Ermənistan riyakar və məkrli oyunun içindədir. Avropa-İran-Rusiya üçbucağı arasında var-gəl edən Ermənistan və onun baş naziri bütün variantlarla mümkün sülh sazişinin imzalanmamasına çalışır. Məqsəd Azərbaycan-Ermənistan arasındakı mövcud durumu bloklamaq cəhdidir. Digər bir tərəfdən isə Ermənistan silahlanaraq Azərbaycanla yeni müharibəyə hazırlaşır.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, erməni tərəfini bu məsələdə stimullaşdıran Fransa və İrandır: "Eyni zamanda Ermənistan Hindistandan da silah almağa başlayıb. Bütün bunların fonunda Ermənistanın niyyətinin əsl mahiyyəti bir daha aşkara çıxmış olur".
Partiya sədri hesab edir ki, yenidən müharibəyə hazırlaşan Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək niyyətindədir: “Eyni zamanda Ermənistan Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkməyib. Ermənistanın 2023-cü il dövlət büdcəsindən Qarabağda, Azərbaycan torpaqlarında məskunlaşmış ermənilər üçün 355 milyon dollar ayırması bu ölkənin sülhə nə qədər “səmimi” yanaşdığının açıq təzühürüdür. Bu, əslində dolayısı ilə Azərbaycana qarşı inneksiya siyasətinin davamı deməkdir”.
Millət vəkilinə görə, Ermənistanın hələ də separatçılara maliyyə yardımını davam etdirməsi Azərbaycana qarşı təcavüz siyasətinin davamı kimi izah edilir: “Şübhəsiz ki, Ermənistanın ayırdığı bu vəsait orada silahlanmaya, yeni-yeni hərbi qruplaşmaların yaradılmasına xidmət edəcək. Ona görə də, bu məsələlərlə bağlı bütün proseslər ölkə başçısının diqqətindədir. Qısa zamanda buna da lazımi qiymət veriləcək”.
Fəzail Ağamalı qeyd edib ki, noyabr-dekabr aylarında Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı konkret addımlar atmalıdır: “Bu addımlar atıldıqdan sonra Ermənistanın separatçılara maliyyə yardımı birdəfəlik dayanmalı olacaq. Bunun əksinə olan bütün proseslər Ermənistan dövlətinin ziyanına olan hallardır. Çünki Azərbaycanın o bölgədə separatçıların kökünü birdəfəlik kəsmək üçün antiterror əməliyyatları keçirmək məcburiyyətində qalacaq”.