Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Avrasiya Alyansının Moskvada keçirilən VII Toplantısında iştirak edib.
Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.
Çıxışı zamanı Səbinə Əliyeva Rusiya Federasiyasının Federal Ombudsmanı Tatyana Maskalkovaya tədbirdə iştirak üçün dəvətə, eyni zamanda pandemiya dövründə vətəndaşlarımızın hüquqlarının, o cümlədən, sağlamlıq hüququnun müdafiəsi istiqamətində göstərdiyi həssas yanaşmaya, habelə müxtəlif dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsinə, üzləşdikləri problemlərin çevik və operativ həll edilməsində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
Müvəkkil tədbir iştirakçılarına Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi və təmini istiqamətində, habelə milli preventiv mexanizm qismindəfəaliyyəti barədə geniş məlumat verib. O, həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti haqqında danışarkən, 2021-ci ildə Aparatın strukturunda Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradıldığını da qeyd edib. S. Əliyeva onun təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində ölkə üzrə hüquqi maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.
S. Əliyeva habelə Aparatda yaradılmış digər yeni struktur bölməsi olan İnformasiya əldə etmək hüququnun müdafiəsişöbəsinin fəaliyyəti barədə, informasiya əldə etmək hüququnun təmini sahəsində həyata keçirilən tədbirlər barəə məlumat verib.
Görüşdə Ombudsman milli insan hüquqları təsisatları, xarici ombudsmanlar habelə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən digər beynəlxalq və regional təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində birgə layihələr həyata keçirildiyini diqqətə çatdırıb.
O, həmçinin insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Azərbaycan Ombudsmanının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər barədə məlumat verib.
Yekunda Azərbaycan Ombudsmanı S. Əliyeva milli insan hüquqları təsisatlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələrin və fikir mübadilərinin aparılmasının, habelə birgə tədbirlərin təşkil edilməsinin vacibliyini vurğulayıb.