İki il əvvəl şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Bu möhtəşəm qələbədən ötən iki il ərzində ölkə başçısının uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı və Qarabağ Azərbaycandır həqiqətini qəbul edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyinin əhəmiyyətindən bəhs edib: “Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan gücünü, qüdrətini göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu”.
Millət vəkili qeyd edib ki, Vətən müharibəsində azərbaycanlı kimliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi: “44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, “düşmənin başını əzdi”.
Vətən müharibəsi dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə aparıb qalib gəldi. Bu dövrdə ölkə başçısının informasiya cəbhəsində apardığı mübarizəni xalqımız xüsusilə qiymətləndirir. Prezident İlham Əliyevin xarici mətbuata müsahibələrində xüsusi peşəkar və vətənpərvər ritorikası ilə xalqın xüsusi rəğbətini qazandı. Vətən müharibəsi dövründə Prezidentin nitqi, işlətdiyi ifadələr Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu və dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər”.
Tamam Cəfərova Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdiyini, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdığını vurğulayıb: “İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verib. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur, eyni zamanda beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınıb. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olub”.
Milli Məclisin üzvü hesab edir ki, Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı bütövlükdə dünya azərbaycanlılarının vətəni olan Azərbaycan naminə birləşdirib və konsolidasiya edib: “Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir. Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və həyata keçirilən genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcək”.