Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ilin 27-i sentyabr – 8 noyabr tarixlərində 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. Döyüş meydanında Ermənistan ordusunun darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılaraq, talan edilən, demək olar ki, yerlə yeksan edilən şəhər və kəndlərimizin əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması bir daha bütün dünyaya göstərdi ki, biz erməni işğalı ilə heç zaman barışmayacağıq. Tarixi torpaqlarımızın hərbi-siyasi yolla azad olunması ilə biz təkcə suveren hüquqlarımızı bərpa etmədik, eyni zamanda, əyilmiş qamətimizi dikəltdik, özümüzə hörməti qaytardıq, şərəfimizi xilas etdik, Qarabağda, Şərqi Zəngəzurda işgəncəyə məruz qalan, qəddarcasına qətlə yetirilən şəhid və şahidlərimizin qisasını aldıq. Bu tarixi Qələbə ilə xalqımıza, dövlətimizə açıq və gizli şəkildə edilən təzyiqlərə boyun əymədiyimizi, ədaləti bərpa etmək üçün, doğma tarixi ərazilərimizi işğaldan azad etmək üçün hər bir fədakarlığa hazır olduğumuzu nümayiş etdirdik.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb:
“Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə iyirmi doqquz tam onda səkkiz min kvadrat kilometr ərazisini itirib. 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə isə 2,5 milyon azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlayıb. Əlbəttə ki, bu ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub. Hələ 1993-cü ildə ölkədəki mövcud xaos, gərgin hərbi-siyasi vəziyyət, iqtisadi-siyasi böhran nəinki vətəndaş müharibəsinə, hətta Azərbaycanının siyasi xərtiədən silinməsinə, bir dövlət kimi qalması böyük sual altında idi. Xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya ölkə başçısı İlham Əliyev tərəfindən daha da gücləndirildi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas məqsədi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması üçün idi. Bunun üçün ilk növbədə, ölkəmizin iqtisadi imkanları artmalı, gücləndirilməli idi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edildi, dövlətimizin beynəlxalq nüfuzu gücləndi. 30 ilə yaxın Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərirdi, ərazi bütövlüyümüzə xələl gətirən bütün proseslərin qarşısını alırdı. Lakin eyni zamanda, güclü ordu yaradırdı. Çünki, ulu öndərin dediyi kimi: “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi Azərbaycan Ordusunun 5-ci nəsil müharibəsini aparmaq gücündə olduğunu göstərdi. Şuşa və digər hərbi əməliyyatlar bü gün dünyanın müasir hərb tarixinə düşdü, bir çox ölkələrinin mütəxəssisləri tərəfindən dərində öyrənilir”.
Millət vəkili bilidirib ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlib:
“I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyil. Çünki düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törədib. İşğal bölgəsində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, ibadət yerlərinin təhqir edilməsi xalqımızın məruz qaldığı etnik nifrət və düşmənçilik aktlarının miqyasını göstərən çoxsaylı faktlardan yalnız bəziləridir. İşğaldan azad edilmiş ərazidə Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci ilin noyabrında hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 260 nəfərdən çox azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanıb”.
Komitə sədri bildirib qardaş Türkiyə prezidentinin II Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan etməsi vacib amil idi:
“İki qardaş ölkə arasında münasibətlər müttəfiqlik səviyəsinə yükəslib. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaldıb. Bu müttəfiqlik özünü bütün sahələrdə göstərir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir. Artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilib. Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Şərqlə Qərb arasında əlaqələndirici rol oynayan Azərbaycanın tranzit ölkə kimi potensialının daha da güclənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması, eləcə də yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin işə düşməsi, müvafiq layihələrin həyata keçirilməsi bölgənin logistika mərkəzinə çevrilməsi Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına kömək göstərəcəkdir”.
Hicran Hüseynovaya görə, Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlər yalnız bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında qurula bilər:
“Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətləri, nəticələri hər kəs qəbul etməlidir. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir dövlətin torpağını işğal etməyib, öz torpağında vuruşaraq, şəhid verərərk, qan tökərək, ədaləti bərpa edərək işğala son qoyub. Azərbaycan bütün dünyaya sübut edir ki, o sülhsevər dövlətdir, ləyaqətlə mübarizə aparır, qalib gəlməsinə baxmayaraq, yenə də Cənubi Qafqazda, regionda təhlükəsizlik və inkişaf naminə sülh danışılarına, sülh sazişinin imzalanmasına hazırdır”.