Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekunu olaraq bəyanat qəbul edilib. Bu istiqamətdə bir neçə dəfə belə bəyanatlar mövcuddur. Amma biz sonrakı dövrdə əməllərdə başqa bir fərqli mənzərə seyr etmişik. Ermənistan bu cür bəyatanatlar səsləndirib sonrakı mərhələdə pozucu davranışları da bir növ adət xarakteri alıb.
Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Sabiq diplomat hesab edir ki, 1991-ci ildən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib:
“Amma bunun əksinə olaraq Ermənistanın müstəqillik aktında ölkəmizə qarşı ərazi iddiası yer alıb. Ona görə də bu məsələlərə daha çox Ermənistanın davranışları kontekstində qiymət vermək lazımdır. Bu ölkənin sona kimi öhdəliklərə necə əməl edəcəyi məsələsi maraqlıdır”.
Tofiq Zülfüqarova görə, burada Rusiya-Qərb qarşıdurmasının davam etdiyini görmək mümkündür:
“Belə bir məqamda Azərbaycan vacib imkan qazanıb ki, öz mövqeyini qərb siyasətçilərinə çatdırsın. Beləliklə də ölkəmiz öz hədəflərini açıqlayıb. Amma ümumilikdə Ermənistanın vəziyyətinə nəzər alsaq oun həmişəki taktikasının dəyişmədiyinin şahidi ola bilərik. Onlar vaxt qazanmaq taktikasına yenə də əməl edəcəklər. N.Paşinyanın bu tədbirdən sonra geri qayıtması da ona dəlalət edir ki, növbəti dəfə ziddiyyətli bəyanatlar eşidiləcək. Eyni zamanda Ermənistan Azərbaycana qarşı işğalçı siyasətindən birdəfəlik imtinası da real görünmür. Çünki Ermənistanın dövlət büdcəsindən hər ay 35-40 milyon dollar separatçıların saxlanılmasına pul ayrılır. Bu siyasətin onlar tərəfindən davam ediləcəyi də guman edilir”.