17 Oktyabr 2022 08:44
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu tarixi günlərdə demək olar ki, hər gün Ali baş Komandan tərəfindən kənd, qəsəbə və şəhərlərimizin azad edildiyi bəyan edilirdi. 30 il işğal faktı ilə barışmayan xaqlımız üçün bu tarixi günlər böyük sevinc və qürür hissi ilə qarşılanırdı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlərimizin olması bizlər üçün çox çətin olmasına baxmayaraq, qələbə xəbərləri bizi ruhlandırıdı. Canını bu torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərin ruhu şad olurdu. Füzuli şəhərinin erməni işğalından azad edilməsi də mühüm tarixi və strateji əhəmiyyətə malik idi. Çünki 30 ilə yaxın bu ərazilərdə özləri üçün keçilməz adlandırdıqları istehkalmlar quran mənfur düşmən güclü Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyib qaçmağa, torpaqlarımızı tərk etməyə məcbur qalıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Füzulinin rayonunun böyük hissəsi 23 avqust 1993-cü il tarixində Ermənistan tərəfindən işğal olunmuşdu: “Təbii ki, Ermənistan tərəfindən Füzuli işğal edilən zamanı buna qarşı qəhrəman oğul və qızlarımız mübarizə aparıb Bunun nəticəsində rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid, 181 nəfər əsir və itkin düşüb. Erməni işğalına qədər Füzuli rayonu 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələsindən olub. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərilərək Füzuli rayonu adlandırılıb. Eyni zamanda işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub”.

Deputat bildirib ki, tarixi “Horadiz Əməliyyatı” zamanı ulu öndər Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə Füzulinin bir sıra yaşayış məntəqələrinin azad edilməsi ilə nəticələnib: “5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etmək məqsədilə təşkil edilmiş hücum nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. Məhz o dövrdə də, işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayıb. Vətən Müharibəsi dövründə Füzuli şəhəri azad edilənə qədər onun bir neçə yaşayış məntəqəsi kənd və qəsəbələri erməni təcavüzçülərindən təmizlənmişdi. Məhz 2020-ci ilin 17 oktyabrında Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilməsi qələbəyə doğu gedən yolda mühüm dönüş nöqtələrindən bir hesab edilirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi Füzuli şəhəri azad olunan günə qədər rayonun 62 yaşayış məntəqəsi erməni qəsbkarlarından təmizlənmişdi”.

Aqil Məmmədov hesab edir ki, bu gün Füzuli öz azadlığının ən şərəfli günlərini yaşayır: “Çünki rayon yenidən qurulur, bərpa edilir. Qısa zamanda Füzulu Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi çox mühüm əhəmiyyətə malik idi. Qarabağ hava qapısı hesab edilən Füzuli Beynəlxalq Hava Limanı artıq bu bölgədə yenidən canlanmaya həyatın qayıtmasına mühüm imkanlar açır. Füzuli erməni işğalı zamanı tamamilə dağıdılıb, məhv edilən rayonlarımızdan biridir. Barbar, vandal ermənilər Füzulidə daş-daşı üstündə qalmağa qoymayıb. Amma bu gün Füzulinin əsl sahidləri geri qayıdıb. Füzuliyə doğma nəfəs gəlib və qısa zamanda bu rayonumuz da ən müasir standartlara uyğun qurulub-bərpa ediləcək və füzulililər öz ata-baba yurdlarına əbədi olaraq xoşbəxt yaşayacaqlar”.

Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova hesab edir ki, Füzuli rayonunun erməni işğalından azad edilməsi mühüm əhəmiyyətə malik idi: “Cəbrayıldan sonra Füzuli şəhərinin də azad edilməsi xüsusi önəm kəsb edirdi. Füzulinin azad edilməsi həm də Ordumuzun qarşıdakı əməliyyatları baxımından strateji önəm daşıyırdı. Çünki strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ilə növbəti hərbi üstünlüklər qazanılmışdı. İşğal dövründə Ermənistan Füzuli istiqamətində cəbhə xəttində bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər darmadağın edildi”.

Millət vəkilinə görə, Füzulinin azad edilməsi ilə Müzəffər Ordumuz tərəfindən yeni bir tarix yazıldı: “Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü, döyüş əzmini nümayiş etdirərək düşməni lərzəyə saldı. 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal edilmişdi. Amma Azərbaycan Ordusu tərəfindən həmin ilin dekabrında həyata keçirilmiş 1994-cü ilin yanvar ayında işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilib. Bu mənada Füzulinin azad edilməsi Azərbaycan Ordusunun Horadiz Əməliyyatından başlamış olduğu tarixi missiyasının davamı idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi xalqımız üçün şanlı bir tarix hesab edilir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və milli ləyaqət məsələsi idi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu tarixi mərhələdən şərəflə və ləyaqətlə çıxaraq müasir Azərbaycanın daha güclü və qalib kimi inkişafına bir yol açmış oldu”.

Sevinc Heseynova Füzuli və digər azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib: “Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olması tarixi hadisə idi. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Əminik ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər