6 Noyabr 2022 21:02
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diaspor quruculuğu və lobbiçilik fəaliyyəti tarixin bütün dövrlərində prioritet məsələlərindəndir. Hazırda dünyada, demək olar ki, hər gün bu və ya digər dəyişikliyə, yeniliyə şahidlik edirik. Belə olan təqdirdə isə diaspor və lobbiçilik fəaliyyəti aktuallığını daha da artıraraq qarşıya qoyulan əsas hədəflər sırasına daxil olur. Azərbaycanda diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu işinə böyük önəm verirdi. O, xaricə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşər, onlara doğma vətənləri ilə sıx əlaqə qurmağı, Azərbaycan həqiqətlərini dünya ictimaiyytinə çatdırmağı tövsiyə edərdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu məqsədlərə xidmət edirdi”.

Millət vəkilinin sözlərinə görə, hər bir vətəndaş öz dövlətini beynəlxalq arenada təmsil etməyi bacarmalıdır: “Azərbaycan diasporu təşkilatlandıqdan sonra həm dövlətimizin və onun qurumlarının, həm də diaspor təşkilatlarının hədəfi Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını dünyaya çatdırmaq, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq arenada ifşa etməkdən ibarət olub. Bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünyada sayılıb seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Buna əsaslanaraq diaspor fəaliyyəti daim davam etdirilməlidir. Bu gün Azərbaycan diasporu təşkilatlanmış formadadır. Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları yaradılıb, onlar Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışırlar. Son illər dövlətimizin dəstəyi ilə xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bizim diasporun qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, bugünkü reallıqlarımızı dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir.

Bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır. Lakin bununla kifayətlənməli deyilik, biz çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. Parlament və bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Bunu dəfələrlə çağırışlarında Prezident İlham Əliyev də vurğulayıb. Dünyada 50 milyon soydaşımız yaşayır, elə aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha da yüksəklərdən eşidilsin”.

Sevinc Fətəliyeva bildirib ki, xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşadı: “Artıq bu həsrətə son qoyuldu, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vətəni bütöv görmək kimi müqəddəs arzusu gerçəkləşdi. Məhz vətən müharibəsindəki möhtəşəm qələbəmiz nəticəsində xalqımızın, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmləndi. Müstəqillik tariximizdə ilk dəfə Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağda - Şuşada keçirildi. Bu, özlüyündə böyük siyasi əhəmiyyəti olan tarixi hadisədir. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü oldu.

Bu hadisə bütün dünyaya mesaj idi ki, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Şuşada keçirilən qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini bir daha yaşatdı, həmin torpaqları canlı görmək, eləcə də, erməni vandalizmini dünyaya çatdırmaq imkanı qazandırdı. Bu səbəbdən də V qurultay haqlı olaraq Zəfər Qurultayı adlandırılır”.

Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri, diasporumuzun fəal təmsilçisi Billurə Bayramova Bernard yaşadıqları ölkələrdə apardıqları təbliğat işlərindən bəhs edib: “9 il Nigeriyada yaşadıqdan sonra bu ilin avqust ayında həyat yoldaşımın işi ilə bağlı Anqolaya köçdük. Bu illər ərzində Nigeriyada Azərbaycan mədəniyyətinin, tarixinin, mətbəxinin, musiqisinin tanıdılması ilə bağlı bir sıra iri çaplı layihələr həyata keçirdik. Bu layihələr Nigeriyada yaşayan digər ölkələrin vətəndaşları və yerli vətəndaşlar arasında böyük rəğbətlə qarşılandı və Azərbaycan üçün dostlar qazanmağa nail olduq. Bildiyiniz kimi Afrika ölkələri ilə diplomatik əlaqələrimiz demək olar ki, yox səviyyəsindədir. Həm də Afrika ölkələrində yaşayan azərbaycanlıların sayı çox deyil. Avropa ölkələri və Amerika ilə müqayisədə azərbaycanlılar burada azlıq təşkil edir.

Amma buna baxmayaraq ölkələr arasında diplomatik əlaqələrin qurulması çox önəmlidir. Xüsusilə bizim kimi ölkələr üçün bu, çox vacibdir. Çünki bu gün baş verənlər bir daha sübut edir ki, ölkələrimiz arasında münasibətlərin zəif olması hər bir cəhətdən sözümüzü deməyə maneə törədir”.

Diaspor təmsilçimizə görə, qeyri-rəsmi diaspor üzvləri yaşadıqları ölkələrin sadə vətəndaşları ilə bağlarını qurmalı, onlar həyata keçirilən layihələrə cəlb edilməlidir: “Dövlət qurumları, səfirliklər isə öz əlaqələrini daha yüksək arenada qurmalıdır. Qeyri-rəsmi və rəsmi diasporun bir körpünün üzərində addımlaması üçün düzgün bir strategiya yaradılmalıdır. Uzun illər eyni səpkidə işlərin həyata keçirilməsi sonradan uğursuzluğa gətirib çıxarır. Neçə illər bundan öncə digər ölkələrə köç edən azərbaycanlılar ilə bu gün köç edənlər arasında böyük fərqlər var. Bu gün təhsil üçün xaricə gedən gənclərə, insanlara bizim ehtiyacımız var. Amma bu vətəndaşları ətrafımıza toplaya bilirikmi? Yeni və bugünkü dünya ilə uzlaşan strategiyaya, struktura ehtiyac yaranıb. Təbii ki, ölkənin imicini qorumaq üçün səfirliklərimiz, nazirliklərimiz xaricdə yaşayan soydaşlarımızla birlikdə çalışmalı, iqtisadi əlaqələri gücləndirməli, səfirlərimiz təyin olunduqları ölkələrdə əlaqələrin qurulmasını təmin etməlidir”.

Billurə Bayramova Bernard deyib ki, onlar Afrikada yaşasalar da ölkəmizlə bağlı prosesləri diqqətlə izləyirlər: “Xaricdə baş verən bir çox hadisələr ürəkaçan deyildi. Səfirlikərimizə edilən təxribatlar ölkəmizə hücum kimi qəbul edilməlidir. Təəssüflər olsun ki, nə Fransada, nə də İngiltərədə polislər bizim səfirlikləri qorudu. Bu həm də bizlərə bir mesaj idi ki, səfirliklərimizin təhlükəsizliyinin qorunması yönündə də işlər görülməlidir. Bununla bağlı dünya azərbaycanlılarının baş verən hadisələr zamanı həmrəy olması ilə bağlı sosial mediada da məlumatlar yayıldı. Biz bəzən rəsmi və qeyri-rəsmi diaspor işlərini qarışdırırıq. Səfirlik rəsmi qurumdur və orda baş verən hadisələri sadə vətəndaşlar həll etməməlidir. Əgər hər kəs öz işinin məsuliyyətini dərk edərsə, hər bir işimizdə uğurlu ola bilərik. Bununla yanaşı iqtisadi və diplomatik əlaqələrin genişləndirilməsi istiqamətində ciddi işlər görülməlidir. Ölkə olaraq daha böyük layihələrə imza atmalıyıq. Xarici ölkələrə ezam edilən jurnalistlərimiz getdikləri ölkələrin dillərini sərbəst bilməlidir. Xaricdə yaşayan soydaşlarımız düzgün inteqrasiya etməyi bacarmalı, hər bir rəsmi qurum isə işini məsuliyyətlə yerinə yetirməlidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı