Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz qələbəni hərbi-siyasi yollarla da təmin edirik. Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində ölkə başçısının iştirakı ilə baş tutan görüşlərin yekun nəticəsi bu baxımdan siyasi-diplomatik yolla imza atdığımız növbəti qələbəmizdir. Bu görüşü forma və məzmunca fərqləndirən cəhət Ermənistanın baş nazirinin Fransa Prezidenti ilə hazırladığı Azərbaycana qarşı xüsusi planı idi. Amma bu niyyət Prezident İlham Əliyevin qətiyyəti sayəsində alt-üst oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi proseslərə beynəlxalq hüquq müstəvisində yanaşması və xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq müzakirələrə qoşulması son nəticədə sülh müqaviləsinin imzalanmasına yeni bir impuls verməsinə yol açdı:
“Təbii ki, danışıqlar 5 saatdan çox çəkib və geniş fikir mübadiləsi ilə davam edib. Ümumilikdə isə Praqada keçirilən qeyri-rəsmi və rəsmi görüşlərdən çəkilmiş şəkillər də bir çox mənaları özündə əks etdirir. Prezident İlham Əliyevin qətiyyəti Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın hər zaman olduğu kimi yanımızda olması bütün dünyanın diqqət mərkəzində idi”.
Deputat bildirib ki, Praqa görüşündə qəbul edilmiş bəyannatda Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər:
“Bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanınması elan olunur. Bu sözsüz ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri kifayət qədər uğurlu oldu:
“Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir”.
Deputat Praqada diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar olduğunu söyləyib:
“Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib. Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ümumilikdə isə Praqa görüşünü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addım hesab etmək olar”.
Milli Məclisin deputatı Aqil Məmmədov isə görüşlə bağlı bildirib ki, danışıqların yekununda əldə edilən razılaşma Azərbaycanın növbəti diplomatik qələbəsidir:
“Çünki burada təsbit edilmiş məsələlər ölkəmizin milli maraqlarına uyğundur. Ən başlıca amil Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü məhz beynəlxalq ictimaiyyətin gözü qarşısında tanıması və bunu bəyan etməsi oldu. Burada ərazi bütövlüyü və suverenliyin tanınması BMT Nizamnaməsinə əsalanır. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi bir daha təsbit edilir. Azərbaycanın suverenliyini tanıyan Ermənistan Qarabağın Azərbaycana aid olduğunu və burada inzibatı və hüququ cavabdehliyin ölkəmizlə birbaşa bağlılığı da etiraf edilir”.
Deputatın fikrincə, ümumiyyətlə Praqa görüşünün gərgin keçəcəyi ilə bağlı proqnozlar var idi:
“Çünki dördtərəfli görüşdə iştirak edən Fransanın növbəti dəfə ermənipərəst siyasət sərgiləyəcəyi gözlənilirdi. Amma bütün bu hiylələrin Prezidentin sətiyyətli mövqeyi sayəsində qarşısı alındı. Praqada Azərbaycan Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də xüsusi yer alıb. Zəngəzur dəhlizi ilə bağlı məsələnin isə 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənməsi ilə barədə razılıq var”.
Milli Məclisin deputatı Sevinc Hüseynova hesab edir ki, Praqadakı görüşün nəticəsi olaraq qəbul olunan bəyanat Azərbaycanın ərazi bütövlüyünün bir daha beynəlxalq birlik tərəfindən təsbit edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Bu, ölkəmizin milli maraqlarına tam cavab verir. Başlıca prinsip Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul etməsidir. Sözsüz ki, bunu Ermənistan ona havadarlıq edən dövlətlərin və beynəlxalq ictimaiyyətin gözü qarşısında etmiş oldu və bir növ buna məcbur edildi. Çünki Azərbaycan ərazisi dünya birliyi tərəfindən birmənalı olaraq tanınır və qəbul edilir. İndiki halda Ermənistanın bu prinsipə qarşı çıxması onun təcavüzkar mahiyyətinin növbəti ifşası ola bilərdi. Digər bir məqam isə Ermənistanın sona kimi üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. Biz Ermənistanın hər zaman üzərinə götürdüyü öhdəliklərdən necə boyun qaçırdığını görmüşük. Yaxşı olardı ki erməni tərəfi bu öhdəliklərə sadiq olsun. Bu regionda sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı Ermənistanın özünün düşmüş olduğu ağır durumdan yeganə çıxış yoludur”.
Millət vəkili bildirib ki, BMT Nizamnaməsi əsas ərazi bütövlüyünü tanımaq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq etmək deməkdir:
“Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edib. Ümumiyyətlə isə Praqa Fransa və Ermənistanın öncədən hazırlamağa çalışdığı “hiylələrə” baxmayaraq Azərbaycan üçün uğurlu keçdi. Burada həmçinin Türkiyə-Azərbaycan birliyi bir daha bütün dünyaya bəyan edildi”.