28 Sentyabr 2022 17:34
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada vəziyyət daha da gərginləşəcək, müharibə davam edəcək. ABŞ növbəti il üçün dövlət büdcəsindən Ukraynaya 12 milyard dollar ayırıb. Bu böyük məbləğdir, deməli müharibə davam edəcək. Üstəlik bu son da deyil. Nəzərə alın ki, Britaniya, Kanada, Avstraliya, Yaponiya, eləcə də Avropa Birliyi dövlətləri ABŞ-dan az olsa da, Ukraynaya dəstək verəcək. Qənaətimcə, vəziyyət gərgin olacaq. Əslində Rusiya Ukrayna ilə danışıqlara başlamağa can atır, amma Kiyev bu təklifi qəbul etmir və torpaqlarının işğaldan azad edildikdən sonra danışıqlar masasına otura biləcəyini ifadə edir”.

Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

Əli Abbasov əlavə edib ki, hazırda Rusiya Ukrayna ərazilərini ilhaq etmək məqsədilə referendum təşkil edib:

“Əslində Rusiya tərəfi referendum deyir, amma silah altında referendum olmur, qəbul edilmir. Məncə, bu referendum boş söhbətdir. Vaxtilə referendum Abxaziya və Osetiyadan başlayıb. Nə oldu? Sən sabah Luqanskın referendumla Rusiyaya birləşdiyini deyirsən. Sabah Ukrayna Xabarovskidə referendum keçirsə udar, çünki əhalinin çoxu ukraynakökənlidir, eləcə də Saxarin və digər ərazilərdə. Yəni bunlar düzgün addımlar deyil. Başqa sözlə, bu boyda böyük dövlət belə addımlar atır, amma düşünmür ki, sabah onun özünə də belə ssenarilər tətbiq edilə bilər”.

Politoloq əmindir ki, bu referendumların heç bir nəticəsi olmayacaq:

“Rusiyanın özündə də müəyyən proseslər gedir. Biz etirazçıları gördük, eləcə də Rusiyanı tərk edənlərlə bağlı prosesi müşahidə edirik. Səfərbərliyin də necə aparıldığı ortadadır. Artıq ruslarda nəyin baş verdiyini anlayırlar. Kim istəyər gedib Ukraynada ölsün? Buna heç kimə hazır deyil. Üstəlik Ukraynadakı qoşunlar da ruhdan düşüblər. Bir sözlə, vəziyyət yaxşı deyil”.


Müəllif: Nemət