24 Sentyabr 2022 16:11
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu bayraq burada əbədi dalğalanacaq!" - Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Laçında söylədiyi bu fikir səfərin mühüm mahiyyətini ifadə edir. Ölkə başçısının qədim, tarixi Azərbaycan torpağında dövlət bayrağını qaldıraraq həm keçmişdən, həm indiki vəziyyətdən, həm də gələcək pespektivlərdən bəhs etdi. 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz azad olunub, Azərbaycan öz suveren hüquqlarını və ədaləti bərpa edib. Erməni terroruna, vandalizminə məruz qalmış kənd və şəhərlərdə bərpa quruculuq işləri həyata keçirilir, Artıq Böyük Qayıdışın ilk mərhələsi başlayıb. Zəngilan rayonu Ağalı kənd sakinləri 30 illik həsrətdən sonra öz doğma yurdlarında əbədi yaşamaq, qurub-yaratmaq üçün qayıdıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və məsələnin dinc yolla və ədalətli şəkildə həll edilməsinə çalışıb: “Lakin bütün bu keçən dövr ərzində Ermənistan həmişə olduğu kimi müxtəlif bəhanələr və şərtlər, təxribatlar törətməklə prosesə maneə yaradıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu da bu məsələnin həllində qətiyyətli fəaliyyət göstərməyib. Qlobal təşkilatlar Ermənistanın bütün beynəlxalq hüquq norma və prinsipləri ciddi şəkildə pozmasına, tarixi Azərbaycan ərazilərinin erməniləşdirilməsinə, toponimlərin dəyişdirilməsinə, qanunsuz məskunlaşmaya göz yumub. Bütün bu haqsızlıqlara qarşı təbii ki, güclü siyasi iradə xalq-iqtidar birliyi və iqtisadi əsasların olması başlıca amil idi. Məhz ulu öndər Heydər Əliyevin bu istiqamətdə atdığı addımlar sonrakı dövrdə özünü gösətrdi. Ümummilli liderin başladığı işi Prezident İlham Əliyev daha da gücləndirdi və 44 günlük Vətən Müharibəsi bu prosesin ən mühüm, tarixi uğuru oldu. Prezident İlham Əliyevin dediyi ki, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib dövlət kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq sülh təklif edir. Çünki, Azərbaycan sülhsevər xalqdır, humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun. Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla-Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür. Müharibədən dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülh yaratma və münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması üzrə komissiyaların işinə formal olaraq başlansa da, reallıqda Ermənistan prosesi heç bir əməli nəticəyə gətirmir”.

Professor hesab edir ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatla Ermənistan öz üzərinə mühüm öhdəliklər götürüb: “Xüsusi ilə erməni silahlı birləşmələrin Qarabağdan çıxarılmasına dair 4-cü, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyaların qurulması, o cümlədən Zəngəzur dəhlizinin inşasına dair 9-cu bəndi yerinə yetirilməyib. Azərbaycan tərəfi isə Bəyanatda təsbit olunan alternativ yolun çəkilməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi qısa müddət ərzində yerinə yetirib. Artıq 1 il 8 aydan sonra yeni yol hazır oldu. Buna baxmayaraq, ölkə başçısının qeyd etdiyi kimi, bu gün Ermənistan tərəfi nəinki razılaşdırılmış yolu açmayıb, hətta Zəngəzur dəhlizinin marşrutu belə Bakıya təqdim edilməyib. Bu baxımdan da dövlət başçısının da vurğuladığı kimi delimitasiyadan əvvəl heç kim Azərbaycanı günahlandıra bilməz tezisi dövlətimizi nədəsə, xüsusən də hansısa absurd “təcavüz”ə və başqa məsələlərə görə “qınayanların” hamısına layiqi cavab oldu. Çünki sərhədlərin delimitasiyası keçirilmədən hansısa bir sərhəd xəttindən danışmaq absurddur. Görünən isə odur ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Bu ölkənin hərbi-siyasi təxribatlar törətməsi isə məhz sülh prosesə əngəl olmaq istəyi ilə bağlıdır”.

Hicran Hüseynovanın fikrincə, Ermənistan Azərbaycanın uzatdığı əli görməmiş kimi davranır və bu, onun hələ də apardığı ikiüzlü siyasətindən xəbər verir: “Görünür, İrəvan nəyəsə ümid edir. Ancaq Ermənistan dərk etməlidir ki, bu gün dünyada gedən geosiyasi proseslərdə ondan müəyyən maraqlar üçün istifadə olunur. Bu isə Ermənistan dövlətinə və xalqına heç nə verməyəcək. Onlar anlamalıdır ki, bu gün düşdüyü ağır vəziyyətdən onu yalnız imzalayacağı sülh müqaviləsi xilas edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər əldə etdikləri dərsləri çox zəif öyrənirlər və erməni revanşizmi hələ də yaşayır və davam edir. Bu da bir həqiqətdir ki, artıq vəziyyət yarım il əvvəlkindən fərqlidir və erməni revanşizmi Azərbaycanın tam nəzarəti altındadır. Hadisələrin gedişi göstərir ki, Ermənistan silahlı təxribatlarını davam etdirərsə, sülh razılaşmasına nail olmaq üçün eyni dərəcədə effektiv “B” variantından istifadə oluna bilər. Artıq İrəvanın illüziyalarından qurtulmasının vaxtı çatıb”. Hazırda isə Qarabağ və Şərqi Zəngəzurda tikinti-bərpa işləri aparılır, erməni terroruna məruz qalmış şəhər və kəndlərimiz yenidən qurulur. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncamların imzalanması bir daha göstərir ki, biz torpaqlarımızı müdafiə edir, quruculuq işlərini aparırıq. Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də region üçün davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə öz layiqli töhfəsini verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər