29 Oktyabr 2022 09:16
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilk gündən Azərbaycan-Ermənistan arasındakı münasibətlərin nizamlanması üçün Avropa İttifaqı və Amerikanın təşəbbüslərinə qıcıqla yanaşıb. Biz bir il əvvəl də bunun şahidi olmuşuq. Məsələn, dekabrda Brüsseldə nəzərdə tutulan üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin tələsik tərəfləri Soçiyə dəvət etdi, guya məsələləri müzakirə edib konkret nəticələrə gəlindiyinə dair açıqlama verdi. Amma faktiki olaraq bunun davamında biz ciddi addımlar görmədik. Bundan sonrakı dövrdə isə Aİ fəalləşdı və təşəbbüsləri önə çıxdı”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov Rusiyanın Brüsselin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında gedən danışıqlar platformasına münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda Brüssel formatında danışıqlar müsbət istiqamətdə gedir:

“İndiyə qədər üç dəfə canlı, bir dəfə virtual və nəhayətdə Praqada növbəti danışıqlar keçirildi. Rusiya da Aİ-nin prosesə qoşulmasını və fəal iş aparmasını guya geopolitik maraqlar naminə həyata keçirdiyini deyir, bundan narazı olduğunu açıq ifadə edirdi. Bəli, Moskvada düşünürlər ki, imkanları çatdığı həddə qədər bu prosesi əngəlləsin və öz nəzarətlərində saxlasınlar. Buna da cəhd edəcəklər. Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları da bunun əyani sübutudur”.

Politoloq xatırladıb ki, Putinin son çıxışında Qarabağ mövzusunda danışdı, erməni cəmiyyətinə heç də bölgədəki duruma uyğun olmayan mesajlar verdi:

"Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın təklifləri əsasında danışıqlara hazır olduqlarını elan etməsi təsadüfi deyil. Paşinyan əslində ziddiyyətli bəyanatlar verməklə paralel yeni manevr imkanları əldə edir. Mən düşünmürəm ki, Rusiyanın təsiri altında prosesin aparılmasının tərəfindədir. Sadəcə Putin tərəfindən ona da pas verildi ki, prosesi tərsinə döndərə bilsin. Düşünürəm ki, Putinin məlum çıxışından sonra həm Ermənistan-Azərbaycan sərhədində, həm də Qaabağda gərgin durumla yanaşı, müəyyən təxribatlar da görə bilərik. Bu təxribatların əhəmiyyətli hissəsi də Rusiyanın nəzarəti altında olan ərazilərdə müxtəlif erməni qrupları tərəfindən ediləcək”.

Oqtay Qasımov düşünür ki, Ukrayna savaşının gedişatı Rusiyanın imkanlarını burada xeyli məhdudlaşdırır:

“Əgər doğurdan da Qərb Brüssel prosesinin aparılmasında maraqlıdırsa və münaqişə tərəfləri də iradə nümayiş etdirəcəksə, bu halda Rusiya prosesə maneə ola bilməz. Bu daha çox tərəflərin davranışından və kollektiv Qərbin özündən asılı olacaq.

Amma Moskva və Vaşinqton variantında sülh müqaviləsinə dair ortada olanları tam bilmədiyimiz üçün hansının bizim maraqlarımıza daha uyğun olduğunu deməkdə çətinlik çəkirik. Əlbəttə burada geopolitik savaş da var və biz bu gərginliyi hələ də yaşayacağıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər