Rusiyanın vasitəçiliyi ilə keçiriləcək Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Soçi görüşünün hansı ərəfədə olmasına diqqət yetirmək lazımdır. Bu, o ərəfədə baş tutur ki, noyabrda ABŞ, Avropa İttifaqının Azərbaycan və Ermənistana təqdim etdiyi sülh müqaviləsinin mətni tərəflər arasında düzəliş edildikdən sonra müzakirə edilməkdə idi. Belə bir ərəfədə Rusiya təşəbbüsü öz üzərinə götürərək məhz onun platformasında Bakı və İrəvan arasında razılıq olmasını istəyir. Əslində bizim üçün Qərb, yoxsa Rusiya platformasının önəmi yoxdur. Əsas məsələ Qarabağın Azərbaycanın əsas hissəsi olması ilə bağlı Ermənistan hüquqi sənədə imza atmasıdır.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
Onun fikrincə, Rusiyanın bizə təqdim edilən sülh mətnində Qarabağın “status” məsələsi faktiki olaraq gələcəyə saxlanılır: “Bu, Azərbaycanın maraqlarına cavab vermir. Qərbin təklif etdiyi sülh konsepsiyasında isə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası önə çəkilir. Eyni zamanda Azərbaycanla Qarabağ erməniləri arasında dialoq nəzərdə tutulur. Bu, əslində daha məqbul variant hesab edilir. Ona görə də, verilən təkliflərdə yaxşı olar ki, ədalət və beynəlxalq hüquq da düşünülsün. Biz Soçi görüşü ərəfəsində bəzi dairələr tərəfindən Azərbaycana qarşı intensiv kampaniyaların aparıldığını da görürük. Böyük Britaniyanın BBC, Fransa, İran və Rusiyanın kütləvi informasiya vasitələrində sistemli şəkildə Azərbaycana qarşı təzyiq elementlərinin şahidi olduq. Bütün bunlar onu göstərir ki, ermənilər bir çox hallarda bəzilərinin maraqlarına cavab verir. Həmçinin onlar Nikol Paşinyana təzyiq etməklə ermənilərin maraqlarının itirilməsinə şərait yaratmaq istəmirlər. Çünki Rusiya telekanallarında Azərbaycanla, Qarabağla bağlı cəfəng xarakterli məlumatlar veriləndə Ermənistan tənqid edilmirdi. Hətta Qarabağdakı separatçılar müdafiə olunurdu”.
Politoloq Qarabağda yaşayan ermənilərin keçirdiyi mitinqin əsl mahiyyətinə də aydınlıq gətirib: “İki ölkə arasında Qarabağın artıq Azərbaycanın suveren işi olduğu haqda razılaşmaların eşidildiyi bir dönəmdə Qarabağ erməniləri mitinq keçirdilər. Eyni zamanda noyabrın 5-də “Qarabağ klanı” və ruspərəst qüvvələr Paşinyana qarşı mitinq keçirməyi planlaşdırırlar. Hədəf sözsüz ki, bəllidir. Bunu açıq deməliyik. Bəzi dövlətlər və Qarabağ erməniləri birləşərək Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmirlər.”
Zaur Məmmədov hesab edir ki, bu gün liderlər arasında keçiriləcək Soçi görüşü çox çətin keçəcək: “Bu görüş, ümumiyyətlə, prinsipial əhəmiyyət kəsb edəcək. Burada Azərbaycan tərəfi bir daha Rusiya və Ermənistana onun tələblərinin nədən ibarət olduğu çatdıracaq. Eyni zamanda vəziyyətin dondurulması ilə bağlı rəsmi Bakının razılaşmayacağını qəti şəkildə qeyd edəcək. Bununla yanaşı Qarabağla bağlı Azərbaycanın maraqlarına cavab verməyən hansısa bəndlərin ortadan qaldırılması tələb olunacaq. Həmin təklifdə sonuncu bənd məhz Qarabağla bağlıdır. Bu da Azərbaycanın maraqlarına zidd olan məsələdir”.