Azərbaycanın Kiyevdəki səfirliyi heç zaman bağlanmayıb və ya Ukraynadan təxliyə olunmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfirliyin müəyyən müddətdə Ukraynadan təxliyə olunduğu barədə qeyri-dəqiq məlumatlar yayılır:
“Döyüşlərin paytaxt Kiyevə keçmə riski səbəbindən ən son diplomatik nümayəndəliklərdən biri olaraq səfirlik 8 mart 2022-ci il tarixindən müvəqqəti Lviv şəhərinə köçürülmüş, 28 aprel 2022-ci il tarixindən Kiyevə dönərək fəaliyyətini davam etdirmişdir. Konsulluq xidməti 24.02.2022 tarixindən 31.07.2022 tarixinədək həftənin hər günü, 01.08.2022 tarixindən isə rəsmi iş günlərində fəaliyyət göstərir”.
Səfirlik konsulluq xidmətləri ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib:
“Konsulluq şöbəsinin xidmətlərindən faydalanmaqda vətəndaşlarımıza kənar şəxslər tərəfindən maddi maraq qarşılığında köməklik təklif edilməsi cəhdlərinin aşkar olunması səbəbindən xəbərdar etmək istəyirik ki, konsulluq qəbulu yalnız səlahiyyətli əməkdaş tərəfindən aparılır və hər hansı kənar şəxslərə bununla bağlı səlahiyyət verilməmişdir. Konsulluq şöbəsinin mövcud şəraitdə göstərə bildiyi xidmətlər üçün Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş rüsumlar yalnız bank hesabına ödəniş edilməklə tutulur (nağd ödənişlərə yol verilmir). Azərbaycan Hökumətinin qərarına uyğun olaraq Ukraynadan təxliyə olunan Azərbaycan Respublikası vətəndaşları ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə 3 mart 2022-ci il tarixindən etibarən yuxarıda qeyd olunan Qanunun 16.1.2. bəndində nəzərdə tutulmuş 10 ABŞ dolları məbləğində rüsumdan azad edilmişdirlər (sənəd ödənişsiz rəsmiləşdirilir). Səfirlik maddi maraq qarşılığında heç kimdən heç bir halda köməklik təklifi qəbul etməməyi, belə hallar olduqda [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verilməsini xahiş edir”, - deyə məlumatda qeyd olunub.