25 Oktyabr 2022 15:55
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan sabiq polis əməkdaşı Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Ramin Talıbovun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkilin ilk vəsatəti müdafiə etdiyi şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi olub. O bildirib ki, müdafiə etdiyi şəxs barəsində istintaq orqanı tərəfindən verilən ittihamda heç bir sübut yoxdur: “20 il əvvəl istintaqa ifadə verən Hindistan vətəndaşları deyiblər ki, Samir Kərimovun yanında bir cavan polis əməkdaşı olub, həmin polis əməkdaşı kənarda dayanıb, heç bir halda müdaxiləsi olmayıb. Bundan başqa, müdafiə etdiyim şəxsin həmin adamlarla telefon danışığı da olmayıb”.

Prokuror isə deyib ki, bu məsələyə məhkəmə araşdırmasının sonunda qiymət verilməlidir.

O, vəsatətin baxılmamış saxlanılmasını istəyib. Hakimlər hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıblar.

Daha sonra vəkil prosesin audioyazı ilə aparılması barədə vəsatət verib. Hakimlər hazırkı mərhələdə prosesin audioyazı ilə aparılması üçün texniki imkanların olmadığını deyiblər. Bu səbəbdən vəsatət təmin olunmayıb.

Bundan sonra vəkil müdafiə etdiyi Ramin Talıbovun əleyhinə ifadə vermiş bəzi şahidlərin dindirilməsi barədə vəsatət verib.

Vəkil qeyd edib ki, həmin şahidlər 13 il əvvəl prokurorluqda dindirilsələr də, cinayət işi sonradan yenilənən zaman həmin şahidlərin dindirilməsi, təqsirləndirilən şəxslərlə üzləşdirilməsi təmin olunmayıb.

Bu vəsatəti digər təqsirləndirilən Samir Kərimovun vəkili Kamandar Nəsibov da dəstəkləyib. Onun sözlərinə görə, sabiq baş prokuror Zakir Qaralovun Samir Kərimovla yaxşı münasibətləri olub.

O qeyd edib ki, Qaralova kostyumu da Samir Kərimovun atası alıb. Vəkilin sözlərinə görə, Abbas Abbasovun oğlu Aydın Abbasovun şikayətindən sonra Samir Kərimovla bağlı araşdırma başlanılıb. Vəkil deyib ki, şikayətçi Hindistan vətəndaşları Aydın Abbasovun himayədarlığı altında olublar:

“Aydın Abbasovun müraciətindən sonra Zakir Qaralov məsələyə qarışıb. Amma Samir Kərimovla bağlı heç bir araşdırma aparılmayıb. Biz müdafiə tərəfi olaraq dəfələrlə bununla bağlı istintaqa müraciəöt etsək də, bu iş dondurulub. Cinayət işinin icraatı dayandırılıb. Biz də hesab edirik ki, həmin şahidlər cinayət işi təzələnəndən sonra dindirilməli idilər. Amma istintaq nədənsə bunu etməyib. Biz də həmin şahidlərin dindirilməsinin təmin olunmasını istəyirik”.

Samir Kərimov deyib kİ, hazırda 62 yaşı var, ürək-damar sıxıntısı xəstəliyi keçirib, həmçinin kəskin böyrək çatışmçazlığından əziyyət çəkir. Göz yaşlarını saxlaya bilməyən Samir Kərimov deyib ki, prokurorluq orqanlarında bir sıra yüksək vəzifələrdə xidməti olub, sonuncu iş yeri isə Bakı şəhər prokurorluğunda müstəntiq vəzifəsi olub. O bildirib ki, Baş prokurorluqda onun vəzifəsi daha yüksək olub və Zakir Qaralovun baş prokuror təyin olunması üçün təqdimatın verilməsində iştirak edib.

Samir Kərimov əlavə edib ki, Zakir Qaralov baş prokuror təyin olunandan sonra onu Baş Prokurorluqdan kənarlaşdırıb və Bakı şəhər Prokurorluğuna müstəntiq təyin edilib.

Samir Kərimov qeyd edib ki, bu cinayət işi üzrə 1 il istintaq aparılıb və işlə bağlı onu kiminləsə üzləşdirməyiblər.

Müşavirə keçirən hakim heyəti isə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb. Hakim İradə Həsənzadə deyib ki, cinayət işi üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlərin dindirilməsi məsələsi müzakirə olunacaq.

Daha sonra Ramin Talıbovun vəkili o dövrdə bölmə rəisi işləyən Ülvi Allahyarovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Vəkilin bu vəsatəti təmin edilib. Hakim deyib ki, əsas şahidlər dindirildikdən sonra bu şahidin dindirilməsi təmin olunacaq.

Bundan sonra Samir Kərimovun vəkili Kamandar Nəsibov deyib ki, müdafiə etdiyi şəxs Baş Prokurorluqda müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun sözlərinə görə, sonuncu iş yeri isə Bakı şəhər Prokurorluğu olub və sonradan işdən çıxarılıb.

Kamandar Nəsibov bildirib ki, işdən çıxarılandan sonra Samir Kərimovun barəsində araşdırma başlanıb: “Bununla bağlı biz müdafiə tərəfi olaraq Baş Prokurorluğa dəfələrlə müraciət etmişik. Teleqramlar vurmuşuq. Bununla bağlı iş mareriallarında da var. Samir Kərimov burada iş tapa bilmədiyi üçün Rusiyaya gedib. Orada vətəndaşlığı qəbul edib, Rusiyada yaşayıb, amma heç yerdə gizlənməyib. Dəfələrlə Azərbaycanın Rusiyadakı səfirliyində olub, onların təşkil etdikləri tədbirlərdə iştirak edib.

Rusiyada olmasına baxmayaraq Samir Kərimov yenə də barəsində aparılan araşdırma ilə bağlı teleqramalar göndərib, dindirilməsini istəyib. Amma bu məsələ araşdırılmayıb. Bir gün Samir Kərimov səfirliyə gedib. Orada Daxili İşlər Nazirliyinin nümayəndəsi onu qəbul edib və deyib ki, barəsində araşdırma başlanıb. Bundan sonra onu Moskva prokurorluğuna aparılıb. Azərbaycan tərəfi onu tələb edib.

Amma Moskva prokurorluğa Samir Kərimovu təhvil verməyib və onun barəsində olan cinayət işinin materiallarını tələb edib. Azərbaycan prokurorluğu isə onun barəsində olan sənədləri Moskva prokurorluğuna göndərməyib. Biliriblər ki, onların sənədləri orada bərbad vəziyyətə düşəcək”.

Kamandar Nəsibov deyib ki, sonradan Daxili İşlər Nazirliyinə müraciət ediblər: “Nazirlikdən Samir Kərimovun barəsində axtarışın ləğv edildiyini deyiblər. Bir il sonra isə müraciətimizə cavab olaraq bildirilib ki, həmin sənədlər məhv edilib. 2004-cü ildən 2022-ci ilin fevralına kimi Samir Kərimovun barəsində axtarış aparılmayıb. Bu da rəsmi sənədlərlə iş materillarında öz təsdiqini tapır.

Həmçinin Samir Kərimov şəxsiyyət vəsiqəsini yeniləmək üçün ASAN xidmətə müraciət edir. Səhəri gün isə onu həbs edirlər. Bildirmək istəyirəm ki, Samir Kərimovun xəstəliyi var. Onun həbsdə saxlanılmasına ehtiyac yoxdur. Bundan əlavə, cinayət işinin cəlb etmə müddətinin vaxtı da keçib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik”.

Samir Kərimov bildirib ki, onun bu işlərdə heç bir günahı yoxdur: “Məhkəmə araşdırması zamanı da bu müəyyən olunacaq. Mən də bu işə aydınlıq gətirilməsini istəyirəm. Bu işi Abbas Abbasovun oğlu Aydın Abbasov qurub”.

Prokuror isə deyib ki, təqsirləndirilən şəxs hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Onun sözlərinə görə, Samir Kərimov Rusiyaya gedib və bundan sonra da ad-soyadını dəyişib: “2006-cı ildə isə Rusiya vətəndaşlığını alıb. Başqa ad-soyadla Azərbaycana gəlməsindən heç kim xəbərdar ola bilməzdi”.

Bu zaman prokurorla vəkil Kamandar Nəsibov arasında mübahisə yaranıb. Hakim isə vəkilə xəbərdarlıq edib. Müşavirə keçirən hakim heyəti Samir Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

Daha sonra çıxış edən Samir Kərimov deyib ki, o, hələ müstəntiq olan zaman Zakir Qaralovun göstərişi ilə barəsində araşdırma aparılması başlanılıb:

“Digər otaqda bununla bağlı araşdırmalar aparılırdı. Mənə bir söz deyilmirdi. Hiss edirdim ki, mənimlə bağlı nəsə bir iş görürlər. Bununla bağlı özüm Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getdim. Orada məni Nurəddin adlı müstəntiq dindirdi. Ondan sonra məni heç kim heç yerə çağırmayıb, dindirən olmayıb. Burada iş axtarsam da, tapa bilmədim. 2004-cü ildə Rusiyaya getdim. Orada vəkil olmaq üçün sənəd verdim. Rusiyada olduğum zaman səfirliyin tədbirlərindən iştirak etmişəm. Qanuna görə, cinayət işinin cəlb etmə müddətinin vaxtı 12 ildir. Amma bu işin üstündən 12, 14 il yox, düz 18 il keçib”.

Samir Kərimov cinayət işi üzrə adı keçən 11 nəfər Hindistan vətandaşının yerinin müəyyən edilməsini və məhkəmədə dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan Ramin Talıbovla qabaqcadan əlbir olub, Hindistan vətəndaşlarından rüşvət alıb.

İstintaq sənədlərinə görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib.

Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.
Bundan sonra müstəntiq məsələnin bağlaması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb.

Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.

Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

İttiham olunan Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiq Samir Kərimov cinayət hadisəsi törətdikdən sonra ölkədən çıxdığı üçün iş 20 il ərzində dayandırılıb. Bu ilin əvvəlində isə cinayət işi yenilənib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxslərdən Samir Kərimov həbsdə, Ramin Talıbov isə zamindədir.
Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və onunla birlikdə mühakimə olunan Ramin Talıbovla qabaqcadan əlbir olub, Hindistan vətəndaşlarından rüşvət alıb.

Samir Kərimov 2001-ci ildən axtarışda olub və ötən il həbs olunub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Samir Kərimov həbsdə, Ramin Talıbov isə zamindədir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər