Ölkəmizdə 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Ümumiyyətlə, təhsil özlüyündə geniş bir prosesi əhatə edir. Çox təəssüf, statistik nəticə və təhlillərə baxanda görürük ki, son iki il ərzində Azərbaycan təhsilində baş verən neqativ hallar əvvəlki 15 illə müqayisədə daha çoxdur. Xüsusən, şagirdlərin intiharı, bir-birinə qarşı fiziki, psixoloji zorakılığı, həmçinin məktəbdə pul yığma və digər xoşagəlməz hallar son iki ildə hədsiz dərəcədə çoxalıb. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyi hazırda tədris prosesinə ümumilikdə nəzarət edə bilmir və yaxud idarəetməni tamamilə yaddan çıxarıb.
Bunu Teleqraf.com-a təhsil eksperti Kamran Əsədov deyib.
O hesab edir ki, bu gün ölkə məktəblərində vəziyyət o qədər də ürəkaçan deyil: "Bu il III və digər ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə çox aşağı səviyyəyə düşüb. Bütün bunlar onu göstərir ki, hazırda orta məktəblərdə təhsil-tədris mühiti yoxa çıxıb.
Bakı məktəblərinin birində bir şagirdin digərinə qarşı qəddarcasına fiziki zorakılıq tətbiq etməsi artıq orta məktəblərdə təhsil mühitinin itdiyini göstərir. Həmin məktəbdə normal mühit olsaydı, onlar başa düşərdilər ki, şagirdlər bir-biri ilə əməkdaşlıq etməli və dostca davranmalıdır. Əksinə görürük ki, bir şagird digərinə qarşı sanki əsir götürülmüş şəxs kimi davranır.
Məktəbdə təhsil mühiti olmadığına görə şagirdlər digər həmyaşıdları və sinif yoldaşlarına qarşı çox ağır fiziki zorakılıq törədib, onu da videoya çəkir. Bu, dözülməz haldır".
Hüquqşünas Xəyal Bəşirov hesab edir ki, məktəbdə şagirdin birinin digərini döyməsi faktı çox üzücüdür: "Araşdırma zamanı onların yaşı müəyyənləşməlidir. Çünki cinayətin subyekti olmaq üçün yaş məhdudiyyəti var. 18 yaş yetkinlik yaş hesab edilir. Bu yaşdan sonra cinayət məhsuliyyətinin subyekti olmaq olur. 16 yaş bəzi cinayətlərə, 14 yaş isə bəzi ağır cinayətlərə görə şəxsin subyekt olmasını mümkün hesab edir. Onlar şagird olduqlarına görə təbii ki, yetkinlik yaşına çatıb-çatmaması müəyyənləşməlidir.
Eyni zamanda uşaqların dərs zamanı nəzarətdən kənar qalmasına görə əslində onların təlim-tərbiyəsi ilə məşğul olan məktəbin məsul şəxsləri - direktor və onun müavinləri cavadehlik daşıyır. Konstitusiyaya görə, uşaqlar məktəbə təhsil, təlim və tərbiyə almağa gedir. Təhsil ocağında hadisənin baş verməsi ilk növbədə onun rəhbərliyinin günahını gündəmə gətirir. Hər bir halda cinayət məsuliyyəti olmasa belə onların intizam və digər məsuliyyəti formalaşa bilər".
Xəyal Bəşirova görə, burada döymə faktı var və bu cinayət məsuliyyətindən çıxarılsa da, inzibatı xəta hesab edilir: "Hadisə zamanı birinin digərinə yetirdiyi xəsarətin dərəcəsi müəyyən edilməlidir. Görüntülərdən də məlum olur ki, şagirdin üzünə və başına ağır zərbələr vurulur. Bu halda onun ağır xəsarət alması ehtimalı böyükdür. Bunu da ekspert müəyyənləşdirəcək.
Əgər xəsarət müəyyən olunubsa, bunun yüngül, ağır və ya az ağır dərəcəsi qeyd edilməlidir. Bunlardan biri olsa, bu, artıq cinayət məsuliyyəti sayılır. Bu hallar təsbit olunsa, cərimədən tutmuş, azadlıqdan məhrumetməyə qədər cəzalar müəyyən edilə bilər.
Valideynin məsuliyyəti ilə bağlı da müəyyən yanaşmalar var. Şagirdin davranışlarından müşahidə edirik ki, bu, onun ilk addımı, hərəkəti deyil. Bu da onun hansı mühitdən çıxması və formalaşması məsələsini ortaya qoyur".