27 Sentyabr 2022 10:18
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ildən artıq Azərbaycan ərazilərinə qarşı işğal siyasəti həyata keçirən, xalqımıza, tarixi, milli-mədəni, dini abidələrimizə göz dikən Ermənistan bu məkrli niyyətindən əl çəkmək istəmirdi. Məhz 90-cı illərin əvvələrində Azərbaycanın ikinci dəfə öz müstəqilliyini əldə etməsi və ondan sonra ölkədə yaşanan ağır durum ermənilərin öz çirkin niyyətini reallaşdırmaq üçün fürsətə çevrilmişdi. Müstəqilliyimizin ilk illərində ölkədə hakimiyyətdə olan qüvvələrin qeyri-peşəkarlığı, hadisələri doğru-düzgün qiymətləndirmək bacarıqlarının olmaması nəticədə bir sıra problemlərə şərait yaratdı. Azərbaycan yenicə müstəqilliyini bərpa etməsinə baxmayaraq parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Məhz AXC-Musavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkədə anarxiya yaranmışdı, vahid komdanlıq yox idi, ayrı-ayrı silahlı dəstələr öz şəxsi maraqları müstəvisində hərəkət edirdi. Bütün bunlar isə Ermənistanın Azərbaycan ərazilərinin işğalına yol açır, düşmənə qarşı cəbhədə ciddi müqavimətin təşkili qeyri-mümkün hala çevrilirdi. Hadisələr göstərir ki, proseslərin gedişini düzgün qiymətləndirməyə bacarmayan AXC-Müsavat iqtidarı Azərbaycanı daha böyük təlatümlərə sürükləyirdi. Belə bir ağır və çətin durumda xalqımız ulu öndər Heydər Əliyevə müraciət edərək onun siyasi hakimiyyətə qayıdışına, Azərbaycanın təlatümlərdən xilas olmasına nail oldu. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zamanda ölkədə milli birliyə, daxili ictimai-siyasi sabitliyiə nail oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanda mərkəzi hakimiyyətin güclənməsi təmin edildi və ölkədə mövcud olan ayrı-ayrı silahlı dəstələr ləğv edildi:

“Ermənistanla atəşkəsə nail olundu və qısa zamanda ölkədə iqtisadi sahədə ciddi addımlar atılmağa başlanıldı. Əsrin Müqaviləsinin imzalanması və bir sıra beynəlxalq konsersiumlarla əldə edilən razılaşmalar Azərbaycana böyük iqtisadi yatırımların daxil olması ilə nəticələndi. Bütün bunlarla yanaşı ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı. Vahid komandanlıq altında güclü Azərbaycan Ordusunun formalaşması, onun müasir silah və texnikalarla təchizatı məsələləri həll edildi. Eyni zamanda Ermənistanın torpaqlarımızdan dinc yollarla çıxarılması üçün diplomatik müstəvidə ciddi addımlar atıldı. Tarixi Lissabon Sammitində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi beynəlxalq birlik və dünya ictimaiyyəti tərəfindən qəbul edildi. Bu, Ermənistanın işğalıçı ölkə kimi tanınması məsələsində Azərbaycanın diplomatik uğurlarından biri idi. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrindən boşadılması ilə bağlı 4 mühüm Qətnamə qəbul etdi. Bununla yanaşı İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar Ermənistanın işğal siyasətinə son qoymaq üçün mühüm qərarlar, qətnamələr qəbul etdi. Amma hər zaman özünün avanturist siyasəti ilə beynəlxalq təşkilatların çıxarmış olduğu qərarları qulaq ardına vuran Ermənistan işğalçı zehniyyətindən əl çəkməyərək daha aqressiv və təxribatçı siyasət həyata keçirirdi. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev Ali Baş Komandan kimi bütün sahələrdə olduğu kimi ordu quruculuğuna böyük diqqət göstərib. Ermənistanla aparılan danışıqların heç bir nəticəsinin olmamamsı və bu ölkənin ardıcıl təxribatlara əl atması fonunda Azərbaycan hər zaman özünün malik olduğu hərbi, iqtisadi-siyasi gücə arxalanaraq ərazi bütövlüyünü təmin etməyə hazır idi”.

Deputat 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların havadarlarının məkrli siyasətinə son qoyuldu:

“Heç bir kənar təzyiqlərə, təhdidlərə və digər amillərə baxmayaraq Azərbaycan döyüş meydanında işğalçı Ermənistan üzərində tarixi bir Qələbə qazandı. Tarixi ədalət bərpa olundu və Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. Şanlı Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün Azərbaycan xalqı tarixi Qələbəni bizə bəxş edən Müzəffər, Qəhrəman əsgər və zabitlərimizi qürur mənbəyimiz kimi yad edir. Qəhrəman oğullarımızın şücaəti, vətən, torpaq, ərazi bütövlüyümüz naminə fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr Anım Günündə də bütün xalqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət etsin. Onların canı, qanı bahasına bu gün torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır”.

Millət vəkili münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupunu fəaliyyətinə də nəzər salıb:

“ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyətində heç bir müsbət məqam mövcud deyildi. Bu təşkilat problemin həllinə yox, dondurulmasına çalışıb. Ona görə də bu illər ərzində aparılan danışıqların heç bir nəticəsi olmayıb. Çünki Minsk qrupu işğalçıya və işğala məruz qalan tərəfə eyni münasibət sərgiləyib. Mövcud münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr sadəcə olaraq kağız üzərində qalıb. Azərbaycan isə hər zaman olduğu kimi bu 30 ildə də beynəlxalq hüquqa olan münasibətini nümayiş etdirib və danışıqlar yolu ilə münaqişənin həllinə çalışıb. Amma Ermənistan tərəfi bu illər ərazində işğalçı siyasətini davam etdirib. 2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərib. Buna baxmayaraq Ermənistan bu döyüşlərdən aldığı zərbələrdən dərs çıxarmayaraq növbəti təxribatlara əl atıb. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribatı ilə Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri atəşə tutuldu. Ermənistanın təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatına başladı 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbə ilə başa çatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi”.

Eldar Quliyev bildirib ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu:

“Bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə də birdəfəlik son qoyuldu. Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb.Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Müharibənmin bitməsindən dərhal sonra Azərbaycan Ermənistana 5 bənddən ibarət sülh müqaviləsi təklif edib. Eyni zamanda Moskva və Brüssel formatlarından hər iki tərəf mühüm görüşlər keçirib, razılaşmalar əldə edilib. Amma buna baxmayaraq Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Ermənistan tərəfi 10 noyabr 2020-ci il razılaşmasının müddəalarında nəzərdə tutulmuş kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizinin işə düşməsi kimi regional və qlobal miqyaslı layihənin yubanması üçün cəhdlər edir. Bu gün Ermənistanda olan revanşist qüvvələr hələ də köhnə xülyalara qapılaraq Azərbaycan qarşı təxribatlar fonunda nəsə əldə etmək niyyətinə düşür. Amma 12-13 sentyabr hadisələri göstərdi ki, Ermənistanın hər bir təxribatı ona daha böyük fəlakətlər gətirə bilər. Ona görə də, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh təklifləri ilə razılaşmaqdan ibarətdir. Əks halda olacaq bütün hallar Ermənistan üçün fəlakətə səbəb ola bilər. Regionda sülh və təhlükəsizliyin təminatı üçün Azərbaycan sarsılmaz mövqe sərgiləyir. İnanırıq ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu bölgədə daimi sülhə və təhlükəsizliyə nail olmaq mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı