Fransa senatinin senator Natali Qule istisna olmaqla 295 üzvünün Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə tamamilə qeyri-obyektiv, beynəlxalq hüquqa zidd, məhz erməni lobbisinin tapşırıqlarının icrasından irəli gələn “sənəddir”. Belə bir qətnaməni qəbul etməklə ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verdiyini bir daha nümayiş etdirdi. Fransa senati bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, münaqişəni, işğalı dəstəklədiyini, soyqırım müdafiəçisi olduğunu göstərdi.
Bunu Teleqraf.com-a Fransa senatının Azərbaycanla bağlı məlum “qətnaməsini” şərh edən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Fransanın bu “mövqeyi” heç bir təəccüb doğurmur: “Çünki terror, işğal, soyqırım bu ölkənin tarixinin mühüm bir hissəsini təşkil edir. Əlcəzairdə törətdiyi soyqırımı, Yeni Kaledoniya və Mayyottadakı müstəmləkə siyasətini xatırlamaq Fransanın iç üzünü, riyakar və işğalçı simasını görmək üçün kifayətdir. Həmin o Fransadır ki, Əlcəzairdə 5 milyon mina basdırıb. Fransanın Əlcəzairdə törətdiyi soyıqırıma Fransada bu günə qədər rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib. Halbuki, təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Ümumilikdə isə 1,5 milyon insan Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar, qeyri-mütənasib güc tətbiqi nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlilər "Fransanın ərəb Müsəlmanları" adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Təəccüb və bir o qədər də gülüş doğuran məsələ ondan ibarətdir ki, qəbul edilən qətnamə layihəsində “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya istinad var. Tarixi qara səhifələrlə dolu olan bir dövlətin işğalçılıqdan və irqi ayrıseçkilikdən danışması absurddur. Fakt odur ki, Fransa dövlət və qanunverici orqan səviyyəsində erməni lobbisinin oyuncağına, əlaltısına çevrilib”.
Tamam Cəfərova hesab edir ki, rəsmi Parisin mövqeyində islomofob, azərbaycanofob, türkofob, irqçi yanaşma var: “Azərbaycan son günlər ölkəmizə qarşı artan məqsədli destruktiv, selektiv, qərəzli münasibətə qarşı siyasi müstəvidə uğurlu mübarizəni davam etdirir. Beləki, Fransanın qərəzli, selektiv siyasətinə qarşı Azərbaycan Xarici İşlər Nazirliyi dərhal nota verib. “Qətnamədə” qeyd olunmuş əsassız, yalan və qərəzli iddialar qətiyyətlə rədd edilib. Həmçinin, Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı Bəyanat qəbul edib”.