15 Oktyabr 2022 13:34
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli danışıqlardan sonra dövlət başçısının Asiya ölkələrinə səfəri mühüm əhəmiyyət kəsb edir. Bu fakt Azərbaycanın bir qütblü siyasət aparmadığını, Qərb, Asiya, Orta Asiya, türk dövlətləri ilə geniş spektorda münasibətlər qurduğunu göstərir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan II Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müstəvisində addım atmaq niyyəti ortaya qoyub: "Bunun üçün beynəlxalq prinsiplərə əsaslanan 5 bəndlik sülh təklif edib. Eyni zamanda Vətən müharibəsindən sonra Moskva və Brüssel formatında bir neçə ardıcıl görüşlər təşkil edilib ki, bu da ən qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh prosesinə nail olmağa hədəflənib. Sözsüz ki, qarşı tərəfin prosesə konstruktiv yanaşması fonunda iki ölkə arasında daimi sülhün əldə edilməsi labüddur. Bunun baş verməsi üçün Ermənistan üzərinə düşən öhdəlikləri icra etməli və sülh prosesinə sona qədər səmimi olmalıdır. Məhz bu prinsiplər əsasında yekun sülhün əldə edilməsi mümkün ola bilər".

Professor hesab edir ki, Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ölkəmizin növbəti siyasi-diplomatik uğuru idi: “Burada ərazi bütövlüyü və suverenliyin tanınması BMT Nizamnaməsi əsasən qəbul edilib. Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyan Ermənistan beynəlxalq ictimaiyyətin gözü önündə həm də ölkəmizin II Qarabağ müharibəsindəki tarixi qələbəsini də etiraf etdi. Çünki Azərbaycanın suverenliyni tanımaqla Ermənistan faktiki olaraq Qarabağ üzərində Azərbaycanın inzibati hakimiyyətini tanıyıb.

Təbii ki, Ermənistan tərəfi sona kimi bu öhdəliklərə sadiq qalması da bir qədər təəccüblü olacaq. Amma hər bir halda Avropa İttifaqı səviyyəsində baş tutan 4 tərəfli görüşdə Azərbaycan ərazi bütövlüyünün tanınmasına nail olmaqla diplomatik müstəvidəki uğurlarını də təmin etməyə nail olub. Bu, Prezident İlham Əliyevin uğurlu siyasi strategiyasının nəticəsində əldə olunan mühüm bir qələbə hesab edilir. Praqa görüşlərinin gərgin keçəcəyi öncədən məlum idi. Çünki burada Ermənistanın himayəçisi rolunda çıxış edən Fransanın iştirakı belə bir mənzərəni öncədən göz önündə canlandırırdı. Amma Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində Azərbaycan üçün Fransa və Ermənistan cütlüyünün hazırlamağa çalışdığı hiylələr baş tutmadı”.

Millət vəkili hesab edir ki, Praqa görüşlərinin ardınca Azərbaycan Prezidentinin Qırğızıstana rəsmi səfəri yeni əməkdaşlıq perspektivləri baxımından xeyli səmərəli və məhsuldar oldu: “Prezident İlham Əliyevin Qırğızıstana rəsmi dövlət səfəri iki ölkə arasındakı əlaqələrin bundan sonrakı dönəm üçün inkişafı baxımından böyük töhfə verəcək. Ölkə başçısına Qırğızıstanda yüksək səviyyədə və böyük hörmətlə yanaşılması Prezident İlham Əliyevin türk dövlətləri və Asiya ölkələri arasında Liderlik xüsusiyyətli ilə səciyyələnir. Səfər çərçivəsində Azərbaycan Lideri Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimlərində iştirak etdi, əhəmiyyətli görüşlər keçirdi. Eyni zamanda Azərbaycanla Qırğızıstan arasında ölkələrimizin milli maraqlarına xidmət edən doqquz mühüm sənəd imzalandı ki, bu da yeni mərhələdə əlaqələrin daha aktiv müstəvidə inkişafına zəmin yaradacaq.

Azərbaycanla Qırğızıstan arasında qədim tarixə malik, iqtisadi və mədəni əlaqələr, dostluq münasibətləri mövcuddur. Bu münasibətlər günbəgün inkşaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Eyni zamanda hər iki ölkə, hər zaman beynəlxalq miqyasda bir-birini dəstəkləyib. Məhz bu konteksdən Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri, Azərbaycanla Qırğızıstan arasındakı mövcud əlaqələrin inkişafı baxımından səmərəli və məhsuldar olub.

Ölkəmizdə həyata keçirilən müdrik, uzaqgörən xarici siyasət nəticəsində dünya ölkələri Azərbaycanla yeni-yeni əlaqələr qurmağa və mövcud münasibətləri daha da dərinləşdirməyə can atır. Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da yaxından və fəal əməkdaşlıq edir, sülhə, inkişafa hesablanmış təşəbbüslərlə bağlı öz mövqeyini ortaya qoyur”.

Eldar Quliyev Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakının əhəmiyyətindən də bəhs edib:

“Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı toxunduğu məsələlər ölkəmizin II Qarabağ müharibəsindən sonra ortaya qoymuş olduğu prinsipial mövqenin bariz ifadəsi idi. Dövlət başçısı Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etdiyi vurğulayıb. Qeyd edilib ki, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyulub. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin edib.

Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Eyni zamanda Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib.

Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. İşğaldan azad edilmiş iki kənddə aşkarlanan kütləvi məzarlıqlar bu hərbi cinayətlərin sübutudur. Təəsüflər olsun ki, Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən boyun qaçırır.

Bununla paralel Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.

Deputat Astana Zirvəsində ölkə başçısı tərəfindən iştirakçıların Azərbaycan öz ərazilərini azad etdikdən sonra “Böyük Qayıdış” proqramının başlanıldığını da söyləyib: “Artıq bu proqram başlayıb. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb.

Amma Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur olub. Sözsüz ki, bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bütün bunların fonunda Azərbaycan ədalətli sülhün tərəfdarıdır.

Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Bu mənada Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər