16 Noyabr 2022 09:23
2 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək, iki ölkə arasındakı gərginliyin dialoqla aradan qaldırılmasının önəmindən danışıb. Digər yandan isə molla rejimi Azərbaycana qarşı təxribatçı açıqlamalarını davam etdirir, düşmənlərimizlə əlaqələrini dərinləşdirir. Belə bir fonda iranlı nazirin Bakıya zəngi nəyi dəyişdirəcək?

- Nə bu zəngin, nə də bu danışıqların bir təsiri olacaq. Otuz ildir eyni şeyləri görürük. Bizim daxili işlərimizə qarışırlar, təxribatçı addımlar atırlar. Guya münasibətləri normallaşdırmaq üçün telefon zəngləri edirlər, görüşlər keçirmək istəyirlər. Bunlar heç nəyi həll etmir. İran rejimi siyasətini dəyişdirmir, bunu bilməliyik.

Artıq Azərbaycan hakimiyyətini ritorikasını dəyişdirib. İndiyədək heç nə deyilmirdi, amma artıq rəsmi səviyyələrdə İran rejiminin siyasətindən narazılıq açıq formada dilə gətirilir. İran bizi bezdirdi. Prezident İlham Əliyevin də oradakı soydaşlarımızın hüquqlarının pozulması və İran ordusunun sərhəddə keçirdiyi təlimlərlə bağlı mesajları oldu.

İran rejimi anlamalıdır ki, bizim təsir alətlərimiz daha güclüdür, amma biz heç vaxt rəsmi səviyyədə bu alətlərdən istifadə etməmişik. İran isə ötən otuz il ərzində burada “5-ci kolon” formalaşdırdı, casus şəbəkəsi yaratdı, ərazilərimizin işğal olunmasına və sərhədlərimizin pozulmasına heç nə demədi. Amma biz 44 günlük müharibədə qələbə qazanan kimi qayıtdılar ki, sərhədlər dəyişdirilə, dəhliz çəkilə bilməz. Lazım olmadığı halda Qafanda konsulluq açdılar. Bunların hamısı bizə qarşıdır. Ona görə də artıq Azərbaycan da adekvat siyasət yürütməyə başlayıb.

Münasibətlər elə bir yerə gəlib çatıb ki, İranda rejim dəyişmədikcə, bu münasibətlər də dəyişməyəcək. Hətta onu da bilməliyik ki, İranda əslində konstitusiya və reallığa görə söz sahibi xarici işlər naziri və prezident yox, dini lider və onun ətrafındakı SEPAH generallarıdır. Onların da Azərbaycana münasibətləri bəllidir.

İran prezidenti Azərbaycanla münasibətləri normallaşdırmaq istəsə belə, SEPAH generalları yenə də öz bildiklərini edəcəklər. Ona görə də bu telefon zənginin münasibətləri normallaşdıracağını düşünmürəm.

- ABŞ, İngiltərə və Avropa Birliyi ilə yanaşı, İsrail və Səudiyyə Ərəbistanı kimi regional güclər də İrana qarşı ritorikalarını sərtləşdiriblər. İranın artan təhdidlərinə bu ölkələrdən daha kəskin hədələrlə cavab verilir. Sizcə, baş verənləri necə şərh etmək olar?

- İran özü-özünü bataqlığa sürükləyir. Əlli günə yaxındır ki, İran çalxalanır, iri şəhərlərində küçə yürüşləri davam edir. Amma buna baxmayaraq, rejim heç bir islahat aparmır. Rejim islahata getməyəcək. Çünki bu islahat rejimin sonunu gətirəcək. Üstəgəl, qonşu və region ölkələrinə - Azərbaycana, Səudiyyə Ərəbistanına dil uzadırlar, İraqın şimalını bombalayırlar.

Digər yandan, Ukraynanı bombalamaq üçün Rusiyaya pilotsuz uçan aparatlar verirlər. Bütün bunlar Qərb dövlətlərini narazı salır. Buna görə də ABŞ və Avropa Birliyi İrana yönəlik sanksiyaları sərtləşdirir.

İran nüvə fəaliyyətindən əl çəkmir, bu da İsrail və ərəb dövlətlərini narahat edir. Yəni İranın xarici və təhlükəsizlik siyasəti yaxın və uzaq ölkələrə qarşıdır. Ona görə də belə bir anti-İran bloku formalaşır.

- Mürəkkəbləşən və kəskinləşən qlobal geosiyasi mübarizə Cənubi Qafqaza nə vəd edir? Xüsusən də Rusiyanın Ukraynadakı məğlubiyyətindən sonra diqqətini Cənubi Qafqaza çevirəcəyi ehtimalının müzakirə olunduğu vaxtda...

- Bəli, Cənubi Qafqazda mürəkkəb situasiya yaranıb. Azərbaycanla bağlı da belə bir durum var. Bizim də həll edilməli problemlərimiz az deyil. Ermənistanla danışıqlar aparırıq ki, sülh müqaviləsi imzalansın, sərhədlər müəyyənləşsin, dəhliz açılsın. Qarabağın dağlıq hissəsində də suverenliyimiz bərpa olunmalıdır ki, separatçıları tərksilah edək, Laçın yoluna nəzarəti təmin edək, həmin ərazilərdə qanunlarımız işləsin, üç il sonra rus hərbçilərini yola salaq.

Rusiya ilə münasibətlərdə ciddi suallar yaranıb. İranla münasibətlər göz qabağındadır. ABŞ və Avropa Birliyi ilə dialoqumuz davam edir. Fransanın ermənipərəst mövqeyindən narahatıq. Çinin də burada iqtisadi maraqları var. Amma Çinin fəallığını diqqətdə saxlamalıyıq. Çünki Çin hara iqtisadi yatırımlar edirsə, orada siyasi maraqlarını da təmin etməyə çalışır.

Məsələn, Çin ona böyük borcları olan Mərkəzi Asiya ölkələrində öz ağırlığını artırır. İndoneziyada Çin və ABŞ liderləri arasında görüş keçirildi. Çin ABŞ-la münasibətlərini normallaşdırmağa çalışır, amma bu da çətindir. Çünki Çin Tayvanı ələ keçirmək planından imtina etməyib.

Bir sözlə, Cənubi Qafqaz, ümumiyyətlə, Avrasiyada çox mürəkkəb situasiya yaranıb. Düzdür, əsas diqqət Rusiya-Ukrayna müharibəsindədir, amma Cənubi Qafqazda da sular bulanıqdır. Bu durumda ən yaxşı ssenari Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması olardı. Bunun davamı olaraq “Qafqaz Evi” yaradılardı. Çünki Gürcüstan da vasitəçi olmaq istəyir. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir. Amma bölgədə sülhün yaxın gələcəkdə bərqrar olacağını düşünmürəm.

O qədər də optimist deyiləm ki, bəzilərinin dediyi kimi, ilin sonuna qədər sülh sazişi imzalanacaq. Sülh sazişinin imzalanması üçün əvvəlcə bunun mətninin üstündə iş getməlidir. Bunun üçün də işçi qrup olmalıdır, amma hələ bunların heç biri yoxdur.

- ABŞ da fəallıq göstərir. Dövlət katibi Entoni Blinken növbəti dəfə Ermənistan Baş naziri Nikol Paşinyana zəng etdi. Amma Ermənistan mətbuatına inansaq, ABŞ-ın aktivliyi bir o qədər də ermənilərin xoşuna gəlmir. Söhbət Azərbaycanın xeyrinə olduğu iddia edilən “Vaşinqton sənədi”ndən gedir. Sizin bu haqda fikriniz necədir?

- Bölgədə regional ölkələrlə yanaşı, ciddi xarici oyunçular da var. Rusiya müharibədən əvvəl burada təkbaşına siyasətini yürütməyə çalışırdı, Cənubi Qafqazı “arxa bağça”sı hesab edirdi. Amma müharibədən sonra durum dəyişib. Bölgədə artıq Türkiyə də var, Rusiya bunu qəbul edir, Ermənistan da razılaşmaq məcburiyyətindədir.

Bölgədə Avropa Birliyi də var. Artıq Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə liderlər dörd dəfə görüşüblər, bu ay növbəti dəfə görüşəcəklər. Bölgədə ABŞ da var. Blinken dəfələrlə İlham Əliyevlə, Paşinyanla, Ceyhun Bayramovla, Ararat Mirzoyanla telefonda danışıb. Eləcə də Blinken iki dəfə Vaşinqtonda xarici işlər nazirlərinin görüşlərinə vasitəçilik edib. Vaşinqton bununla Rusiyanı başa salmağa çalışır ki, bölgədə tək deyilsən, biz də varıq. Rusiyadan fərqli olaraq, ABŞ həqiqətən də bölgədə sülh, əməkdaşlıq və regional layihələrin genişlənməsini istəyir.

Rusiyanın maraqları fərqlidir. Rusiya istəyir ki, qarşıdurma mühiti və hərbçiləri burada qalsın, Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa edə bilməsin, bu konflikt vasitəsilə hər iki ölkəyə təzyiq göstərə bilsin. Amerikanın belə bir dərdi yoxdur. Düzdür, Amerikada bəzi ermənipərəst dairələr var ki, onların fəallığı bizi narahat edir, amma rəsmi Vaşinqton Azərbaycanla sıx əməkdaşlıq edir, ərazi bütövlüyümüzü dəstəkləyir. Bu baxımdan, ABŞ-ın vasitəçiliyi bizim üçün faydalıdır.

Əlbəttə, ABŞ-ın bu fəaliyyəti Ermənistan üçün də faydalıdır. Əgər Paşinyan Ermənistanı Rusiyanın nökərçiliyindən qurtarmaq istəyirsə, Avropa Birliyi və ABŞ-la əməkdaşlığı genişləndirməlidir. Düzdür, Ermənistanda Rusiyaya bağlı olan və buna qarşı çıxan qüvvələr var, amma Paşinyanın daxildə əli güclüdür. Hələlik daxildən ona heç bir təhlükə yoxdur, cəmiyyətin böyük əksəriyyəti də onu dəstəkləyir. Yəni istəsə, Amerika ilə yaxınlığı daha da artıra bilər.

Fikir verin ki, bu bir il ərzində nə qədər erməni nazir Vaşinqtona səfər edib. Paşinyan Vaşinqtonla dialoqu genişləndirir. Mənə elə gəlir ki, ABŞ-ın bölgədəki fəallığı sülhü yaxınlaşdıra bilər. Sadəcə olaraq, burada oyunu pozan Rusiyadır.

- Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı referenduma hazırlaşdığı bildirilir. Bu məsələ ilə bağlı bizi maraqlandıran əsas nüans Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının çıxarılıb-çıxarılmayacağı ilə bağlıdır. Sizcə, bu ehtimal nə qədərdir?

- Bir neçə il əvvəl Serj Sərkisyan da referendum keçirmişdi. Sərkisyanın prezident kimi səlahiyyət müddəti bitmişdi. Konstitusiyanı dəyişdi ki, səlahiyyət parlamentə keçsin, özü də baş nazir olsun. Amma bu planı baş tutmadı, Paşinyan mitinqlərlə buna mane oldu. Nəticədə kürsü seçki yolu ilə Paşinyana çatdı.

Bəli, indi Paşinyan Azərbaycan və Türkiyə ilə sülh istəyirsə, bu iki ölkəyə qarşı ərazi iddialarının konstitusiyadan çıxarılmasına nail olamalıdır. Prinsipcə, Paşinyan daxilən anlayır ki, bu iki böyük dövlətlə düşmənçilik Ermənistanı uçuruma aparır. Anlasa da, bu siyasətindən vaz keçmir. Fərqli-fərqli açıqlamalar, bəyanatlar verir, gah gücünün olmasına baxmayaraq, bizi hədələməyə çalışır, gah da sülhdən danışır. Paşinyanın konkret nə istədiyi bəlli deyil. Ona görə də sülh sazişi ilə bağlı nəsə demək çətindir.

Referenduma gəldikdə, inanmıram ki, yaxın müddətdə belə bir qərar versin. Çünki indi onun siyasi, iqtisadi və hərbi kimi başqa problemləri var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər