2 Oktyabr 2022 14:26
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın uğurlarını, özünün ərazi bütövlüyünü təmin edərək, regionda və qlobal miqyasda artan nüfuzunu qəbul etmək istəməyən qüvvələr var. Bir çox mərkəzlər və dairələr Azərbaycanın 44 gündə öz ərazisini erməni işğalından azad edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi faktı ilə barışmaq istəmir. Onların istədiyi Azərbaycan 90-cı illərin əvvəllərində, AXC-Müsavat dövrünün yarıtmaz hakimiyyəti illərində qaldı. Məqsədləri Azərbaycanı ərazisi işğal edilmiş, dağınıq, pərakəndə halda görmək idi. Amma unudurlar ki, bu gün qalib Azərbaycan dünyada söz sahibinə çevrilib.

Bunu Teleqraf.com-a sülh çağırışı adı altında Azərbaycanı Ermənistana hücum etməkdə, zorakılıqda ittiham edənlərin absurd mövqeyinə cavabında Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu və 44 günlük Vətən müharibəsinin sonunda qarşı tərəf kapitulyasiya aktına imza atmağa məcbur oldu: “30 illik erməni işğalı, ərazilərimizdə baş vermiş vandalizm və barbarlıq aktları bu gün dünyanın gözü önündə olduğu halda biz növbəti dəfə erməni təxribatı və təbliğatı ilə üzləşirik. İşğalda saxladığı əraziləri məkrli şəkildə minalamaqla insanlıq əleyhinə cinayətlərini davam etdirən, azərbaycanlıların qayıdışına əngəl yaradan Ermənistan və onun havadarları yenə də ölkəmizə qarşı açıq təbliğatla məşğuldur. Çox təəssüflər olsun ki, bu gün adı azərbaycanlı olub ermənilər üçün dəridən-qabıqdan çıxanlar da var. Ölkəmizdə də erməni dəyirmanına su tökənlər az deyil. Amma xalqımız 90-cı illərin əvvəllərində bu adamların əsl üzünü gördü”.

Eldar Quliyev bildirib ki, Ermənistanın son təxribatları fonunda Azərbaycanın özünü müdafiə məqsədi ilə gördüyü adekvat tədbirləri öz məqsədlərinə uyğun yozmaq düşmənçilikdən başqa bir şey deyil: “Erməni diasporunun təsiri altında bu gün Azərbaycana qarşı absurd iddialarla çıxış edənlər əslində heç nəyə nail olmayacaqlar. Biz bilirik bu cür hücumlar və təxribatlar haradan qaynaqlanır, bu kimi halların ortaya çıxması kimlərə sərf edir. Düşünürlər ki, belə təxribatlarla Azərbaycanda ictimai-siyasi gərginlik yarada biləcəklər. Amma növbəti dəfə yanılırlar. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək azad edilmiş torpaqlarımıza qayıdış prosesinin növbəti mərhələlərini yaşayır. Biz qalib dövlətik və əldə edilən tarixi zəfər xalqımızın bundan sonra öz torpaqlarında əbədi olaraq xoşbəxt və firavan yaşamasına təminat verir. Güclü Azərbaycan bu regional və qlobal miqyasda aparıcı mövqeyə sahibdir. Ölkəmizin uğurları vətəndaşlarımızın rifahına və gələcəyinə hesablanıb”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə hesab edir ki, ölkəmizə qarşı hərbi-siyasi təxribatlara ən yaxşı cavabı Ali Baş Komandan və Azərbaycan əsgəri verib: “Torpaqlarımız 44 gün ərzində işğaldan azad edilib. Dünyada qısa bir müddətdə bir ölkənin öz torpaqlarını işğaldan azad etməsi faktı tək-tük rastlanan bir haldır. Bunun da ən barizi XXI əsrdə Azərbaycanla bağlıdır”.

Onun fikrincə, məlum müraciət erməni diaspor dairələri tərəfindən hazırlanıb: “Bu, Azərbaycan həqiqətlərinə qarşı növbəti ideoloji mübarizə formasıdır. Bu müraciətə imza atanların bəzilərinin bəlkə də heç mahiyyətdən xəbəri yoxdur. Tanışlıqla və yaxud hansısa bir şirnikləndirici təkliflə buna imza atıblar. İnanıram ki, bu şəxslərin heç biri Azərbaycanda olmayıb, onların heç biri Azərbaycanın xəritəsi ilə tanış deyil. Təşkilatçılar yaxşı bilirlər ki, bunun nəticəsi yoxdur. Bununla onlar heç nə əldə edə bilməyəcəklər. Amma yenə də, buna əl atırlar. Sözsüz ki, bundan sonra da biz belə hallara rast gələcəyik”.

Millət vəkili bəzi azərbaycanlıların bu müraciətə imza atmasının təəssüf doğurduğunu söyləyib: "Əfsuslar olsun, içimizdə vətəninə satqınlıq edən, şəxsiyyət vəsiqəsində azərbaycanlı yazılsa da, əslində ermənidən çox erməni olanlar var. Bunları isə hamı tanıyır. Onlar bu gün hərbi canilər Robert Köçəryan, Serj Sərkisyan, Nikol Paşinyanın təbliğatı ilə məşğuldurlar. Onlar çox istədilər ki, vəziyyət 27 sentybar 2020-ci ildəkindən öncəki kimi olsun, bulanlıq suda balıq tutsunlar. Çünki onların hakimiyyət arzusu həyata keçmir. Ona görə də min cür çirkin yola əl atırlar, eyni zamanda xaricdən bununla bağlı tapşırıqlar alırlar. Onların bəzilərinin çıxışlarını dinlədim. Əlbəttə ki, bu cür yanaşmalar ikrah hissi doğurur. Azərbaycanlı öz Azərbaycan əsgərinə arxadan zərbə vurur. Vətənpərvərlik, ədalət deyilən bir hiss yoxdur”.

Aydın Mirzəzadəyə görə, burada diqqətçəkən məqam odur ki, onlar sanki eyni “şparqalka”dan mətn oxuyurlar: “Görünür, tapşırıq oradan belə gəlib. Birdən-birə bir günün içində onlar eyni məzmunda çıxış edirlər. Sabah erməni diaspor təşkilatı başqa bir antiazərbaycan təbliğatı aparacaqsa, onlar yenə də orada iştirak edəcəklər. Çünki xislətləri budur. Sadəcə olaraq onların sayı tək-tükdür, Azərbaycan siyasətinin gündəliyini müəyyən edə bilməzlər. Azərbaycan adından ümumən danışmağa mənəvi haqqları çatmır. Belə təbliğatlar olub və olacaq. Ancaq bu cür hallara qarşı ən yaxşı cavabı Azərbaycan verib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər