“İran-Azərbaycan münasibətləri bütövlükdə normaldır, amma İranın hansısa istəkləri var ki, bu, bizdən fərqli istəklərdir. Əlbəttə, bunları uyğunlaşdırmaq, ciddi qarşıdurmalara gətirmədən həll etmək də siyasətçilərin işidir. Bəli, İran təlim ilə güc göstərir, amma öz ərazisində keçirir. Biz də ərazimizin istənilən yerində hərbi təlimlər keçirə bilərik. Onlar təlim keçirir və bunu Azərbaycana, Ermənistana və Türkiyəyə yaxın hissədə edir. Lakin İran bizə heç nə edə bilməz”.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, mövcud qüvvələr balansını gördüyü üçün İranın Azərbaycana heç nə edə bilməyəcəyini görmək mümkündür: “Həm də İranın istək və ehtiyacları görünür. İrana bu gün Azərbaycanla nə qarşıdurma, nə də müharibə lazımdır”.
Politoloq əlavə edib ki, Fransanın Azərbaycandan fərqli istəkləri var: “Fransa istəyirsə əlindən gələni beş qaba çəksin. Biz əlimizdən gələni beş qaba çəkəcəyik. Məsələ bu qədər sadədir. Siyasət bundan ibarətdir. Mən düşünmürəm ki, İran, Rusiya və Fransa ilə münasibətlərdə yaranan hansısa problemlər bir-birindən fərqlidir. Əslində bu, müvazinətlər və balanslar sistemidir. Bu sistemdə uğurlu dövlət öz siyasətini düzgün qurur, uğursuz dövlət isə qura bilmir. Uğursuz dövlət nümunəsini Ermənistanda, uğurlu dövlət nümunəsini Azərbaycanda görürük. Amma bizim də müəyyən qüsurlarımız var və onlar da həll edilməlidir”.