siyasi canlanmaya səbəb olacaq Zəngəzur dəhlizi açılmalıdır. Erməni tərəfi də maksimum şəkildə Zəngəzur dəhlizi layihəsinin icra olunmasına mane olmaqdan əl çəkməlidir. Azərbaycan sözsüz ki, qarşıya qoyduğu digər vacib məsələlər kimi Zəngəzur dəhlizinin də reallaşmasına nail olacaq. Ölkəmizin bu istiqamətdə atdığı təsirli addımlar məhz bu reallığı özündə ehtiva edir”.
Cavid Osmanov son təxribatlar fonunda Azərbaycanın əldə etdiyi mövqelərin erməni tərəfinin istənilən addımını qabaqcadan görməyə və önləməyə imkan verdiyini söyləyib:
“Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelər bu gün Ordumuzun tam nəzarətindədir. Eyni zamanda Azərbaycan Ordusu bu gün sərhəd boyu böyük əraziyə, o cümlədən önəmli kommunikasiya xətlərinə vizual nəzarəti həyata keçirir. Ona görə də qarşı tərəf qısa zamanda real mənzərəni dərk edib sülh və digər məsələlərdə konkret addımlar atmalıdır. Bu Ermənistan üçün yeganə çıxış yoludur. Əks yanaşmalar Ermənistan üçün daha böyük çətinliklər yarada bilər”.