Özbəkistanının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına ciddi təkan verəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib:
“Bu Zirvə görüşü Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsinin imzalanması ilə nəticələnib. Məhz bu baxımdan da Naxçıvan müqaviləsi Türk Dövlətləri Təşkilatının yaranmasının əsasını təşkil edir. Bu gün türk dünyası Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində vahid məqsədlər ətrafında konsoldasiya olur. Təşkilatın sıraları genişlənir, bütövləşir, əməkdaşlıq dərinləşdirir və inkişaf edir. Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi təşkil edir. Azərbaycan bu sahədə kifayət qədər mühüm işlər görüb, təşkilata üzv olan dövlətlərin hər biri ilə sıx əməkdaşlıq qurub, iqtisadi, siyasi, mədəni və digər sahələrdə möhkəm əlaqələr formalaşdırıb”.
Millət vəkili Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışında türk dünyası üçün əməkdaşlıqla və digər məsələlərlə bağlı vacib məqamları gündəmə gətirdiyini vurğulayıb:
“Türk dünyası böyük bir ailə olduğu üçün burada milli maraqları nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməsi vacibdir. Bu mənada türk dövlətləri arasında siyasi, iqtisadi, ticarət, mədəni, nəqliyyat əlaqələrinin genişləndirilməsi zəruri amil kimi önə çıxır. Eyni zamanda energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri istiqamətində də əməkdaşlığın perspektivləri böyükdür. Bununla yanaşı təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın daha fəal şəkildə qurulması vacibdir. Dövlətimizin başçısı Zirvə görüşündə vurğulayıb ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”. Burada ən vacib məsələlərdən biri odur ki, soydaşlarımız yaşadıqları digər ölkələrdə öz ana dillərində təhsil almaq imkanlarına sahib olmalıdırlar. Təəsüflər olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Əminik ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaq hüquqlarının təmin olunması daim təşkilatın gündəliyində olacaq”.
Tamam Cəfərova bu gün Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələr arasında bütün sahələrdə əməkdaşlığın inkişafından bəhs edib:
“Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının da əsasını qoyub. İnanırıq ki, yaxın gələcəkdə hərbi sahədə də aktiv fəaliyyətin şahidi ola bilərik”.