25 Oktyabr 2022 09:05
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İranın Azərbaycanla sərhədində keçirdiyi təlimlər haqda fikriniz necədir: molla rejimi köhnə sovet texnikaları və silahları ilə nə etməyə çalışır?

- İran rejiminin Azərbaycana yönəlik siyasəti bəllidir. İran rejimi Azərbaycan dövlətinin mövcudluğunu özünə təhdid hesab edir. Bununla bağlı İranın müxtəlif universitetlərində və ali hərbi məktəblərində fənlər tədris olunur və bunlar orada açıq şəkildə deyilir.

İranın sərhəddə keçirdiyi təlimlərin bir neçə səbəbi var. Təbii ki, bunlardan birincisi Azərbaycanı təhdid etməkdir. Azərbaycan 44 günlük savaşdan sonra “Dağlıq Qarabağ” adlı buxovu qırdı, önünü açdı və bölgədə yeni reallıq yaradaraq, öz strateji əhəmiyyətini artırdı. Eyni zamanda, Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrildi.

Bununla bərabər, Azərbaycan Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri üzərində yerləşdiyi üçün önəmi bir qədər də artdı. Azərbaycanın Qərb-Şərq nəqliyyat dəhlizinin orta xəttində yerləşməsi də xüsusi önəmə malikdir. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra bu dəhlizin və xəttin önəmi, eləcə də buradan yükdaşımaların həcmi artıb. Azərbaycanın müasir infrastrukturu və kommunikasiya xətləri də buna imkan yaradır. Bu da İranı hansısa formada narahat edir.

İran bu təlimlərlə Zəngəzur dəhlizinin açılmasına da mane olmağa çalışır. Məqsədi budur ki, Azərbaycanın Türkiyə ilə birbaşa quru əlaqəsi qurmasına mane olsun. Əsas hədəflərdən biri də Türkiyənin türk dünyası ilə birbaşa çıxışına əngəl yaratmaq və türk dövlətlərinin inteqrasiyasına mane olmaqdır. İran türk dünyasını özünə qarşı təhdid olaraq görür. Təsadüfi deyil ki, bu dövlət hələ də Sasani dövründən qalma, “Şahnamə”də yazılmış mif və əsatir əsasında bir uydurma tarix formalaşdırıb. Bu gün hətta İranda Turan əleyhinə dərslər keçirilir.

İran həm də Zəngəzur dəhlizinə mane olmaqla, Qərb-Şərq dəhlizi üzərindən daşınmalarının bir hissəsini öz ərazisinə keçirməyə çalışır. Bu da böyük maliyyə vəsaitlərinin əldə edilməsi deməkdir.

Digər yandan, İran həm də ona görə Azərbaycana qarşı qəzəblidir ki, Azərbaycan 44 günlük müharibədə İranla sərhədinin 132 kilometrlik hissəsini işğaldan azad etdi. Ötən 30 ildə işğal edilmiş ərazilərdə müxtəlif əməllər törətmiş İran rejimi həmin əraziləri “boz zolaq” olaraq istifadə edib, sanksiyalardan yayınmaq üçün ən müxtəlif mallarını buradan daşıyıb. Eləcə də nüvə proqramı çərçivəsində ona lazım olan elementlərin Ermənistan və işğal edilmiş ərazilər üzərindən daşınmasını həyata keçirib. Nəhayət, Azərbaycanın işğal edilmiş bu ərazilərində narkotik bitkilər becərib. İran rejimi bu ərazilərdən narkotiklərin qanunsuz tranziti üçün də istifadə edib.

Azərbaycan öz sərhədlərini azad etdikdən sonra İranın bütün bu oyunları pozuldu. Narkotik ticarətindən gələn böyük vəsaitlər həm də Azərbaycanın əleyhinə yönəlmiş agentura şəbəkəsi və terror təşkilatlarının fəaliyyətlərinə sərf olunurdu. Eyni zamanda, İranın Yaxın Şərqdəki ekspansionist siyasətini həyata keçirən qruplaşmalara xərclənirdi. İndi bu böyük maliyyə vəsaitləri İranın əlindən çıxıb.

Bir sözlə, sərhəddə keçirilən təlimlər Azərbaycan və Türkiyəyə qarşı yönəlib. İran rejimi Türkiyə və Azərbaycanın bölgədə artan rolunu əngəlləməyə çalışır. Bu fonda da yenidən Cənubi Qafqazda gərginlik və təxribat ocaqları yaratmağa səy göstərir. Amma hesab edirəm ki, bu səylər nəticəsiz qalacaq. Bu gərginlikdən və münasibətlərin gərilməsindən ən çox zərər çəkən İranın özü olacaq. Təklif budur ki, İran yenidən normal qonşuluq münasibətlərinə qayıtsın, Azərbaycanın bölgədə yaratdığı reallığı qəbul etsin və konstruktiv münasibətlər qursun.

- İran həm də təlimlərin “Azərbaycanda kök salmış sionist rejim”ə ünvanlandığını deyir. Maraqlıdır ki, İran Azərbaycanla sərhəddə təlim keçirdiyi vaxtda İsrail ordusu Suriyada molla rejiminə məxsus hərbi obyektlərin 90 faizini darmadağın etdi. Yəni İran niyə birbaşa elə İsrailin özünə cavab vermir, ona “mesaj”ı Azərbaycanla sərhəddən ünvanlayır?

- İran İsraillə birbaşa savaşa girməkdən çəkinir. Buna heç imkanı da yoxdur. Sadəcə özünə bağlı proksi qüvvələrdən, HƏMAS, “Hizbullah” və digər terror təşkilatlarından istifadə edərək, İsrailə zərbə vurmağa çalışır. Amma İsrail güclü dövlətdir, beynəlxalq dəstəyi, müasir və çox güclü ordusu var. Həmin ordu da ən yeni, dəqiq texnologiyaya və silahlara malikdir. Buna görə də İran Suriyadakı qüvvələrini və hərbi obyektlərini hədəfə alan İsrailə adekvat cavab verə bilmir. Bu səbəbdən də acığını başqa istiqamətlərdə çıxmağa çalışır.

İranın hazırkı təlimlərinin digər məqsədi də daxildə yaranmış gərginliklə bağlıdır. İran rejimi ölkədə baş verənlərin səbəbini kənarda axtarır. Adətən teokratik və totalitar rejimlər daxili problemlərini həll edə bilmədikdə, düşməni kənarda axtarmağa çalışırlar. Molla rejimi indi Azərbaycanı İran cəmiyyətinə “xarici düşmən” kimi göstərməklə daxildəki problemlərdən diqqəti yayındırmağa çalışır. Amma İran bu yöndəki məkrli niyyətinə də çata bilməyəcək.

- Azərbaycana kənar təhdid və hədələrin artdığı vaxtda Türkiyə ilə müttəfiqliyimizin önəminə münasibət bildirməyinizi istərdik. Türkiyə-Azərbaycan faktoru xarici hədələr və ya bölgədə maraqları olan qüvvələr qarşısında hansı çəkiyə malikdir?

- Azərbaycanın Türkiyə ilə müttəfiqliyi olduqca böyük əhəmiyyət kəsb edir. Bu müttəfiqliyin Şuşa Bəyannaməsi ilə nəticələnməsi və hüquqi qüvvəyə minməsi tarixi önəmə malikdir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsində Qars müqaviləsinə də istinad olunur. Azərbaycan 44 günlük savaşdan sonra Türkiyənin də verdiyi ciddi mənəvi-siyasi dəstək nəticəsində bölgədə yeni reallıq yaradıb. Türkiyə artıq Cənubi Qafqazda aparıcı rola malik ölkəyə çevrilib. Türkiyə-Azərbaycan birləşmiş qüvvələri də bölgədə baş verən proseslərdə önəmli faktordur. Təbii ki, bunu istəməyən qüvvələr də var.

Həmin qüvvələr də İranı Türkiyə və Azərbaycana qarşı çıxarmağa çalışırlar. Faktiki olaraq, İranın bugünkü davranışları belə bir təəssürat yaradır ki, molla rejimi ABŞ, Fransa, Rusiya və digər qüvvələrin sifarişlərini yerinə yetirir.

- Molla rejimi Azərbaycana qarşı bu düşmən tutumunu davam etdirdikcə, buna Güney Azərbaycanda yaşayan soydaşlarımızın reaksiyası necə ola bilər? İranın Azərbaycanla arasındakı körpüləri yandırmağa çalışdığı vaxtda Güneydə müstəqillik hərəkatının yenidən baş qaldıracağı ehtimalını hansı səviyyədə qiymətləndirirsiniz?

- BMT yarandığı dövrdə müzakirəyə çıxardığı ilk məsələlərdən biri də Güney Azərbaycan idi. İran bunu diqqətə almalıdır. İran onu da nəzərə almalıdır ki, Güneydə və onun ərazilərində 40 milyondan çox soydaşımız yaşayır. Yəni İran əhalisinin böyük qismini bizim soydaşlarımız təşkil edir. Oradakı soydaşlarımızın 44 günlük savaşda İran üzərindən Ermənistana silah-sursat daşıyan konvoyların qarşısını kəsmələri, yandırmaları, bununla bağlı Tehrana etirazlarını bildirmələri molla rejiminə xəbərdarlıq olmalıdır. Əgər İran rejimi Azərbaycana qarşı hansısa avantüraya cəhd edərsə, bundan ən ağır zərbəni İranın özü alacaq.

İran keçən il də Azərbaycana qarşı hərbi təlimlər keçirmişdi. Həmin təlimlərdə iştirak edən İran ordusunun türk-azərbaycanlı zabit və əsgərləri Azərbaycana bozqurd salamı, molla rejiminə isə xəbərdarlıq mesajı göndərdilər. Hesab edirəm ki, hansısa bir avantüraya əl atmaq istəsə, “bozqurd”a çevrilən əllər molla rejiminin başına dəyərək, onu parça-parça edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər