Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar tarixə malikdir. Rayonun erməni işğalından azad edilməsinin ikinci ilində Şərqi Zəngəzurda, Zəngilanda Hava limanının açılışı mühüm əhəmiyyət kəsb edir. Bu, Qarabağ və Şərqi Zəngəzur üçün çox vacib bir infrastruktur olmaqla yanaşı, önəmli hadisədir. Şanlı Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad edib. Məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, inamlı Qələbə ilə Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlının erməni işğalından azad edilməsi Vətən Müharibəsinin gedişində olduqca böyük əhəmiyyət daşıyırdı: “Həmin vaxt Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa məhz noyabrın 8-də erməni işğalından azad edildi. Azərbaycanın üçrəngli bayrağı Şuşada ucaldıldı və bundan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu”.
Deputat qeyd edib ki, vətən müharibəsindəki qalibiyyət Azərbaycan və Türkiyənin şanlı və müştərək tarixidir: “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Məhz bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Qardaş Türkiyəni təmsil edən şirkətlər də bu prosesdə aktiv yer alıb. Bu mənada “Dost Aqropark”ı Türkiyədən olan iş adamlarının işğaldan azad edilmiş bölgədə yeni iş və infrastruktur imkanları yaratması ilə müşahidə edilir. Sözsüz ki, azad edilmiş ərazilərimizdə inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Çünki bu bölgədə avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə çəkilən tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur. Eyni zamanda bu bölgədə 84 körpününü tikilməsi nəzərdə tutulur ki, onların bir qismi artıq inşa edilib. Atılan bütün addımlar Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili işğal dövründə ermənilərin bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etməsindən bəhs edib: “İndi işğaldan azad edilmiş ərazilərimizdə yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ müharibəsində deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilib. Ermənilərin bizə məxsus ərazilərdə bu qədər dağıdıcılıq, barbar və vandalizm əməlləri isə tamam başqa mətləblərdən xəbər verir. Bu, Azərbaycan xalqına qarşı olan nifrətdən qaynaqlanan bir haldır. Həm də bu faktlar ermənilərin barbar, dağıdıcı bir toplum olduğunu bir daha açıq şəkildə nümayiş etdirir. Amma bütün bunlar artıq keçmişdə qalıb. Azərbaycan öz tarixi torpaqlarında böyük quruculuq-bərpa işlərini ardıcıllıqla icra edir. Məhz bunun nəticəsində çox qısa zamanda bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaq”.
Eldar Quliyevə görə, bu gün Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələri və qonşu dövlətləri narahat edir:
“Amma bu narahatlığın heç bir əsası yoxdur. Azərbaycan-Türkiyə qədər bu gün dünyaya ikinci bir-birinə yaxın olan dövlət yoxdur. Bu iki qardaş ölkə arasındakı tarixi ənənələr üzərində formalaşan bir birlik təcəssümüdür. Eyni zamanda bu Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ müharibəsindən sonrakı dövr bu birlik daha da gücləndirdi. Şuşa Bəyannaməsi isə Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bu amil bütün sahələrdə müttəfiqliyin bariz nümunəsi hesab edilir. Vətən Müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zamanın tələbidir”.