“AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: bazarertəsi - oktyabrın 24-də Milli Məclisdə "Partiyalar haqqında" qanun layihəsinin müzakirəsinə dair geniş dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən sizə kim ötürüb? Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!”
Teleqraf.com xəbər verir ki, bunu ReAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. O, Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə "Partiyalar haqqında" qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib:
“Təcili olaraq o bazarertəsinə mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL-ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür”, - deyə İ.Məmmədov qeyd edib.