Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Fransa parlamenti Azərbaycan əleyhinə növbəti dəfə hansısa bir absurd qətnaməni qəbul etməyi planlaşdırır. Bu ölkə separatçıların xilası üçün son cəhdlərini edir. Sizcə, Qarabağ mövzusunun bitdiyi indiki şəraitdə yenidən bu məsələyə qayıtmaqda məqsəd nədir?
- Bu qüvvələr üçün “iki Qarabağ” var. Birinci Qarabağ 30 il erməni işğalı altında olan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, Ordumuzun sücaəti ilə azad edilən və əsl sahiblərinə qayıdandır. İkinci “Qarabağ” isə bu qüvvələr üçün alət olandır. Erməni lobbisinin əlində oyuncaq kimi istifadə edilən, bunun hesabına deputatlıq kreslosu əldə edilən, bütün naz-nemətləri bunun vasitəsi ilə əldə edən və başqalarını şantaj eetmək üçün istifadə olunan bir “Qarabağ” var. Əslində Fransa senatında birinci Qarabağ haqqında heç düşünmürlər. İkinci “Qarabağ” onlar üçün tamamilə başqa bir məsələdir. Çünki bunun hesabına onlar siyasətə gəlir, yazıq imic alıb pullar yığır, bir çox imtiyazlar əldə edirlər. Belə olan halda təbii ki, onlar bundan əl çəkməzlər. Ona görə də indi Fransa çox çətin bir durumdadır. Bir tərəfdən düşüncəsi olan insanlar anlayırlar ki, nəhayət bu iki “Qarabağ” içərisində seçim etmək lazımdır. Onlar məhz o Qarabağa üstünlük vermək istəyirlər ki, orada insanlar yaşayır, sülh istiqamətində Azərbaycan fəaliyyət göstərir. Amma onlar üçün elə bir quyu qazılıb ki, ikinci “Qarabağdan” da əl çəkə bilmirlər.
- Necə düşünürsünüz, Fransa bu gün Azərbaycana münasibətdə növbəti dəfə pozucu hərəkətə yol verəcək? Söhbət Fransa parlamentində müzakirəyə çıxarılacaq ölkəmiz əleyhinə qətnamə layihəsindən gedir...
- Əslində bu proses Azərbaycana deyil, onlara mənfi təsir göstərəcək. Prezident İlham Əliyev Fransa Prezidenti Emannuel Makronla telefon danışığında bir daha vurğuladı ki, vasitəçi olmaq istəyirsinizsə, obyektiv, neytral olmalısınız. Burada tərəf tutulmamalıdır. Amma Fransanın bu mövqelərə adekvat ola biləcəyi məsələsi açıq qalıb. Belə olan halda onun vasitəçi missiyası da sual altına düşür. Hər halda buna böyük şübhələr var. Ona görə də bunlar gündə bir dəfə Qarabağla bağlı mövqelərini dəyişirlər. Qarabağla bağlı onlar digər maraqlarını reallaşdırmağı düşünürlər.
- Həmin uydurma sənəddə Azərbaycan Ermənistana qarşı “işğalçı siyasət" aparmaqda ittiham olunur. Hətta Qarabağda Fransanın Humanitar Ofisinin açılması kimi təkliflər də yer alıb. Açıq şəkildə Azərbaycan Beynəlxalq Məhkəməyə verilməklə hədələnir. Bunlar nə dərəcədə məntiqli yanaşmalardır?
- Belə bir deyim var “yalan nə qədər dəhşətlidirsə, bir o qədər ona inanmaq da asandır”. Ona görə də bu gün həmin o absurd sənədlər sərtdirsə, bir o qədər onlar daha çox özlərini yüksəldə bilirlər. Sanksiyalar, Qarabağda ofis açılması, Azərbaycanın xaricdə olan vəsaitlərinin dondurulması və s. kimi absurd məsələlər bunların bəd niyyətində olan iddialardır. Görün nə qədər bataqlığa düşüblər ki, bu cür sənədi özünə hörmət edən Fransa senatı müzakirə edib qəbul edir. İndi bir daha təsəvvür edirsinizmi ki, onlar nə dərəcədə erməni lobbisinin girovuna çevriliblər.
- Fransa parlamenti 2020-ci il noyabrın 25-də uydurma artsaxın tanınması haqda da qərar çıxarmışdı. Lakin sonradan bu, kağız üzərində qaldı. Yəni, Fransa hökumət bunu təsdiqləmədi. Bu dəfə də eyni ssenarinin təkrarlanması gözlənilirmi?
- Böyük ehtimalla eyni vəziyyət olacaq. Amma burada bir məsələni də unutmaq olmaz ki, Qarabağla bağlı cəhdlər hamı üçün uğursuz yekunlaşır. Bir müddət öncə Fransa prezidentliyinə namizəd Valeri Pekres Ermənistana, hətta Qarabağa da gizli yollarla gedib çıxmışdı. Sinəsinə döyürdü ki, bu işləri görəcəm. Amma o seçkidə uduzmaqla yanaşı elə bir borca düşdü ki, indiyə qədər bundan qurtula bilməyib. Ondan sonra isə biz Nensi Pelosinin Ermənistana səfərini qeyd etməliyik. O da gəlid boş-boş danışdı, ermənilərə çoxlu vədlər verdi. Bundan sonra o da qatıldığı seçkiləri biabırçı şəkildə uduzdu. Bütün bunlar onu göstərir ki, bu tip adamlar Qarabağ məsələsinə özləri üçün sonuncu xilas ünvanı kimi baxırlar. Çünki onlar erməni lobbisinin səslərini yığmaq üçün bura gəlmişdilər. Onların erməni xalqı və ona kömək qətiyyən maraqlandırmır. Eyni ssenari Fransa senatı üçün də keçərlidir. Gəlib-gəlib yekunda uduzurlar. Ona görə ki, əllərində başqa “alət” qalmayıb. Onların erməni seçiciləri maliyyələşdirir ki, get Qarabağa, bəlkə nəsə bir kömək oldu. Amma bunlar da kömək etmir. Çünki indi vəziyyət, dünya, ən əsası isə Azərbaycan dəyişib.
- Regionun açar ölkələri olan Azərbaycan və Türkiyə ilə əlaqələri pozmaq Fransaya nə vəd edir?
- Müasir dünyada müstəqil güclü, təsir imkanlarına malik, regional amilə çevrilən ölkəni sevmirlər. Biz indiki şəraitdə Fransanı bir kənara qoyub İranın davranışlarına nəzər salsaq, bunu aydın görə bilərik. İran çox yaxşı anlayır ki, Azərbaycan-Türkiyə birliyi böyük bir gücdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini imzalamasından sonra parlamentdə dediyi kimi: “Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür". Məhz bu gücə qarşı indi onlar müqavimət göstərmək istəyir. İndiki şəraitdə bir tərəfdən İran, digər tərəfdən Fransa, başqa bir yandan isə Rusiya bu gücə qarşı çıxır. Onlar güclünün olmasını istəmirlər. Amma biz güclü şəkildə o hədəfləri dəf edərək istədiyimizə nail olmalıyıq. Azərbaycan da bu məsələləri həll etmək iqtidarındadır.