26 Sentyabr 2022 17:20
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 illik işğal dövründə Azərbayan ərazisində tarixi, dini, mənəvi abidələr Ermənistan tərəfindən tamamilə məhv edilib. Eyni zamanda bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-dini dəyərlərin erməniləşdirilməsi həyata keçirilib. Min illər boyu xalqımızın qoruyub saxladığı irs erməni barbarlığına məruz qalıb. Məqsəd bu ərazidə Azərbaycan xalqına məxsus olan izlərin silinməsi olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib:

“Ərazilər erməni silahlılarından azad edildikdən sonra bu bölgədə böyük bir barbarlığın və vandalizmin baş verdiyi üzə çıxıb. Amma çox təəssüflər olsun ki, YUNESKO Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə işğal dövründə dəymiş ziyanı qiymətləndirmək üçün hələ də missiya göndərməyib. Bu əslində ümumbəşərəri dəyərlərə olan yanaşmanın açıq təzahürü hesab edilir. Çünki Azərbaycanın Ermənistan tərəfindən dünya maddi-mədəni irs siyahısında özünəməxsus yer tutan abidələri, dini-mədəni dəyərləri məhv edilib. YUNESKO Ermənistanın bu davranışlarını yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olduğu halda, ikili standartlardan çıxış edib. Guya Azərbaycan öz ərazilərini azad etdiyi ərəfədə hansısa erməni abidəsinə ziyan dəyməsi ilə bağlı absurd iddialar ortaya atılıb. Real fakt isə bunun əksini söyləyir. İşğalçı Ermənistan nəzarətində saxladığı Azərbaycan ərazilərində bir dənə də tikilinin salamat qalmasına imkan verməyib. Yağmalama, talançılıq və mənimsəmə siyasəti həyata keçirilib”.

Deputat hesab edir ki, Azərbaycan dövləti öz növbəsində 2020-ci ildə bu torpaqların Ermənistan tərəfindən işğalına son qoyulmasından sonra YUNESKO-nun missiya göndərməsi ilə bağlı çağırışı haqlı tələb idi:

“Çünki işğaldan azad edilmiş ərazilərdəki dağıntıların səviyyəsi bu ərazilərdə Azərbaycanın bütün izlərini məhv etmək istəyini açıq şəkildə göstərir. Ermənistan 30 il ərzində bu ərazilərdə etnik təmizləmə aparıb və qanunsuz məskunlaşma həyata keçirib. Bütün bu faktlara açıq şəkildə beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir”.

Tamam Cəfərovanın fikrincə, görünən odur ki, Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması, talan edilməsi YUNESKO-nu maraqlandırmır:

“Fakt odur ki, təşkilat erməni tərəfinin böhtan üzərində qurulmuş iddialarını araşdırmaq niyyətindən imtina etmək istəmir. Əgər belə olmasaydı, Azərbaycan əraziləri işğal altında olanda Bakının dəfələrlə müraciəti qarşılığında YUNESKO həmin ərazilərə heç olmasa bir dəfə missiya göndərərdi. Azərbaycanın tarixi abidələrinin dağıdılması barədə Bakı daimi olaraq YUNESKO-nu və digər beynəlxalq qurumları məlumatlandırıb. 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitabı hazırlanraq YUNESKO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar verilib. Amma çox təəsüf ki, YUNESKO tərəfindən bu faktlara da adekvat reaksiya verilməyib”.

Deputat bildirib ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionda yaranmış yeni reallıq bir çox siyasi dairələri ciddi şəkildə narahat edir:

“Təəssüflər olsun ki, YUNESKO da bu məsələlərdə "yer” alıb. Əslində isə YUNESKO hökumətlərarası təşkilatdır. Bu qurum öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməlidir. YUNESKO məsələlərə məhz öz mandatına uyğun yanaşmalıdır. Bütün bunlar isə təşkilatın imicinə, müstəqilliyinə çox ciddi zərbədir. Çünki mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Bu mənada ölkəmizin mövqeyi haqlı və davamlı xarakter kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər