27 Oktyabr 2022 18:24
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın son dövürlər Azərbaycanla bağlı sərgilədiyi mövqe heç bir məntiqə əsaslanmır. II Qarabağ müharibəsindən sonra Azərbaycan İranla olan sərhədinə tam nəzarəti həyata keçirməyə başlayıb. Bununla da bölgədə qeyri-qanuni daşımaların, narkotik və digər qanunsuz fəaliyyətlərin qarşısı ciddi şəkildə alınıb. Ölkəmiz İranla öz tarixi sərhəddini bərpa etdikdən sonra bu ölkə ardıcıl olaraq sərhəd xəttində təxribat xarakterli fəaliyyətlər icra etməyə başlayıb. Bu baxımdan da İranın sərhəddə keçirdiyi təlimlər anti-Azərbaycan mövqeyinə əsaslanır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmodov deyib.

O qeyd edib ki, İranın keçirdiyi təlimlər bu ölkənin ordusunun təchizatı və malik olduğu silahlarla bağlı da real mənzərəni bir daha ortaya çıxarmış oldu:

“Hər təlimində özünü hədəf alan İran nədənsə qonşuluq prinsiplərə riayət etmək istəmir. Əksinə Ermənistanla olan yaxınlaşmalar İslam birliyinə, həmrəyliyinə İranın “yanaşmasını” ortaya qoyur. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu dövürdə İran bu ölkə ilə münasibətləri kəsmək əvəzinə daha geniş əlaqələr qurmağa davam edib”.

Deputat vurğulayıb ki, özünü dünyada az qala müsəlmanların “hamisi” kimi qələmə verməyə çalışan İran Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində müsəlmanlara aid məscidlərin, dini ibadət ocaqlarının barbarcasına dağıdılmasına heç bir münasibət bildirməyib:

“Görünür İran tərəfini Azərbaycanın özünün hərbi, iqtisadi, siyasi gücü ilə azad etdiyi tarixi torpaqlara sahib olması ciddi narahat edir. Bunun səbəblərini sözsüz ki, hər kəs yaxşı bilir. Amma İslam dəyərlərindən danışıb müsəlmanlara qarşı soyqırımı törətmiş bir dövlətə dəstək vermək heç bir məntiqlə izah oluna bilməz”.

Aqil Məmmədova görə, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla birlikdə Zəngilanda Beynəlxalq Hava Limanının açılışında verdiyi mesajlar bütün tərəflərə açıq mesajdır:

“Əslində Azərbaycan və Türkiyənin birliyi, gücü sülhə, sabitliyə, təhlükəsizliyə mühüm töhfədir. Görünür, bundan narahat olan qüvvələr prosesin əsl mahiyyətini dərk etmək istəmir. Çünki Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahianın İrəvana səfər və daha sonra Qafanda konsulluğun açılması cənub qonşumuzun yaşadığı təlaşın açıq göstəricisi idi. Qafanda natamam tikilidə tələm-tələsik İran konsulluğu açmaq İranın bir daha Ermənistanın yanında olduğunu göstərən açıq fakt idi. Əslində İran bütün dövrlərdə Ermənistanın yanında olub. Azərbaycan torpaqları işğal altında olduğu müddətdə İran Ermənistanla bütün sahələrdə olan əlaqələrini daha da inkişaf etdirib. 30 illik işğal dövründə İran Azərbaycan xalqına məxsus tarixi, mədəni irsin dağıdılmasına, məscidlərin təhqir edilərək barbarcasına uçurulmasına münasibət bildirməyib. Bütün bunlar İranın ermənipərəst siyasət mahiyyətindən qaynaqlanan amillərdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər