Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Soçidə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Rusiyanın vasitəçiliyi ilə görüşü nəzərdə tutulur. Görüş öncəsi Nikol Paşinyan ilin sonuna kimi Azərbaycanla sülhün əldə olunacağına dair ehtimalları dəyərləndirib. Sizcə, gözləntilər nə dərəcədə real nəticəyə ümid verir?
- Əslində erməni tərəfi bütün danışıqlarda ümidli olduğunu açıqlayır. Amma sonrakı mərhələdə Nikol Paşinyana verdiyi sözləri icra etməyə imkan vermirlər. Kimlərsə kənardan gəlib onu qızışdırır ki, sülh müqaviləsini hələ bağlama, biz Azərbaycandan nəsə qoparacağıq və s. Beləliklə də, Paşinyan yenidən xəyallara dalır. Amma başa düşmürlər ki, Azərbaycan artıq kiminsə diktəsi, istəyi ilə hansısa addım atmaq niyyətində deyil. Ölkəmiz özünün dayanıqlı sistemini formalaşdırıb. Bu mənada Azərbaycan bütün ərazisində özünün nəzarətini həyata keçirməyə qadirdir. Ona görə də, Paşinyanın bu tip açıqlamaları inandırıcı görünmür. Bəlkə də Paşinyan sülh istəyir, amma onun arxasında duran, qızışdıran, müəyyən dərəcədə onu xəyallara yuvarlayan qüvvələr var. Bunların sayəsində proses bir qədər uzanır. Bu baxımdan Paşinyanın dediklərinə inanmaq olmaz. Çünki o, dəfələrlə söz verib, amma öhdəlikləri icra etməyib.
- Sülh nizamlanma prosesində Rusiyanın daha çox hansı mərhələdə iştirakda maraqlı olduğunu söyləmək olar?
- İlk növbədə sülh müqaviləsi imzalanmalıdır. Bu baş verməlidir ki, şərtlər burada öz əksini tapsın. Çünki bundan sonra hansısa bir səhv addım olanda bu, ən azı müqavilənin pozulması mənasına gəlsin. Ona görə də, sülh müqaviləsinin imzalanması vacibdir. Bu həm də tərəflərin prosesdə daha rahat davranmasına imkan yaradacaq. Bununla proseslərə mane olmağa çalışan qüvvələrin də neytrallaşmasına imkan yaranır. Eyni zamanda bu, iki dövlətin iştirakı ilə yekunlaşan bir məsələ deyil. Digər tərəflər də burada iştirakçı olacaq və təsdiqləyici rol oynayacaq. Bu baxımdan sülh müqaviləsinin imzalanması önəmli şərtdir.
- Yekun sülh müqaviləsinin uzanma ehtimalını necə dəyərləndirirsiniz?
- Sülhlə bağlı məsələlərin hələ bir qədər uzanması ehtimalları çoxdur. Çünki Xankəndi, Naxçıvan məsələsi var. Bütün bunların hamısı sülhün tərkib hissəsi kimi öz həllini tapmalıdır. Sülh müqaviləsində həmin məsələlər öz əksini tapmalıdır. Müqavilədə həm də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu tək sözdə deyil, bu sənəddə də xüsusi ilə qeyd edilməlidir. Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu bu sənəddə öz əksini tapmalıdır. Bu məsələlər həllini tapan kimi sülh prosesini tənzimlənmiş saymaq olmaz. Amma müqavilə imzalandıqda burada həmin şərtlər nəzərdə tutulacaq. Burada hətta müddət də qoyula bilər ki, 1-2 ilə bu problem həll olunsun. Məhz bu fakt daha ciddi bir yanaşmadan xəbər verə bilər.
- Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin aparılması ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsünə erməni tərəfinin adekvat reaksiyası gözlənilirmi?
- Ermənistan hələ də bu məsələlərə adekvat reaksiya verməyib. Əslində Cənubi Qafqazda sülhün pozulması və baş tutmamasına yol açan Ermənistandır. Sülh müqaviləsi imzalasa, “Qafqaz evi” nin formalaşması istiqamətində ciddi addım atılacaq. Çünki bu, ilk növbədə etimadsızlığı aradan qaldıracaq. Ermənistan isə etimadsız bir ölkədir. Başqasının ərazisini işğal edən bir ölkə etimad göstərilən dövlət ola bilməz. Bu baxımdan indiki mərhələdə proseslər Ermənistandan asılıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır ki, bunun səmərəli yekunu olsun.