Politoloq, professor Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan əleyhinə növbəti yalan ittihamlar səsləndirdi. Azərbaycanı Qarabağda “erməni soyqırımı”na hazırlaşmaqda ittiham edən Paşinyan Zəngəzur dəhlizini açmaq kimi öhdəliyinin olmadığını da bildirdi. Sizcə, məğlub ölkənin başçısı bu “cəsarət”i haradan tapır, onu kim qızışdırır?
- Məncə, onu qızışdıranlar açıq kartla oynayırlar. Paşinyanı qızışdıranları tapmaqda çətinlik yoxdur. Ermənistanı qızışdıranların başında Rusiya və onun siyasi rəhbərliyi dayanır. Rusiya həm Ermənistana, həm də separatçılara silah göndərir.
Ermənistanı qızışdıranlardan biri də bizim cənub qonşumuz İrandır. Sözsüz ki, Fransa da bu sırada geridə qalmır. Fransa da Rusiya və İran kimi təxribatçı rolunu oynayır. Bəzi ölkələrin də neytrallıq adı altında prinsipsizlik nümayiş etdirməsi də, Nikol Paşinyanı həvəsə gətirən amillərdən biridir. Paşinyan kapitulyasiya aktını imzalamasından iki il keçdikdən sonra elə bilir ki, hər şey arxada qalıb və bundan sonra nə istəsə danışa bilər, qarşı tərəf buna seyirçi qalacaq.
Prezident İlham Əliyev Şuşadakı çıxışında Ermənistana bir daha xatırlatdı ki, Azərbaycan 10 noyabr bəyanatı üzrə bütün öhdəliklərini yerinə yetirib, Ermənistan isə Qarabağın dağlıq hissəsində hərbi birləşmələrini saxlamasına və Zəngəzur dəhlizini açmamasına görə məsuliyyət daşıyır. Ermənistan yenə də separatçıların və özünün Qarabağın dağlıq hissəsindəki hərbi birləşmələrinə yardım etməkdə və onları qızışdırmaqda davam edir. Üstəgəl, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmək istəmir.
Ermənistan baş nazirinin cavabı çox uğursuzdur. Sülhyaratma prosesinin getdiyi və buna ABŞ-ın qatıldığı bir vaxtda ortamı gərginləşdirən və qarşıdurma yarada biləcək sözlər söyləmək Nikol Paşinyanın əvvəlki peşəsidir. Bu, erməni xislətindən doğan bir hərəkətdir. Bu, proseslərə ciddi ziyan vurur.
- ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş erməniləri təşvişə salıb. Ümumiyyətlə, Ermənistan mətbuatı və ekspertləri bir müddətdir iddia edirlər ki, ABŞ Azərbaycanın xeyrinə vasitəçilik edir. Sizcə, bu belədirmi?
- Ermənilərin belə sözləri adamı təəccübləndirir və əsəbləşdirir. İndiyədək hansı dövlətin və ya qurumun vasitəçiliyi ilə aparılan iş bizim xeyrimizə olub? Biz məsələlərin ədalətli həllinin tərəfdarıyıq. Ölkə prezidentinin dediyi kimi: sülh istəyirik, amma ədalətlisindən. Biz Ermənistan ərazilərini işğal etməmişik. Ermənistan 30 ildən çox bizim ərazilərimizi işğalda saxlayıb, bir milyondan çox soydaşımızı etnik təmizləməyə məruz qoyub, Xocalıda soyqırımı törədib.
Bu dövrdə də kiminsə bizim xeyrimizə hərəkət etdiyini görməmişik. Bir də ki, biz xeyir axtarmırıq. Kiminsə bizim xeyrimizə iş görməsini də istəmirik. Biz beynəlxalq hüquq nə tələb edirsə, onu istəyirik, bütün məsələlərdə ədalətlilik prinsipinin gözlənilməsinin tərəfdarıyıq.
Bizim başqasının torpağında, onun üçün həyati önəm kəsb edən bölgəsində gözümüz yoxdur. Biz sadəcə istəyirik ki, yaxın qonşuluq münasibətləri olsun, münasibətlərdə səmimi olaq, bir-birimizə hiylə gəlməyə çalışmayaq, hər kəs bölgənin rifahı üçün əlindən gələni əsirgəməsin.
İndi Zəngəzur dəhlizinin açılması təkcə bizim xeyrimizə deyil. Bu, daha çox Ermənistana xeyirdir. İndi fars mollalarının, Fransa və ya qeyrisinin sözü ilə bu işi ləngitmək istəyirsən? Onsuz da bu dəhliz açılacaq. Demək ki, qarnınızın ağrısı Azərbaycanın ziyanına olan məsələlərin daha da şişirdilməsidir.
Biz ədalətli və bütün tərəfləri qane edən sülh istəyirik və bu istiqamətdə də çalışırıq.
- Sülh müqaviləsinə dair Rusiya variantı da Ermənistanın gündəmindədir. Erməni mətbuatına inansaq, Paşinyan və Ermənistan status-kvonun saxlanılmasına hesablanmış Moskva variantını dəstəkləyir. Sizcə, bölgədə gərginliyin saxlanılmasına yönəlmiş rus variantı işlək ola bilərmi?
- Xeyr! Rusiya 200 ildir ki, bu bölgədə pozuculuqla məşğuldur. Artıq onlar açıq kartla oynayırlar, hər şeyi açıb ortaya qoyurlar. Biz də belə etməliyik. Rusiya 200 ildir burada ərazilərimizin işğalı ilə məşğuldur. Rusiya bütöv bir xalqı iki yerə bölüb. Azərbaycanı uzun müddət əsarətdə saxlayıb.
Ermənilərdən maşa kimi istifadə etmək üçün onları uzaq yerlərdən bizim ərazilərimizə köçürüblər. Azərbaycanın qəribdə Ermənistan adlı qondarma dövlət yaradıblar. İndiki Ermənistan Azərbaycanın əzəli və əbədi torpaqlarında yerləşir.
Ruslar bölgədəki təsir vasitələrini saxlamaq üçün bütün metodlara əl atırlar. Sülhməramlı adı altında bölgədə yerləşdirdiyi hərbi qüvvələrinin ömrünü uzatmağa çalışır. Halbuki onlar sülhməramlı yox, erməniməramlı qüvvələrdir. Onlar ermənilərin bütün arzularının keşiyində dayanırlar. Eyni zamanda, bu, Rusiyanın bölgədəki geosiyasi maraqlarını qoruyub saxlamaq üçün bir vasitədir.
Son zamanlarda Rusiyadan Azərbaycana qarşı əks-təbliğat halları çoxalıb, Ermənistanın silahlandırılması yenidən vüsət alıb. Rusiyadan təyyarələrlə silahlar Ermənistana İran üzərindən göndərilir. Bundan başqa, Rusiya Gümrüdəki hərbi bazasından Ermənistana silah payı verir və ya Qarabağın dağlıq hissəsinə göndərir. Bir sözlə, bütün parametrlər üzrə Rusiyanın burada pozucu, dağıdıcı hərəkətlərinin şahidi oluruq.
Ruslar və ermənilər hazırladıqları hiyləni Soçidə Nikol Paşinyan vasitəsilə həyata keçirə bilmədilər. Azərbaycan prezidenti qətiyyətlə buna mane oldu. İndi buna görə də yenə başqa vasitələrə əl atırlar, “Putin variantı”nı həyata keçirməyə çalışırlar. Bu variant “Qarabağın statusu”nun müəyyən edilməsini gələcək nəsillərə saxlamağı, yarımçıq sülh müqaviləsi imzalamağı və sülhməramlı adı altında bölgədə yerləşdirilmiş Rusiya hərbi qüvvələrinin ömrünü uzatmağı ehtiva edir. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarına qarşı yönəlib. Sözsüz ki, buna görə Rusiya və Ermənistan və dəst-xətti dəstəkləyir.
Bir sözlə, Rusiyanın irəli sürmək istədiyi variant özündə dağıdıcı prosesi ehtiva edir, məsələlərin həllini ləngitmək və ya bunları çıxmaza salmaqdan ibarətdir. Azərbaycan heç bir vəchlə belə variantları qəbul edə bilməz.
- Sizcə, son gəlişmələr nəzərə alındıqda, problemlər harada həll ediləcək: diplomatik masada, yoxsa döyüş meydanında?
- Biz məsələlərin döyüş meydanında həllnə gətirib çıxaran yeni müharibə istəmirik. İstəyirik ki, bütün məsələlər danışıqlar masası arxasında həll edilsin. Zənnimcə, Avropa Birliyi də buna tərəfdardır. ABŞ-ın da bölgədə sülhün olmasını istədiyini düşünürəm. Eyni zamanda, ABŞ dünyanın hegemon dövləti kimi Rusiyanın bölgədən ayağını kəsmək istəyir.
Çünki Rusiya harada varsa, orada dərd, ağrı, müharibə və xalqlar arasında düşmənçilik var. Bu baxımdan, Avropa Birliyinin başlatdığı və ABŞ-ın da ciddi şəkildə dəstəklədiyi sülhyaratma prosesinin tərəfdarıyıq. Ümid edirik ki, məslələr də bu çərçivədə həll ediləcək.
Əgər Rusiya bölgədə münasibətləri qızışdıracaqsa, yenə də destruktiv fəaliyyətlərə rəvac verməkdə davam edəcəksə, burada qarşıdurma və yeni müharibə ehtimalı olacaq. Biz bütün gəlişmələrə hazırıq.