15 Noyabr 2022 17:54
3 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər rus sülhməramlılarının yerləşdiyi ərazidə məskunlaşan qanunsuz erməni hərbi birləşmələrinin hərəkətində xeyli “aktivlik” müşahidə edilir. Bunu bir qədər araşdırmaq lazımdır. Çünki indi onlar həmin ərazilərdə öz “düşüncələri” ilə müxtəlif cür infrastruktur hazırlayır, kazarma tikir və yaxud hərbi təyinatlı hansısa obyektlər inşa edir. Sözsüz ki, bu, yolverilməzdir və heç bir perspektivi də yoxdur.

Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, rus sülhməramlılarının buradakı missiyası bitəndən sonra ərazilər tamamilə Azərbaycanın nəzarətinə keçəcək: “Ona görə də, onların orada nə etməsindən asılı olmayaraq bunların heç bir mənası yoxdur. Azərbaycan heç bir halda imkan verməyəcək ki, orada separatçılar və rus sülhməramlıları və digərləri nəsə bir iş görsün. Bunu etmək onlar üçün birmənalı olaraq problemdir”.

Hərbi ekspertə görə, Azərbaycan həmin ərazilərin öz nəzarətinə qaytarılmasını qarşısına bir hədəf kimi qoyub: “Bu, ordumuz qarşısında duran mühüm tapşırıqlardan biri hesab edilir. İndi rus sülhməramlılarının nəzarət etdiyi əraziyə fransızların, suriyalıların, rusların, amerikalıların hansısa bir “mütəxəssisləri” gətirməsi yolverilməzdir. Görünür, müharibədən keçən iki il ərzində onlar müəyyən məqsədlərə nail olmaq niyyətindədir. Amma sözsüz ki, bu da çox çəkməyəcək. Bunun qarşısı alınmalıdır və alınacaq. Yaxın günlərdə aparılan danışıqların uğurla bitməyəcəyi təqdirdə Azərbaycanın burada antiterror və digər addımlarla bağlı fəaliyyətini icra edəcək. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında da bu məsələlərlə bağlı konkret tapşırıqlar qoyulub”.

Qeyd edək ki, Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb. Layihə özünü “Xocavəndlə qardaşlaşmış şəhər” elan edən, Fransanın paytaxtı Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Qondarma qurumun rəsmisi Artak Beqlaryan bununla bağlı öz teleqram kanalında yazıb. Erməni mətbuatı isə Xankəndidə “ARMAT” emalatxanalarının sərgisi haqqında məlumat yayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər