Prezident İlham Əliyevin Əlcəzairə səfəri Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı ölkəmizə və onun liderinə olan böyük ehtiramın göstəricisi hesab edilir. Əlcəzairin müstəqilliyə gedən yolu da ağır və keşməkeşli olub. Uzun illər Fransanın müstəmləkəsində olan əlcəzairlilərin müstəqilliyə qovuşması milyonlarla qurban bahasına başa gəlib. Fransa 1958-1962-cü illərdə 1,5 milyon əlcəzairlini vəhşicəsinə qətlə yetirib. Çox təəsüf ki, Fransa bu qanlı əməllərinə görə, beynəlxalq hüquq qarşısında cavab verməyib. Azərbaycan xalqı da müstəqilliyinin ilk illərində Ermənistan tərəfindən soyqırıma məruz qalan və torpaqları işğal altına düşmüş bir ölkə idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycan öz gücü və qüdrəti hesabına ərazi bütövlüyünü təmin edib: “Çox təəssüf ki, Ermənistan tərəfi Azərbaycan xalqına qarşı törətmiş olduğu qanlı qətliamlara, "soyqırımı siyasəti"nə görə məsuliyyətə cəlb olunmayıb. Soyqırımı, qətliam törətməkdə fransızlar və ermənilər bu mənada eyni mövqedə dayanır. Ona görə də, Fransa prezidenti Emanuel Makronun ermənilərə olan isti münasibəti terrora, insanlıq əleyhinə hərbi cinayətlərə, soyqırıma açıq dəstək kimi başa düşülür. Amma gec-tez hər kəs törətdiyi cinayətlərə görə tarix qarşısında cavab verməklə yanaşı, beynəlxalq hüquq müstəvisində də məsuliyyətə cəlb olunacaq”.
Millət vəkili bildirib ki, Azərbaycan iki il əvvəl yeni tarix yazıb: “Zəfərlə başa çatan müharibədən sonra ermənilərin dağıtdıqları ərazilərin bərpası istiqamətdə görülən işlər dünya birliyi tərəfindən izlənilir və təqdir olunur. Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında qalib lider kimi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Böyük qayıdışla bağlı ətraflı bəhs edib”.
Azər Badamov hesab edir ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakı da mühüm önəm kəsb edir: “Bu həmçinin təşkilatın fəaliyyətinə də müsbət töhfə olcaq. Çünki bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyada məsuliyyətli və ədalətli ölkə kimi tanınır və qəbul edilir”.