12 Noyabr 2022 18:05
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı və oradakı çıxışında səsləndirdiyi məsələlər olduqca əhəmiyyətli idi. Çünki Azərbaycan II Qarabağ müharibəsindən sonra və ondan əvvəlki dövrlərdə türk dünyasının birliyi naminə mühüm töhfələr verib. Sözsüz ki, ölkəmiz bundan sonra da türk dünyasının birliyi, amalları uğrunda öz səylərini səfərbər edəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O hesab edir ki, 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib: “200 milyondan çox insanın bütövlüyünə xidmət edən türk dünyası özlüyündə çox böyük iqtisadi, siyasi potensiala malikdir. Sözsüz ki, türk birliyi həm də hərbi güclərin birləşməsi deməkdir”.

Deputat bu mənada son dövrlər Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyinə diqqət çəkib: “Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə yüksəlib. Azərbaycanın xarici siyasətində əsas prioritet Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Türk dünyası böyük bir ailədir. Burada milli maraqları nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərilməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı istiqamətində ölkələr arasında mühüm perspektivlər mövcuddur. Eyni zamanda təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın fəallaşması qarşıda duran mühüm vəzifələrdən hesab edilir. Sözsüz ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafiyası, sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqları, təhlükəsizliyi də bu gündəmdə olan məsələlərdəndir. Milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı çatıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər