Prezident İlham Əliyevin cari ilin 30 sentyabrında Bolqarıstana rəsmi səfəri mühüm tarixi dövrə təsadüf edib. Dövlət başçısının burada keçirdiyi görüşlər və bunun əsasında əldə edilən razılaşmalar yeni əməkdaşlıq imkanları baxımından əhəmiyyətlidir. Azərbaycan özünün bütün tərəfdaşları o cümlədən dost Bolqarıstanla strateji əlaqələrini daha da dərinləşdirməkdədir. İki ölkə arasında 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın yeni bir müstəvidə inkişafına əsaslı zəmin formalaşdırır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir: “Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Sözsüz ki, indiki şəraitdə bunun əhəmiyyəti daha da arıb. Azərbaycan qazı artıq Bolqarıstana ixrac edilir. Eyni zamanda Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulur. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Bu mənada Azərbaycan qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etməkda maraqlı olduğunu bəyan edib”.
Deputatın fikrincə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir: “Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsinin enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Burada birmənalı olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun əhəmiyyəti önə çıxır. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu nəzərə alsaq, yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin etməyə imkan verəcək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. Həmçinin enerji sahəsində təkcə təbii qazın ixracı ilə kifayətlənmək olmaz. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə bu ölkənin enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması mühüm əhəmiyyətə malikdir”.
Sevinc Hüseynovaya görə, yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması önəmli məsələdir: “Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu formalaşdırmağa nail olub. Bu sıradan müasir dəmir və avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanının inşası imkan verir ki, Azərbaycan üzərindən tranzit yüklərinin həcmi daha da artırılsın. Bolqarıstanın da məhz Azərbaycanın formalaşdırdığı tranzit imkanlarından geniş şəkildə yararlanması mümkündür. Bununla bağlı hər iki ölkə arasında tranzit imkanlarından birgə istifadə ilə bağlı mühüm müzakirələr aparılacaq. Eyni zamanda iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsində aktiv yer ala bilər. Daha geniş spektrdə işğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”.