“Bu, strateji savaşdır, təkcə Rusiya-Ukrayna arasındakı savaş deyil, yeni dünya nizamı ilə bağlıdır. Geopolitk qarşıdurmanın həlledici mərhələsinə daxil olması ilə əlaqədar kollektiv Qərblə Rusiya arasında gedən müharibədir. Öncədən də qeyd edirdik ki, bu, zamana yayılacaq, qüvvələrin tükənməsinə hesablanacaq. Bu proses də gedir. Faktiki zamana yayılıb, Rusiyanın qüvvələrinin tükənməsinə hesablanıb. Bu savaş Rusiya tükənib təslim olana qədər davam edəcək”.
Bunu Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər Rusiya-Ukrayna müharibəsi haqqında danışarkən deyib.
Partiya sədri Xersonun azad edilməsinə toxunaraq bildirib ki, öncədən Ukrayna ordusunun avqustun sonları sentyabrın əvvəllərindən əks-hücum kampaniyasına başlayacağı gözlənilən idi:
“Putin bu müharibəyə girişməklə ABŞ başda olmaqla kollektiv Qərbin tələsinə düşdü. 24 fevralda hücum əmrini verməklə siyasi-strateji məğlubiyyətinə imza atdı. İndi söhbət hərbi məğlubiyyətin nə vaxt baş verəcəyindən gedir. Faktiki hərbi-strateji təşəbbüsü də itirib. Bunun bariz nümunəsi Kiyevdən, Çerinkovdan, Sumdan çəkilməsi oldu - nəhayətdə Xerson biabırçılığı. Amma Rusiya böyük millitarist dövlətdir. Rusiya hərb maşını köhnəlmiş olsa da, miqyaslı maşındır. Yəni sadaladığım məğlubiyyətlə sınan deyil. Mənə elə gəlir ki, Melitopol hücumu və Rusiyanın işğalı altında olan ərazinin ikiyə ayrılması sınma nöqtəsi ola bilər. Zənnimcə, Bradyanski, Melitopol, Mariupol istiqamətində yarma əməliyyatı uğurla başa çatarsa və Ukrayna ordusu Azov dənizi sahillərinə çıxarsa, bu halda Kerc körpüsü də sıradan çıxacaq, üstəlik Krımdakı hərbi birləşmələr operativ mühasirəyə düşəcək”.
Sülhəddin Əkbər ehtimal edir ki, Ukrayna ordusunun növbəti operativ hədəfi yuxarıda qeyd etdiyi istiqamət olacaq:
“Əgər dördüncü hücum əməliyyatı da uğurla başa çatarsa, Rusiya hərb maşınında sınmanın açıq əlamətlərini görəcəyik. Bir daha qeyd edim ki, Rusiya ola bilsin ki, bundan sonra da sona qədər gedəcək. Putin bilir ki, bu, onun həm də sonudur. Bu səbəbdən də sona qədər vuruşmağa çalışacaq. Amma sona qədər rus hərb maşınını idarə edə biləcəkmi, yoxsa etməyəcək və ya səhhəti necə olacaq? Əlbəttə, buna birmənalı cavab vermək doğru olmazdı. Zamanla bunu biləcəyik”.