Oktyabr 24-də Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirildi. Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyin öyənilməsində maraqlı olduğunu nümayiş etdirirdi. Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi partiyaların fəallığının artırılması və sağlam rəqabət mühitinin formalaşması üçün geniş imkanlar yaradacaq. Bu eyni zamanda ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunduğunun növbəti təzahürü hesab edilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, yeni qanunun qəbul olunması zərurəti zamanın tələbindən irəli gəlir:
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının mövcud Qanunu 3 iyun 1992-ci ildə, 30 il bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də uyğun gəlmir, yeni dövrün çağırışları ilə səsləşmir. Yeni qanun layihəsinin hazırlanması ölkəmizdə demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiqdir. Eyni zamanda, bu, ali qanunverici orqanın fəaliyyətinin yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun qurulduğunun göstəricisidir. Bir qayda olaraq dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması demokratik cəmiyyətin, eləcə də siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilir. Şübhəsiz ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ölkəmizdə siyasi dialoqun təşviq olunmasına və konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsinə təkan verəcək”.
Millət vəkili bildirib ki, yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar parlament sədrinə müraciət ünvanlayıb:
“Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Həmçinin, qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında yerləşdirilib. Bu isə Ali qanunverici orqanın mütərəqqi qanunun qəbul olunması prosesində şəffaflığın təmin olunmasına, bütün siyasi partiyaların və cəmiyyətin fəal üzvlərinin prosesdə rahat iştirakını təmin etməyə hədəfləndiyinin əyani göstəricisidir”.
Tamam Cəfərova qanun layihəsi hazırlanarkən beynəlxalq təcürbəyə geniş istinad olunduğunu söyləyib:
“Layihənin hazırlanması zamanı 20-dən artıq ölkənin təcrübəsi, o cümlədən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr nəzərdən keçirilib. Bu amil yeni qanunun beynəlxaq standartlara cavab verəcəyinə əminlik yaradır. Paralel olaraq ölkəmizdə mövcud olan bütün siyasi partiyalara təkliflərini vermək üçün şərait yaradılıb. Təbii ki, yeni qanun layihəsi xüsusilə siyasi partiyalar arasında ciddi müzakirə olunur. 6 fəsil, 30 maddədən ibarət olan yeni qanun layihəsində dəyişikliklərin olması da gözlənilən və təbii bir prosesdir”.
Deputat hesab edir ki, qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi sənəddir:
“Hazırlanan sənədin ictimai əhəmiyyəti və onun siyasi sistemdə yaradacağı dəyişikliklər müsbət qiymətləndirilir. Burada diqqət yetirilməli olan əsas məqamlardan biri də layihənin ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir”.