29 Oktyabr 2022 09:05
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan məsələsi ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib. Putin deyir ki, əgər erməni xalqı və Ermənistan rəhbərliyi Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını əsas götürən "Vaşinqton variantı"nı seçməyi vacib hesab edirsə, buyursunlar. Rusiya liderinin bu mesajını necə şərh etmək olar?

- Dərinə getsək, bu, sazişlə bağlı Ermənistandakı narazı kəsimə ünvanlanmış mesaj ola bilər. Təxminən mesaj bundan ibarətdir ki, əgər Qarabağ erməniləri Azərbaycanın suverenliyində yaşamaq istəyirlərsə, Vaşinqton sənədinə imza ata bilərsiz. Putin başqa bir şeyi də deyir, bildirir ki, biz bütün hallarda həm erməni xalqının, həm də Azərbaycanın da maraqlarını nəzərə almalıyıq.

Əslində, bunlar təkrarlanan ifadələrdir. Bunlar həm də indiyədək müxtəlif kontekstlərdən səsləndirilən fikirlərdir. Bu fikirlər iki-üç il əvvəl başqa kontekstlərdə dilə gətirilirdi. Burada qeyri-adi nəsə axtarmaq düzgün olmazdı.

- Putin Azərbaycanın maraqlarını nəzərə alaq demir, o deyir ki, erməni xalqının maraqlarını nəzərə almalıyıq, Azərbaycanla da danışmalıyıq. O, bir şeyi də deyir ki, Rusiya Qarabağ məsələsi ilə bağlı Ermənistana dəstək verməyə hazırdır.

- Əslində, Putin deyir ki, biz Azərbaycanın da maraqlarını nəzərə almaqla, ermənilərin təkliflərinə istinad edəcəyik. Onu da bildirir ki, əgər razılaşma olacaqsa, bu, Azərbaycan üçün də məqbul olmalıdır. Yəni o demək istəyir ki, Rusiya Azərbaycanın da maraqlarını nəzərə almaya bilməz.

Ümumiyyətlə, bundan əvvəl də beləydi: Azərbaycanın razılığı olmadan nə bir razılığa gəlinə, nə də saziş imzalana bilərdi. İndi də belədir. Bu gün də eyni vəziyyətdir, sadəcə kontekst və forma dəyişib. O nə deyir-desin, hər şey Azərbaycanın maraqlarından asılıdır. Azərbaycan “Yox” desə, kim nə deyir-desin, bu onun öz şəxsi fikridir.

Üç il əvvəl bizim prezidentimiz “Valday”da çıxış edəndə söyləmişdi ki, Ermənistan baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deyir, mən isə deyirəm ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bundan bir il sonra 44 günlük müharibə baş verdi, nəticələri də göz önündədir.

Rusiya 44 günlük savaşdan əvvəl deyirdi ki, 5 rayonu Azərbaycana qaytarmaq lazımdır, Kəlbəcər və Laçın dəhliz kimi istifadə olunsun. Putin öz çıxışında bunu da gündəmə gətirdi. Bəs biz 44 günlük müharibədə nə etdik? Biz müharibədə Kəlbəcər və Laçını da azad etdik, Laçında dəhliz üçün 5 kilometrlik kiçik bir yer saxladıq. Amma Rusiyanın müharibədən əvvəl təklifləri tamam başqaydı. Bu gün isə bölgədə başqa bir reallıq hökm sürür, şərtlər də dəyişib. Biz yeni reallığa uyğun olaraq, şərtləri də dəyişdirdik.

Bir sözlə, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın istəyi olmadan heç bir saziş imzalana bilməz. Rusiyanın Ermənistana təsir imkanları daha çoxdur, nəinki Azərbaycana. Rusiya istədiyi istiqamətdə Ermənistana təsir göstərə bilər, Azərbaycanla bağlı isə bu çox azdır. Bəli, Putinin sözlərində Ermənistanın və Rusiyadakı erməni diasporunun xoşuna gəlmək istəyi var. Bu onun şəxsi fikridir, təbii ki, bizi narahat etməyə bilməz, amma bizim üçün prinsipial və əsaslı ola bilməz.

- Sülh müqaviləsinə dair mediada dolaşan Putinin də istinad etdiyi bir "Vaşinqon sənədi" var. Ermənistan mətbuatı və bəzi siyasiləri bunun Azərbaycanın lehinə olduğunu deyirlər. Sizin ABŞ-ın Qarabağla və ümumən Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair təklif və mesajlarına münasibətiniz necədir?

- Bizim Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyan bütün sənədlərə münasibətimiz yalnız müsbət ola bilər. Əgər "Vaşinqton sənədi"ndə bu varsa, demək ki, bizim üçün məqbuldur. Amma biz belə sənədləri diqqətlə nəzərdən keçirməliyik. Ümumi sənədlər isə bizə lazım deyil. Çünki ümumi sənədlər qəbul olunduqdan sonra erməniləri başlayırlar ki, bu ifadə belə səslənməliydi, burada filan şey yoxdur və s. Məsələn, üçtərəfli 10 noyabr bəyanatı qəbul olunub, orada açıq yazılır ki, iki ölkə arasında kommunikasiyalar açılmalıdır. Amma biz Zəngəzur dəhlizindən danışdıqda Ermənistan deyir ki, belə bir söhbət yoxdur, orada “dəhliz” ifadəsi yer almayıb.

Ümumiyyətlə, bizim üçün məqbul olan bütün məsələləri irəli sürülən sənədlərdə göstərməliyik. Məsələn, biz o vaxt bilmirdik ki, ermənilər “dəhliz” ifadəsinə görə bu qədər həngamə qoparacaqlar, nəticədə bu bəndin icrası qeyri-müəyyən vaxtadək uzanacaq. Bunu üçtərəfli bəyanatın dördüncü bəndi ilə bağlı da demək olar. Həmin dördüncü bənddə göstərilir ki, Ermənistanın silahlı qüvvələri bölgəni tərk etməlidir. Amma həmin qüvvələr hələ də oradadır. Onlar iddia edirlər ki, bunlar Ermənistanın yox, “yerli silahlı qüvvələr”dir və bu haqda sənəddə heç nə yazılmayıb. Yeni sənədlərdə də bütün bu tələblər qoyulmalı və gecikdirilmədən yerinə yetirilməlidir.

İstər “Vaşinqton”, istərsə də digər sənədlər olsun, orada Qarabağın Azərbaycan ərazisi olduğunu göstərən ifadələr yer almalıdır ki, sonradan heç bir spekulyasiyalar olmasın.

- Ermənistan Baş naziri Nikol Paşinyan isə münasibətlərin tənzimlənməsinə dair Rusiyanın sentyabrda təklif etdiyi prinsiplər əsasında işləməyə hazır olduğunu açıqlayıb. Bəs Azərbaycanın Rusiyanın bu naməlum təklifinə cavabı necə ola bilər? Ümumən söhbət hansı prinsiplərdən gedə bilər?

- Biz bu prinsiplərin nə olduğunu bilmirik. Əslində, Moskvanın, Brüsselin və Vaşinqtonun prinsipləri olmamalıdır. Prinsiplər ümumi olmalıdır. Məsələn, ərazi bütövlüyünün təsbiti, sərhədlərin toxunulmazlığı, ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri və s. Əsas prinsiplər bunlardır. Biz 5 prinsip irəli sürümüşük ki, bunların hamısı beynəlxalq hüquqda təsbit olunub. Əgər bu prinsiplər Rusiyanın təkliflərində yer alırsa, niyə də yox. Əgər yoxdursa, onda müzakirə ediləsi bir şey də yoxdur.

- Rusiyanın Xankəndiyə gəlmiş erməni milyarder Ruben Vardanyanı fəallaşdırması da müzakirə mövzusudur. Kremlin Vardanyanı əvvəlcə separatçı rejimin, ardınca da Ermənistanın başına keçirməyə çalışdığı iddia edilir. Sizcə, bu baxımdan Vardanyan Rusiyanın işinə yaraya biləcək fiqurdurmu və onunla qarşıya qoyulan hədəflərə nə qədər çata bilərlər?

- Bunu zaman göstərəcək, indi bu haqda nəsə demək çətindir. Amma bütün hallarda Vardanyan Ermənistan hakimiyyətinə iddiası olan və bu məqsədlə seçkilərdə iştirak etmək istəyən şəxsdir. Buna görə də güman etmək olar ki, Qarabağ məsələsindən tramplin kimi istifadə etməyə çalışır.

Vardanyan Rusiyadakı erməni diasporunun “parlaq” nümayəndəsidir. Buna görə də Rusiya onu dəstəkləyir və dəstəkləyəcək. Amma Paşinyandan fərqli olaraq, onun Ermənistandakı reytinqi kifayət qədər aşağıdır. Reytinqini qaldırmaq üçün hansısa addım atmalıdır, nəsə etməlidir, özünə siyasi meydan yaratmalıdır. İndi bunun üçün rusiyapərəst və ya anti-Qərb qüvvələrinin Vardanyanın ətrafında toplaşıb-toplaşmayacağı gedişatdan asılı olacaq.

Son illərdə Ermənistan müxalifətində tez-tez müvəqqəti liderlər meydana çıxırlar, amma onların bu sınaqları uğurlu alınmayıb. Məsələn, Vanetsyan, Saqatelyan və s. Amma onların arxasınca böyük kütlə getmədi, sınaqları uğursuz oldu. Vardanyanın da nə edəcəyini görəcəyik.

- Həm Azərbaycan, həm də Ermənistandan müxtəlif səviyyələrdə ilin sonunadək sülh müqaviləsinin imzalanacağı ilə bağlı açıqlamalar verildi. Görünən isə budur ki, Rusiya bu prosesi pozmaq üçün əlindən gələni edir və edəcək. Belə olan halda burada Rusiyanın istəyindən kənarda bir prosesin başlaya biləcəyindən danışa bilərikmi?

- İndi Gürcüstan platforması bizim üçün maraqlı görünür. Azərbaycanla yanaşı, Türkiyə də əvvəldən təklif edir ki, danışıqlar birbaşa olsun, yəni üçüncü tərəfin iştirakı olmadan iki ölkə arasında aparılsın və bunun əsasında bir sənəd ərsəyə gəlsin. Gürcüstan da bu baxımdan vasitəçi yox, texniki vasitəçi qismində çıxış edə bilər. Yəni tərəflərə danışıqlar üçün şərait yarada bilər, amma prosesə müdaxilə etməyəcək. Əslində, bu, ən əlverişli ssenaridir. Prezidentimiz də dəfələrlə deyib ki, bizə vasitəçi lazım deyil. Amma məsələ budur ki, Ermənistana vasitəçi lazımdır. Vasitəçiləri Ermənistan prosesə dartır.

Ermənistan gah Moskvanın, gah Vaşinqtonun, gah da Brüsselin şərtləri ilə razılaşır, yəni oyun oynayır. Paşinyan kim daha əlverişli şərtlər irəli sürürsə, onunla işləmək istədiyini bildirir. Ona görə də belə tərəf müqabili ilə işləmək çox çətindir. Əlbəttə Qərb də, Rusiya da bu vəziyyətdən istifadə edir. Ona görə də bunun arzuolunan və ideal, amma həyata keçməyən variant olaraq qalacağını düşünürəm. Amma bu o demək deyil ki, bu platformanın gələcəyi yoxdur.

Bu platformanın gələcəyi var, o baxımdan ki, bu çərçivədə hansısa müzakirələr aparıla bilər. Amma düşünürəm ki, son nəticədə sülh müqaviləsi daha güclü vasitəçinin yardımı ilə imzalanacaq. Kimsə qarant olmalıdır, bu qisimdə də üçüncü tərəf çıxış edəcək. Onun Qərb, yoxsa Rusiya olacağını bilmək olmur. Dediyim kimi, əsas məsələ Azərbaycanın mövqeyidir. Azərbaycan maraqlarımıza uyğun olmayan heç bir sənədə imza atmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər