2 Noyabr 2022 19:22
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Soçi görüşü öncəsi “15 bəndlik” sənəd məsələsi var idi. Üçtərəfli görüş sonrası bu sənədlə bağlı heç bir məlumat verilmədi. Həmin sənədin aqibəti necə oldu?

- Soçi görüşü Vladimir Putinin fikirləşdiyi, amma uğurla həyata keçirə bilmədiyi bir layihə oldu. Onun əsas məqsədi o idi ki, özlərinin dediyi və olmayan “Vaşinqton sənədlərini” ikincı sıraya keçirsin. Eyni zamanda burada Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki müsbət rolunu qabartmaq məqsədi də var idi. Amma bu da alınmadı. Çünki onların hazırladığı “15 bəndlik” sənədin “15-ci” maddəsi çox təhlükəli idi. Prezident İlham Əliyev elə ilk addımda qeyd etdi ki, “Dağlıq Qarabağ” münaqişəsi iki il öncə həll edilib. Bununla da bir növ Putinin fikirləri qabaqlanmış oldu.

- Yekun bəyanatda Ermənistanın istəkləri əksini tapmadı. Burada əngəllənən məqamlar hansılar idi?

- Əslində bu görüş Ermənistanın tam iflası oldu. Eyni zamanda Rusiyanın siyasi cəhətdən məğlubiyyəti, Azərbaycanın diplomatik qələbəsi ilə baş çatdı. Çünki yeni bir istiqamət götürülmədi. Erməni tərəfi “status” məsələsinə qayıtmaq istəyirdi. Sülhməramlıların daha uzun müddət qalmasına, eyni zamanda Azərbaycanın federallaşmasına doğru bir addım atılmaq niyyəti var idi. Amma bütün bunlar aradan qaldırıldı.

- Prezident İlham Əliyevin Soçi görüşündən sonra Əlcəzairə səfəri, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı, vermiş olduğu mesajların həssas dönəm üçün effektivliyi nədən ibarət oldu?

- Dövlət başçısının Əlcəzairə səfəri və orada etdiyi çıxış, səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Bu ölkəyə səfəri zamanı Prezident İlham Əliyevin muzeyin xatirə kitabına yazdığı sözlərin mənası, eyni zamanda onun gözəl hüsnü-xəttinin olması daha çox diqqəti çəkdi. Mətn ingilis dilində çox yüksək peşəkarlıqla yazılmış bir xatirə yazısı idi. Ümumilikdə isə dövlət başçısının bu ölkəyə səfəri çox yaxşı planlaşdırılmış bir addım hesab edilir. Bu ayın 15-də Fransada Azərbaycana qarşı növbəti absurd sənəd müzakirəyə çıxarılacaq. Azərbaycan Prezidenti Fransanın müstəmləkədə saxladığı və ən çox soyqırımı həyata keçirdiyi bir ölkənin, Ərəb Liqasının tribunasından çox mühüm mesajlar verməklə bəzi dairələrə də daha diqqətli olmaları çağırışını etdi.

- İslam dünyasının, xüsusilə də ərəb ölkələrinin Azərbaycana olan münasibət bu səfərdə nə dərəcədə özünü büruzə verdi?

- İslam dünyası 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Azərbaycana çox xüsusi önəm verir. Digər bir amil Prezident İlham Əliyevin burada tək Fransaya deyil, bütün dünyaya mesaj verməsi ilə bağlıdır. Çünki 130 il ərzində 1,5 milyon əhali soyqırımına məruz qalıb və ümumilikdə fransızlar bu müddət ərzində 10 milyon insan qətlə yetirib. Orta hesabla fransızlar Əlcəzairdə hər gün 46 adamı qətlə yetirib. Bu, əslində çox acınacaqlı rəqəmdir. Bunu Azərbaycan əhalisinin sayı 7 milyon olan dövrdə ermənilər də hər gün 6-7 soydaşımızı qətlə yetirməsi kimi acı bir həqiqətlə müqayisə etmək olar. Bu baxımdan ölkə başçısı Əlcəzairdə çıxışında çox vacib paralellik apardı. Eyni zamanda burada Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladğı dövrdə 1 milyon mina basdırması məsələsi də qabardıldı. Vaxtilə Fransanın Əlcəzairdə həyata keçirdiyi soyqırımı siyasətinin Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədildiyi gündəmə gətirildi. Ermənistan kimi dövləti Fransanın dəstəkləməsi fonunda başda Emmanuel Makron olmaqla onların terrorist mahiyyətinə də eyham vuruldu. Bu da təsadüfi deyil. Əlcəzair kimi terrora, soyqırımına məruz qalmış bir ölkənin tribunasından bu fikirlərin səslənməsi olduqca önəmlidir. Ümumilikdə Prezident İlham Əliyevin Əlcəzairdə çıxışında özünü dünyaya açılan favorit lider kimi yüksək səviyyədə təqdim etdi. Əslində bu Azərbaycanın yenidən dünyaya açılışı idi. Prezident İlham Əliyev həm özünü, həm də Azərbaycanı müsbət mənada Əlcəzairdəki tribunadan dünyaya tanıtmış oldu.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər